“İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Məclisə təsdim etdiyi illik məruzə ilə tanış olarkən, ilk baxışda sənədi insan haqlarının müdafiəsinə məsul bir şəxsin yox, hökumətin hansısa nazir və ya nazirliyinin hazırladığı təəssüratı yaranır”.
Bunu Newscenter.az-a Azərbaycan Yüksəliş Partiyası Başqanının İnsan haqları və QHT ilə iş üzrə müavini Gülşən Hacıyeva bildirib.
Onun fikrincə, Ombudsmanın məruzəsindən məlum olur ki, ölkədə insan hüquq və azadlıqları sahəsində heç bir problem yoxdur, ortaya çıxan kiçik nöqsanlar da dərhal həll olunur: “Söz yığınından ibarət 103 səhifəlik sənəddə ölkədə hüquqları hər addımda pozulan, yoxsulluğa məhkum edilən, təhsilini, həyatını davam etdirmək üçün olmazın əziyyətlərini çəkən vətəndaşların durumuna, onların problemlərinin həlli üçün təklif və tələbə rast gəlmədik.
Ancaq Müvəkkil sənədin sonunda irəli sürdüyü təklif və tövsiyələri ilə özü də fərqində olmadan ölkədəki acınacaqlı durumu göstərmiş olub. Təklif və tövsiyələrdə vətəndaşların təhsili, dərman preparatları, işlə təmin olunması, pensiya yaşı, sosial müavinətlərin verilməsi, əlilliyin müəyyən edilməsi zamanı qeydə alınan süründürməçilik və başqa sahələrdə çox ciddi problemlərin olduğu açıq-aydın görünür. Müvəkkil bir çox sahədə problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürübsə, deməli, ölkədə insan hüquq və azadlıqları sahəsində vəziyyət heç də ürəkaçan deyil”.
Başqan müavini qeyd edib ki, Ombudsman illik məruzəsində heç bir ciddi səbəb olmamasına baxmayaraq, 3 ildir, bağlı qalan quru sərhədlərin açılmasına heç toxunmayıb.
“Halbuki bu məsələ çox ciddidir, vətəndaşlarımızın quru yolla ölkəyə giriş və ölkədən çıxış hüquqlarının məhdudlaşdırılması ağır nəticələrə gətirib çıxarır.
Səbinə Əliyeva ya bilmir, ya da unudur ki, fevralın 6-da qardaş Türkiyədə baş vermis zəlzələ nəticəsində Malatya universitetlərində təhsil alan 4 tələbəmizi itirməyimizin səbəblərindən biri də quru sərhədlərin bağlı olması idi. Təyyarə biletlərinin qiymətlərinin əlçatmaz olduğu heç kimə sir deyil. Quru sərhədlər açıq olsaydı, o gənclərimiz tətil zamanı heç olmasa, avtobusla Azərbaycana dönə bilərdilər.
Deməyimiz odur ki, quru sərhədlərin açılmaması insanlarımıza təkcə maddi ziyan vurmur, bəzən onların ölümünə də səbəb olur. Amma Müvəkkil insanın ən təməl haqqı olan yaşamaq hüququnun əlindən alınması kimi ağır nəticəyə gətirib çıxaran bu məsələyə heç toxunmayıb. Bu da onu göstərir ki, Ombudsman institutu vəzifəsini yerinə yetirmir”.
Mehman