Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda digər milli adət-ənənələrimiz kimi, Novruz bayramı da xalqın sevgisi və ehtiramı səviyyəsində qeyd edilir. Amma xalqımız ən gözəl Novruz bayramını məhz 2021-ci il martın 20-də qeyd elədi. Həmin gün Şuşada, Cıdır düzündən Azərbaycan xalqını bayram münasibətilə təbrik edən Prezidenti İlham Əliyev dedi: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”. Həmin gündən bayramlarımız tamam başqa və gözəl ab-havada keçirilir.
Newscenter-az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Deputat qeyd edib ki, Novruz təkcə təbiətdə deyil, düşüncələrdə də yeniləşmənin rəmzi kimi qəbul edilir. Zərdüşt peyğəmbərə görə, bu bayramda insanlar gözəl düşünür, xeyirli sözlər danışır və savab işlər görürlər.
“Novruz bayramı yalnız onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.
Novruzun azərbaycanlıların ən əziz bayramı olduğunu və tarixi irsə bağlılığımızı parlaq nümayiş etdirdiyini deyən Ümummilli Lider Heydər Əliyev çıxışlarında bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Ümummilli Liderin bu sözləri öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və rəşadətli Ordumuzun sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. 2021-ci il martın 21-də Şuşada qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı”.
Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparıldığını qeyd edən Səbinə Xasayeva vurğulayıb ki, bir vaxtlar doğma yurdlarını məcburən tərk etmiş vətəndaşlarımız mərhələ-mərhələ onlar üçün müasir üslubda tikilmiş evlərə köçürülür. “Artıq Zəngilanın Ağalı kəndinin sakinləri Novruzu öz doğma ev-eşiklərində qarşılayırlar. Bu günlərdə Tərtərin Talış kəndi öz sakinlərini qəbul elədi. İlin sonuna qədər laçınlıların ilk qrupu rayonlarına qayıdacaqlar. Zabux və Sus kəndlərində 200-dən artıq ailənin məskunlaşacağı nəzərdə tutulur. Bütün bunlar dövlətimizin iqtisadi gücünün göstəricisidir. Arzu edirik ki, işğaldan azad edilmiş bütün rayonlarımızın sakinləri doğma yurdlarına qayıtsınlar və bayram tonqallarını qalasınlar”, - deyə deputat qeyd edib.