Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şükür kişi indi də ehtiramla xatırlanır

Şükür kişi indi də  ehtiramla xatırlanır


 Yüz-yüz illərdi nəsilin adı-sanı onun qədimliyiylə səsləşir. Tarixən nəsillər-soylar bir eldən digərinə köç edə-edə yaşayıb, yaşaya-yaşaya köç edib. Ocaq çatıb, yurd olub. Yurd olduğu şenliyə Vətən deyib. O şenliyi özünün, özündən sonra gələnlərin yaşantılarına təbərrik bilib. Məmməd kişi Qubadlının Tatar kəndində ilk ocaq çatan kişilərdən biri olub. Oğlu Məşədi Qasım da, nəvəsi Paşa da bu eli soyadlarının mənəvi beşiyi biliblər. Şükür belə ruhların xeyir-duasıyla ayları il eləyirdi...
        
Şükür Paşa oğlu 1906-cı ildə anadan olmuşdu...
         
Dünyanın gözlərini qırmızı su tutmuşdu. Tapdanan haqlar dünyasıydı, ağa qara deyənlərin nazını çəkən dünyaydı, tər tökənlərin haqqını tər tökdürənlərin yediyinə göz yuman dünyaydı. Ona görə də istəsə, pambıq ilə baş da kəsirdi. Dinənlər ya Sibirə göndərilirdi, ya da qəbirə...
       
Şükür kişi Sovet hakimiyyəti qurulduqdan sonra orta təhsil almışdı. Tatar kəndində kolxoz qurulanda atası Paşa bütün mal-heyvanını, davarını, atıni, öküzünü kolxoza vermişdi (könüllümü?). Kəndin ilk kolxoz sədri seçilmişdi Şükür Paşa oğlu. Qardaşı Teymur kolxozun mühasibi idi. Qırmızı imperiyanın qılıncının kəsərli vaxtlarıydı, camaatı istədiyi şərtlə yaşadırdı. Bir neçə ildən sonra rayon rəhbərliyindən göstəriş gəlmişdi ki, eyni kolxozda qardaşın biri sədr, biri mühasib ola bilməz. Teymur qalmışdı, Şükür çıxmışdı. Müharibəyə çağırılanadək kolxozun üzvü kimi təsərrüfat işlərində çalışmışdı.
         
Qabiliyyət həmişə yaşatma vasitəsi olub; qabiliyyətlilər güzəran sıxıntısı çəkmir. Şükür kişi kolxoz sədrliyindən azad edilsə də sıxıntılar içində yaşamadı. Bilənlər bilirdi ki, sınıqçılığı atası Paşa kişidən öyrənmişdi. İndi özü yaxşı sınıqçı idi. Qolu-qıçı qırılanları qışın qarında, yayın bürküsündə minbir əziyyətlə rayon mərkəzinə aparmırdılar. Şükür kişinin sayalı barmaqları qırığı yerbəyer düzürdü, dədə-babadan sınaqlardan çıxmış türkəçarələrlə qırığın da, çatın da məlhəmini edirdi...
         
“Xasiyyət soyla gəlir”, - deyiblər. Onu da deyiblər ki, “Əslində olan dırnağında da olsa bildirər”. Xeyirxahlıq da, insana, insanlara, insanlığa sevgi də belədi. Yüz illərin, neçə-neçə on illərin əvvəlindən başlayan şəcərə, şəcərəni müəyyənləşdirən gözəl xarakter, tarixə dönən, tarixləşən, tarix yaradan xarakter belə formalaşır. Nəmməd, Məşədi Qasım belə yaşamışdı, Paşa kişi belə yaşamışdı. Bu ağsaqqalların yaşatdığı, nəsil üçün, soy üçün Dədə öyüdü olan, belə olduğuna görə müqəddəsləşən xarakter elin də güzəranının mənəvi dünyasını müəyyənləşdirdi. Neçə on illəriydi Məmməd, Məşədi Qasım, Paşa kişi elin güvənc yeri idi, çətinə-dara düşənlər onlardan məsləhət alardılar. Məsləhətlər çıxılmazlıqları asanlaşdırardı, hərdən işığa dönərdi, hərdən müşkül açardı. Şükür kişi də belə ömür yaşadı. Xatırlayırlar ki, orta boylu olub Şükür kişi, qara qalın qaşları, gur qara saçları varmış. El arasında danəndəlik deyilən ifadə var. Nədir danəndəlik? Hadisələri düzgün, dürüst dəyərləndirmək, “ağır oturub batman gəlmək”, soruşulana layiqincə cavab vermək,  boş, mənasız sorğuları incə təbəssümlə cavablandırmaq. Şükür kişi belə ömür yaşayıb. Neçə on illərdən sonra Türkiyəli bir uzman tələbələrinə deyərmiş: Öz işini özün bəyən. Şükür kişi öz işini özü bəyənə-bəyənə ətrafdakıların sevgisini qazanmışdı. Bu sevgi el sevgisiydi, elin sevgisiydi. Gözəl bir ömür yaşadı Şükür kişi. “Həyatda hərə bir ömür yaşayır. Elə yaşamalısan ki, səndən sonra sənə ancaq rəhmət oxunsun. Dürüst yaşasan, oxunacaq, heç kimə pislik eləməsən oxunacaq, yaxşılıq eləsən oxunacaq. Sağ əlinin verdiyini sol əlin bilmədisə, oxunacaq. Elədiyin yaxşılığı dilinə gətirmədinsə oxunacaq...”. Belə yaşadı Şükür kişi. Tamahsız bir ömürün işığını əzizlərinə də, el-obasına da böyük səxavətlə bəxş edirdi.
        
Sovet ideologiyası camaatın yaşam tərzini dəyişə bilməzdi; zahiri dəyişmə köz misallı olur, görünür, yox olur. Bu ideologiya el-obanın milli dəyərlərini dəyişə bilməzdi, on illərin o üzündən başlayıb bu günə çatdırılan ağsaqqallığa, xəlqi-milli ruhun öyüdlərinə nüfuz edə bilməzdi. “Var-dövlət dediniz, verdim, kolxoz olun dediniz oldum, sədr seçdiniz işlədim. Çıxartdınız çıxdım. Bundan beləsinə gücün çatmaz, a hökumət. Mənim hökumətim dədə-baba adət-ənənəsidi, dədə-babamın qoyduğu nizamdı, yaşam tərzidi...”, - Şükür kişi xəyalında ideologiyasını gördüyü hökumətlə pıçıldaşırdı. Bilirdi ki, səsi eşidilsə, “silistlər” başlayacaq. Güzəran üçün, dolanışıq üçün hökumətə ağız açmadı. Yeniyetməliyindən sınıqçılığı bilirdi, el-obada hamının köməyinə çatırdı. Əli dəyən sınıq bitişirdi, türkəçarələri loğmanlığıydı Şükür kişinin. Neçə on illər neçə-neçə qırığın, sınığın, çatın çarəsi oldu Şükür kişi. Bircə dəfə də tərs bitişən sınıq olmadı.
       
Bir dəfə Şükürün cavanlığında Tatar kəndində bir ağsaqqal ehtiramla, sevgilərlə deyib ki, kəndimizin İbn Sinası var. “İbn Sina kimdi, ay baba?”, - soruşublar. “İbn Sina bizim Şükürdü”, - ağsaqqal belə deyib. Bu adlandırma Şükürə ehtiramı daha da gözəlləşdirib.
        
Şükür kişi gördüyü işə görə kimsədən təmənna ummazdı. Ummaq nədi, heç nə almazdı. “Allahın mənə inayətini necə sata bilərəm? Belə işə görə pul vermək fikrindəsinizsə, başqasının yanına gedin, bu fikirlə mənim qapıma gəlməyin...”, - deyərdi Şükür kişi.
      
Böyük Vətən müharibəsi başlamışdı. Əli silah tutanları müharibəyə aparırdılar. Neçə ev qadınların, uşaqların ümidinə qalmışdı. Qubadlının Tatar kəndindən Şükürü də, qardaşı Teymuru da 1941-ci ildə müharibəyə aparmışdılar. Qroznıda üç ay bir yerdə təlim keçmişdilər, sonra ayırmışdılar onları...
       
Şükür Stalinqrad(indiki Volqoqrad) cəbhəsində döyüşmüşdü. 1943-cü ildə ağır yaralanmışdı, ikinci qrup əlil kimi qayıtmışdı. Bir neçə orden və medalla təltif olunmuşdu...
        
Yol nəqliyyatı hadisəsindən və ya müxtəlif səbəblərdən qolu, ayağı,qabırğası sınan və əzilən insanlar ona müraciət edərdilər. Hamiya əl tutardı, onların ümid yerinə çevrilərdi. Sınıqçılığı o qədər  mükəmməl bilirmiş ki, aylarla xəstəxanada müalicə olunub şəfa tapmayanlar ona müraciət edib öz sağlamlıqlarını bərpa edərmişlər. Əlləri ilə xəstəninin əzilmiş və qırılmış yerlərini (rentgensiz)müəyyən edib az müddətdə onları sağaldıb doğmalarına qaytarardı.
         
Şükür kişinin sınıqçılığı qəlbi paxırları narahat edirdi. El adamının el-obaya yaxşılığı neçələrinin “yuxusunu qaçırtmışdı”. Kimə paxıllaşırdılar? Köməyə ehtiyacı olanamı, kömək edənəmi? Sovet hökumətinin xəstəxanalarında həftələrlə zillət çəkənlərəmi, zillətə tuş gələnlərin qurtuluşuna dönənlərəmi? Yüzillik, min- illik türkəçarələrin – xalq təbabətinin qüdrətinə inamı olmayanlar el-obanın sevgisini hökumətin yanında gözdən salmağa çalışırdı, gözdən salmaqla yanaşı, cəzalandırılmasına da cəhd göstərirdi. Özünün, yaxud bir əzizinin belə bir yardıma ehtiyacı olanda necə? Belə bir hadisə olmuşdu. Şükür kişinin sınıqçılıqla məşğul oduğunu “yuxarılara” çatdırırlarmış . “Yuxarılar” bu məlumatlara – donoslara sovet ideologiyası üçün böyük təhlükə hiss etmədiyinə görə tam ciddiyəti ilə məhəl qoymurmuş.  Guya qanunu pozurdu (insanlara şəfavermə qanun pozuntusudurmu? Donosu eşidən niyə donosu gətirənin “abırını ətəyinə bükmürdü”).
          
Belə bir hadisə olub:
          
“Yuxarıların” yanında “yaxşı kişi” olmaq istəyənlərdən biri Şükür kişinin Sovet təbabətini bəyənmədiyini, Sovet təbabətinə inanmadığını deyir. Dürüst ömür yaşayan məmurlardan biri bunu Şükür kişiyə bildirir, bir qədər ehtiyatlı olmasını tövsiyə edir. Aradan aylar keçir. Bir gün    bir nəfər Şükür kişinin qapısını döyür, kömək istəyir. Həmin vaxtlarda Şükür kişinin oğlu Əziz də Tatar kəndinə ata evinə gəlibmiş. Atasının “donosçuya” yardım elədiyini görəndə təəccüblənir. Şükür oğlunun təəccübünü sezsə də üzə vurmur, sonra xəlvətə salıb oğluna bildirir ki, büruzə vermə, Tanrı onu mənim yanıma göndərib ki, düz yola qayıtsın. Şükür kişi həmin adamı müalicə edir, onda heç bir qüsur qalmır. “Mənim düşmənim yoxdu, oğul, heç kimi özümə düşmən hesab eləmirəm. Ancaq bir atalar məsəlini də heç zaman unutmuram: “Düşmən səni daşnan, sən düşməni aşnan”. Həm də yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi. Çalışın, yamanlığa da yaxşılıq edin...”, - Şükür kişi əzizlərinə belə deyərdi...
       
Haqq-ədalət vəfakeşi olub Şükür kişi.
       

1971-ci ildə Şükür kişinin əmisi nəvəsi Azadı şərləyirlər. Məsələ bir qədər böyüyür. Şükür kişi qohumlara ciddi tapşırıq verir: narahat olmayın, “Edən bular” deyiblər. Gec-tez şər atanlar niyyətlərində boğulacaqlar, bizim ayağımıza gələcəklər. Haqqın, həqiqətin qarşısında yalan, böhtan heç zaman tablaşa bilməyib...
       
İllər sonra Azadı şərləmək istəyən Şamili Şükür kişinin yanına gətirirlər. Yıxılıbmış, bud nahiyyəsi qırılıbmış. Son ümid yeri kimi Şükür kişinin yanına gətiriblərmiş. Onu gətirənlər sınıqçıya dil-ağız edirlər: Üzü qara olsun, zamanında dedik, sözümüzü eşitmədi. İndi əl bizimdi, ətək sənin. Ya əlimizi kəs, ya ətəyini.

         Şükür kişi acı-acı gülümsünür:
        -Şamil qəlbinin güdazina gedib.

Həyatda nə yaxşılıq cavabsız qalır, nə də yamanlıq. Bu işin onun o vaxtkı nadanlığına dəxli yoxdu. Kömək edəcəm. Barı indən belə adam kimi yaşasın...
        
Ağsaqqallıq həmişə belə olub!Ağsaqqallıq Dədəlikdi. Dədəlik el-oba adət-ənənələridi. Dədə sözü kəsərli (keçərli) olan el-obanın bərəkəti aşıb-daşır...
       
Şükür kişinin beş oğlu olub - Əziz, Nüsrət, Məcid, Məmməd, Qüdrət, bir qızı - Səkinə.  Oğulları da, qızı da ata adına, nəsil-soy adına həmişə baş ucalığı gətiriblər. Altısı da düzlüyü, dürüstlüyü, duru ömür yaşaması, ağsaqqallığa, ağbirçəkliyə sayğiları, ehtiramı ilə seçilib. Ata xeyir duasıyla yaşayıblar.
         
Şükür kişinin böyük oğlu Əziz Paşayev 30 ildən artıq hüquq-mühafizə orqanlarında xidmət edib. 23 il Zəngilan rayon daxili işlər şöbəsinin nəzdində Mühafizə bölməsinin rəisi olub. Bu illəri ata kəlamlarıyla yaşayıb. “Ata adına ehtiram xidmətimin başlıca qayəsi olub. Ömrümdən buna görə razıyam...”, - mayor Əziz Paşayev belə deyib, belə deyirdi. Bu ifadələr gənclərin dünyaduyumunun formalaşmasında milli mentalitetə söykənən gözəl tarixi əsərdir, şübhəsiz...

Əziz Paşayevin böyük oğlu milis leytenantı Sabir Paşayev birinci Qarabağ müharibəsində son anadək döyüşdü, həlak oldu...
      
Nüsrət Zəngilanın maarif sistemində sayılıb-seçilən ustad müəllim və peşəkar məktəb direktoru kimi bugün də ehtiramla xatırlanır.  Məcid Tatar kəndində  fəaliyyət göstərən kolxozun sürücüsü kimi həmişə insanların köməyinə yetişib. Məmməd isə Sumqayıtda sadə həyatını yaşayıb.
       
Kiçik oğlu Qüdrət Paşayev uzun illər Daxili İşlər Nazirliyində nazir müavininədək rəhbər vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur. Hüquq elmləri doktoru idi.
        
Qizi Səkinə xanım isə altı oğul və  üç qızın anası kimi böyüdüb boya-başa çatdırdığı övladları ilə bütün qohumların sevimlisi idi. Oğlu polis mayoru Piriyev Fəxrəddin birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.
       
Torpağı sevən Şükür kişi, el-obasını sevib. Son nəfəsi ərəfəsində Tatar kəndini arzulayıb...
1975-ci ildə köçdü dünyadan. Gözəl ömür yaşadı Şükür kişi...
        
Bugün Şükür kişinin nəvə-nəticələri ailə estafetini layiqinci davam etdirirlər. Onlar çalışırlar ki, ata-babalarının  həyat yolunu və el arasında qazandıqları hörmət və ehtiramı əbədi yaşatsınlar.
 
 
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim

 
Xəbəri paylaş