Gürcüstanda iki gündür ki, keçirilən etiraz aksiyalarının arxasında xarici dairələrin durması barədə müxtəlif iddialar səslənməkdədir. Bəziləri bunu Rusiyanın planı hesab etdiyi halda, müəyyən qism isə Gürcüstan hadisələrinin arxasında Qərbin durduğu qənaətindədir. Elə politoloq Elxan Şükürlü də belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şükürlü deyib ki, Ukrayna ilə həlledici döyüşə hazırlaşan Putin Rusiyasının qüvvələrini parçalamaq və resurslarını digər cəbhələrə yönəldib tükəndirmək məqsədiylə Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki dəhliz-regionda – Cənubi Qafqazda və Orta Asiyada da vəziyyəti gərginləşdirmək xətti seçib:
"Paşinyan Ermənistanını Azərbaycanla sülh sazişindən yayındırmağa və ən azından, Türkiyədəki 14 may seçkilərinin nəticəsi məlum olanadək uzatmağa çalışan Qərb, mövqelərinin hələ güclü olduğu daha bir Cənubi Qafqaz respublikasında - Gürcüstanda da ictimai etirazların əsas körükləyicisi və təhrikçisi kimi çıxış edir. Çünki Qərbdə yaxşı bilirlər ki, Qaribaşvili hökuməti hazırda etirazların əsas səbəbi kimi göstərilən “Xarici agentlər haqqında” qanunu qəbul edərsə, bu, Qərb xüsusi xidmət qurumlarının Gürcüstan üzərindən digər yaxın ölkələrə rahat çıxış imkanlarını xeyli məhdudlaşdıracaq".
O deyib ki, hazırda ictimai etirazların genişləndirilməsi yoluyla Qərb, bir tərəfdən, bu qanunun qəbulunu əngəlləməyə çalışırsa, o biri tərəfdən də aksiyaların Rusiya ilə qarşıdurmadan yayınan və Rusiya əleyhinə sanksiyalara qoşulmayan Qaribaşvili hökumətinin devrilməsinədək inkişafında, Rusiyanın qulağının dibində daha bir tonqalın alovlanmasında aşkar maraqlı görünür:
"Xatırlayırsınızsa, Münhen konfransında ilk dəfə olaraq keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin görüşündə aparıcının prezident Əliyevə, baş nazir Qaribaşviliyə və baş nazir Paşinyana ünvanladığı, cavab almağa çalışdığı əsas sual məhz Rusiya-Ukrayna savaşına tərəflərin mövqeyi idi. Gürcüstanın baş naziri Qaribaşvili cavabında açıq şəkildə Qərbi suçlayaraq, onları indi Ukraynaya verdikləri qədər dəstək verməməkdə qınamış və ardınca da xüsusi vurğulamışdı ki, ərazilərinin Rusiya tərəfindən işğalına baxmayaraq, onlar problemin yalnız sülhlə həllinə tərəfdardılar. Yəni, Rusiyaya qarşı yeni cəbhənin Gürcüstandan açılmasını istəmirlər. Qərbə isə regionda sülh yox, Rusiya ilə döyüşə biləcək yeni “sovet respublikası”, yeni qaynar cəbhə gərəkdir".
Mehman