Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal Bakı Forumunun kürsüsündən səsləndirilən çağırışlar

Qlobal Bakı Forumunun kürsüsündən səsləndirilən çağırışlar


Qlobal geosiyasi təlatümlərin yaşandığı və yeni dünya düzəninin formalaşması prosesinin olduqca ağrılı formada cərəyan etdiyi hazırkı kritik məqamda Azərbaycan kimi gənc müstəqil ölkələrin Qoşulmama Hərəkatının Zirvə toplantısının, Qlobal Bakı Forumlarının keçirilməsində təşkilatçı rolunda çıxış etməsi, ev sahibliyi missiyasını üzərinə götürməsi fövqəladə dərəcədə əhəmiyyətli məsələdir. Martın 9-da paytaxtımızda baş tutan “Dünya bu gün: Çağırışlar və ümidlər” adlı X Qlobal Bakı Forumuna da ilk növbədə bu prizmadan yanaşmaq lazımdır.

İstər ən yaxın qonşuluğumuzda, istərsə də dünyada bizə qarşı düşmən mövqeyindən çıxış edən bəzi ölkələrin (xüsusən də İran və Fransanın) müxtəlif təxribatlara əl atdığı bir məqamda Bakının qlobal tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilməsinin özü də ölkəmizə əlavə üstünlük qazandırır. Dünya miqyasında aktual məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumu kimi tədbirlər həm ölkəmizin piarı baxımından, həm də anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı informasiya savaşını təsirsiz hala gətirmək, haqlı mövqeyimizi hər kəsin diqqətinə çatdırmaq nöqteyi-nəzərindən mühüm praktik əhəmiyyət kəsb edir. Bu mənada, mən 60 ölkədən 50-dən artıq hazırkı və sabiq prezidentlərin, baş nazirlərin, Nobel mükafatı laureatlarının iştirak etdiyi belə bir mötəbər beynəlxalq konfransın imkanlarından maksimum dərəcədə səmərəli istifadə etdiyimizi zənn edirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu dəfəki Qlobal Bakı Forumu həm də ona görə yaddaqalan oldu ki, ermənilərin iziylə gedən, dahi mütəfəkkirimiz Nizami Gəncəvini “farslaşdırmağa” çalışan İrana bu forumun kürsüsündən ən yüksək səviyyədə tutarlı cavab verildi. Belə ki, Prezident İlham Əliyev Forumun açılışında etdiyi çıxışında bəyan etdi ki, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Dövlət başçımız bu bəyanatı səsləndirməklə bir daha Nizami Gəncəvi irsinin Azərbaycan ədəbiyyatının ayrılmaz parçası olduğunu diqqətə çatdırdı və İran rəsmilərinin bu istiqamətdəki iyrənc spekulyasiyalarına da son qoydu.

Cənab Prezident Forumdakı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasınakı ərazilərimizdə yaşayan mülki ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı məsələlərə də aydınlıq gətirdi. Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması perspektivindən danışan dövlət başçımız haqlı olaraq bildirdi ki, hazırda sülh üçün vaxt yetişib. Lakin Ermənistan müstəqil dövlətçilik mövqeyini itirdiyinə görə yekun sülh sazişinin imzalanması süni surətdə ertələnir.

Prezident İlham Əliyevin çıxışında bir məqam da xüsusilə əhəmiyyətli idi. O, Azərbaycanın çoxkonfessiyalı və çoxmillətli ölkə olduğunu qeyd etdi. Bu gün insan haqlarından danışan Ermənistan isə monoetnik bir ölkədir. Şovinist, millətçi Ermənistan dövləti Ermənistanı yalnız ermənilərin yaşadığı bir ölkəyə çevirib. Multikultural ənənələri ilə seçilən Azərbaycanda isə bütün milli azlıqların və konfessiyaların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Bu baxımdan Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı heç şübhəsiz ki, işğal dövründəkindən fərqli olaraq daha yaxşı olacaq. İlham Əliyevin bu mesajı həm Qarabağdakı erməni vətəndaşlarımıza, həm də bütövlükdə dünya birliyinə ünvanlanmışdı. Ümid edək ki, X Qlobal Bakı Forumunun kürsüsündən səsləndirilən çağırışlar və mesajlar bölgədə və dünyada gərginliklərin azaldılması istiqamətindəki səylərimizə öz töhfəsini verəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş