“Prezident İlham Əliyevin Almaniyaya səfər etməsi, bu ölkənin dövlət başçısı, kansleri, biznes elitası ilə görüşlər keçirməsi iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməsindən xəbər verir. Şübhə yoxdur ki, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də dərinləşməsinə əlavə təkan verir”. Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdırmaqla alman biznes elitasının sərmayə yatıra biləcəyi sahələrin uğurlu təqdimatını da həyata keçirib:
“Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan da Almaniyanın Cənubi Qafqazdakı vacib tərəfdaşlarındandır. Bu mənada Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Bu baxımdan alman iş adamları Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialının reallaşdırılmasına, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonasının yaradılmasına, Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında sənaye, kənd təsərrüfatı, infrastruktur sahələrinə, eləcə də yenidənqurma işlərinə, həmçinin, istehsal olunan enerjinin ötürmə qabiliyyətinin artırılmasına, dəniz limanı və dəmir yolu infrastrukturu imkanlarının artırılmasına, rəqəmsal transformasiyaya, ümumilikdə isə ölkəmizin 2030-cu ilə qədər 42-50 milyard ABŞ dolları investisiya həcmində milli inkişaf strategiyası çərçivəsindəki işlərə maraq göstərə bilər. Bir halda ki, bu gün Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır, o zaman Almaniya 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş Cənub Qaz Dəhlizinin genişləndirilməsinə də dəstək verə bilər. Çünki, Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, yaxın illərdə Azərbaycan Avropa üçün vacib yaşıl enerji təchizatçısına da çevriləcək. Ona görə də, Almaniyanın müvafiq şirkətlərinin diqqətini Azərbaycanın potensialı 200 qiqavata yaxın külək və günəş enerjisi mənbələri də çəkə bilər”.
Ramil Vəlibəyov əlavə edib ki, bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.
Ruhiyyə