Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hədəf Qərbi azərbaycanlıları dədə-baba torpaqlarına qaytarmaqdır

Hədəf Qərbi azərbaycanlıları dədə-baba torpaqlarına qaytarmaqdır


Azərbaycan haqq savaşında- 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazandı, 30 illik işğala son qoyuldu. Artıq regionda yeni reallıqlar yaranıb. Ermənistan, xüsusən də fövqəldövlətlər bu reallıqlarla barışmaq məcburiyyətindədirlər. Möhtəşəm qələbədən bir neça ay sonra-2021-ci il 7 iyul tarixində Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzaladı. Bu fərmanla Azərbaycanda iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdı. Yeni yaradılan iqtisadi rayonların sırasında Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu da var. Bu fərman nəticəsində Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Zəngəzur adının siyasi və coğrafi anlamda bərpası deməkdir. Onu da qeyd etməliyik ki, fərmanın imzalandığı tarix keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yarandığı günə təsadüf edir. Bu da uzaqgörən siyasətçi, Prezident İlham Əliyev tərəfindən Ermənistan və onun havadarlarına bir mesaj olaraq dəyərləndirilir.

Qarabağ və Şərqi Zəngəzur düşmən tapdağından azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə start verildi. Vətən müharibəsi bitdikdən bir neçə gün sonra Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Xudafərin kəndinə və Cəbrayıl şəhərinə səfər etdi, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərə səfər etdikdə burada gedən bərpa- quruculuq işləri ilə tanış olur, yeni layihələrin təməlini qoyur. Xüsusi nümayəndəlik institutu Qarabağ və Şərqi Zəngəzurda gedən mühüm işlərə təkan verir. Xüsusi nümayəndəlik yeni idarəetmə modeli kimi ilk dəfə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində tətbiq edildi. Şərqi Zəngəzurda isə ilk dəfə 2022-ci ilin 4 may tarixində Zəngilan rayonunda tətbiq edilib. Nümayəndəlik institutu Zəngilan rayonunda özünü doğrultduğu üçün Şərqi Zəngəzur iqtisadi rayonunun digər rayonlarına-Cəbrayıl və Qubadlı rayonlarına da tətbiq edildi. Xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları Prezident İlham Əliyevin 2021-ci il 4 fevral tarixli fərmanı ilə müəyyən edilib. Hazırda Xüsusi nümayəndəlik institutunun Azərbaycanın digər rayon və şəhərlərinə də tətbiq edilməsi gözlənilir.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlardan biri də Zəngəzur dəhlizi reallığıdır. Dəhliz Vətən müharibəsi bitdikdən sonra Azərbaycan tərəfindən haqlı olaraq gündəmə gətirildi. Bildiyimiz kimi, müharibəyə son qoyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi yazılır. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşdiyi üçün bu iki qitəni birləşdirən beynəlxalq dəhlizlərin bir çoxu ərazisindən keçir. Hər iki qitənin aparıcı dövlətlərinin etibarını qazanan, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi bir neçə qlobal layihənin müəllifi olan Azərbaycan bu dəfə də dünyanın yeni nəqliyyat xəritəsini formalaşdıracaq bir layihə ilə çıxış edir.

Zəngəzur dəhlizi regional və qlobal əhəmiyyətə malikdir. Region ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcək. İlk öncə qeyd etmək lazımdır ki, bu dəhliz Azərbaycanla Naxçıvan Muxtar Respublikasını və Türkiyəni, Türkiyə ilə bütün türk dünyasını quru yolla birləşdirəcək. Bu da uzun müddətdir ki, birlik ola bilməyən türk dünyası üçün bir fürsətdir. Hətta, Türkiyə türkləri Zəngəzur dəhlizinə Turan yolu da deyirlər. Artıq Türkiyədən Azərbaycana gələn yüklərin İran və Gürcüstan üzərindən tranzit yolu ilə deyil, bu dəhliz vasitəsilə rahat şəkildə və əks istiqamətdə tədarükü asanlaşacaq. Rusiya üçün bu dəhlizin əhəmiyyəti böyükdür. Belə ki, Rusiyanın Cənubi Qafqaz ölkələri olan Azərbaycan və Ermənistanla yanaşı, Türkiyə ilə də ticarət əlaqələrində yeni səhifə açılacaq. Həm də Rusiya Türkiyə vasitəsilə Yaxın Şərqə alternativ çıxış əldə edəcək. Ermənistanla İran arasında iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq Zəngəzur dəhlizi Mərkəzi Asiya və Çin üçün də böyük əhəmiyyətə malikdir. Çinlə Cənubi Avropa arasında qısa quru marşrut olacaq. Çindən Azərbaycana daxil olan yüklər bu marşrut vasitəsilə Türkiyəyə, Türkiyədən isə Avropaya və əks istiqamətdə çatdırılması mümkün olacaq.

1989-cu ildə Qərbi Azərbaycandan olan qaçqınların problemini həll etmək üçün Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılmışdı. Sözügedən Cəmiyyət 2022-ci ilin avqust ayında Qərbi Azərbaycan İcmasına çevrildi. Hazırda İcma 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qaçqın olan Azərbaycan türkləri barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən ilin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdü. Görüşdə İlham Əliyev geniş nitq söyləyərək Qərbi Azərbaycan haqqında tarixi faktlar söyləmiş, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını irəli sürmüşdür. Bu tarixi görüşdən sonra Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb təsdiq edilmişdir. Prezident İlham Əliyev həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm də sonra, bir çox çıxışlarında Azərbaycan xalqının İrəvana, Zəngəzura qayıdacaqlarını vurğulayırdı. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü aydın təsəvvür formalaşdırdı. Bu görüş və orada söylənilən fikirlər, təkliflər Azərbaycan dövlətinin və xalqının Qərbi Azərbaycanla bağlı strateji məqsədlərinin olduğunu göstərdi. Qərbi Azərbaycan İcmasının yaradılması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması, bir çox ictimai və dövlət qurumlarının, media subyektlərinin Qərbi Azərbaycanla bağlı bir çox məsələlərə cəlb edilməsi bunu bir daha sübut edir. Azərbaycan dövlətinin əsas hədəfi tarixi ədaləti bərpa etmək, Qərbi Azərbaycanlıları öz dədə-baba torpaqlarına qaytarmaqdır.

Əbülfəz Məmmədov-ictimai fəal
Xəbəri paylaş