Belarus Prezidenti Aleksandr Lukaşenko dünən İrana səfər etmiş, həmkarı İbrahim Rəisi ilə görüşmüşdü. Liderlərin qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə etdikləri bildirilib.
İddialara görə, dövlət başçıları, həmçinin İranın Belarusa "Şahed" PUA- larını satması məsələsini müzakirə ediblər.
Lukaşenko bundan əvvəl Çinə getmiş, həmkarı Si Cinpinlə görüşmüşdü. Qarşıdakı günlərdə isə Si Cinpinin Rusiyaya səfəri planlaşdırılır.
Görünür, Moskva- Pekin- Tehran üçbucağında əməkdaşlıq güclənir. Minsk isə bu üçbucaqda daha çox vasitəçi kimi istifadə olunur.
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin müharibəyə qoşulmaq üçün xeyli vaxtdır Lukaşenkoya təzyiq edir. Belarus hələ ki, Rusiyaya müqavimət göstərir. Çünki Lukaşenko başa düşür ki, müharibəyə qoşularsa, Qərbin sanksiyaları ilə üzləşəcək. Əlbəttə, bu sanksiyalara tab gətirmək üçün Minskin resursları Moskvanınkından daha azdır.
İkinci bir tərəfdən, Lukaşenko bilir ki, hansısa formada Putinin işinə yaramalıdır. Əks halda Belarus bu dəfə Rusiyanın "məngənəsində sıxıla bilər".
Son vaxtlar Rusiyanın İran, Çin və Şimali Koreyadan silahlar almasına dair iddialar artır. Bu, Rusiyaya təzyiqlərin artırılmasına səbəb olmaqla yanaşı, həm də bu dövlətin beynəlxalq aləmdəki imicini daha da azaldır. Dünyanın ikinci böyük ordusuna sahib dövlət indi başqa ölkədən silah alırsa, deməli, durumunun ağır olduğunuz etiraf edir. Əgər adı çəkilən dövlətlərdən silahları Belarus alar və sonra Rusiyaya ötürərsə, bu zaman Kreml üçün problem xeyli dərəcədə aradan qalxmış olar. Beləliklə, Lukaşenko Putinin maraqlarını təmin etməklə yanaşı, həm də canını müharibəyə birbaşa qoşulmaqdan qurtara bilər. Yəqin ki, yaxın gələcəkdə dörd dövlət arasında təmaslar intensivləşəcək.
Belarus Rusiya, İran və Çin arasında vasitəçilik missiyasını uğurla yerinə yetirməklə "yaxasını kənara çəkə bilər".
Kənan Novruzov-siyasi ekspert