"Gürcüstan hakimiyyətinin "xarici agentlər" haqqında qanun qəbul edilməsinə cəhd etməsi və müxalifətin etirazlarından sonra həmin qanunu geri götürməsi iqtidarın yaranmış gərginliyin artmasında maraqlı olmadığı qənaətini hasil edir. Bu hadisələrin Qərblə Rusiya qarşıdurması kontekstindən qiymətləndirilməsi faktı məntiqə uyğun gəlmir".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, məsələ ondadır ki, gərginlik rusyönlü hakimiyyət tərəfindən yaradılıbsa, deməli, gərginliyin mənbəyi Qərb deyil:
"Amma ümumən proseslər təbii ki, Qərblə Rusiya qarşıdurmasıdır. Xaricdən gələn maliyyənin qarşısını almaq təbii ki, Qərblə olan əlaqələri zəiflətmək və qarşısını almaq məqsədi daşıyır. Bu da Rusiyanın maraq dairəsində olan işdir.
Qanunun qəbul edilməsinin geri götürülməsi bir daha onu göstərir ki, Rusiyanın çəkingənliyinin real mənbəyi vardır, çünki bunu hakimiyyətə vadar edən Qərbyönlü müxalifətin bazası da güclüdür".
Politoloq hesab edir ki, Qərb-Rusiya gərginliyinin Cənubi Qafqazda davam etməsində olan maraqlar məntiqlə mümkün hal olsa da, region ölkələrinin bu gərginlikdə maraqlı olmadığı təbiidir və təcrübə ilə sabitdir:
"Bu baxımdan region ölkələrində hər hansı səbəbdən yarana biləcək gərginliyi kənardan idarə etmək cəhdləri olub və olacaq. Amma Gürcüstanın şəxsən Rusiya-Qərb qarşıdurmasını öz üzərinə hiss etmiş ölkə kimi öz yolunu sərbəst gedəcəyindən əminik".
Anar