Böyük Britaniyanın “Sky nuys” nəşrinin məlumatına görə, Rusiya Ukraynada hücum tempini 80 faiz aşağı salıb və hücumdan müdafiə taktikasına keçib. Bildirilib ki, bu, çox güman, Ukraynanın ehtimal edilən əks-hücumları ilə bağlıdır.
Qeyd olunub ki, ilin sonuna kimi hər iki tərəfin resursları tükənə bilər: “Həlledici addım atmaq üçün tərəflərdən heç birinin imkanı yoxdur. Bu mərhələdə Qərb seçim qarşısında qalacaq: ya münaqişənin daha uzun müddət davam etməsinə çalışacaq, ya da daha çox qan tökülməsinin qarşısını almaq üçün hər iki tərəfə təzyiq göstərəcək. Bu isə Ukrayna üçün risklidir. Bəlkə də, münaqişənin son mərhələsi başlayacaq”.
Məlum olduğu kimi, təxminən 7 aydır ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər. Hər iki tərəfədn ciddi itkilər var. Ukrayna Rusiyanın hücumlarına hələ ki, tab gətirə bilir.
Sözsüz ki, hər iki tərəfin işi getdikcə çətinləşir. Həmçinin sülh perspektivi də hər ötən gün azalır.
Rusiyanın hücum tempini azaltmasının bir neçə əsas səbəbi var: Silah-sursat çatışmazlığı, şəxsi heyət arasındakı itkilər, hərbi elitadakı ikitirəlik.
Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi qruplaşması arasında ziddiyət getdikcə artır. Bu, özünü bir sıra məqamlarda, o cümlədən Baxmutdakı döyüşlərdə göstərir. Rusların xeyli vaxtdır Baxmutda uğur qazana bilməməsinin əsas səbəblərindən biri də, yəqin ki, budur.
Bir çox ekspertin düşündüyü kimi, müharibənin əsas “dirijoru” Qərbdir. ABŞ və müttəfiqlərinin silah tədarükündən asılı olaraq savaşın taleyi həll oluna bilər. Belə ki, Qərb Ukranaya lazımi dəstəyi versə, bu dövlət işğal altındakı torpaqlarını azad edə, Rusiya uduza bilər. Amma dəstək lazımi səviyyədə olmasa rəsmi Kiyevi daha ağır günlər gözləyir.
Hazırda Qərb müharibənin uzanmasında maraqlıdır. Ona görə silah tədarükü balanslı şəkildə həyata keçirilir. Ukrayna rəsmilərinin, o cümlədən Prezident Volodimir Zelenskinin zaman-zaman silah çatışmazlığı ilə bağlı verdiyi verdiyi açıqlamalar da bu baxımdan səciyyəvidir.
Əlbəttə, tərəflərin resursları tükəndikcə Qərb seçim qarşısında qalmalı olur. ABŞ və müttəfiqləri müharibə ilə bağlı ya “tamam”, ya “davam” qərarı verməlidir. Bu mənada savaşın sonuncu mərhələsinin başlayıb-başlamayacağı, demək olar, Qərbdən asılıdır. Fikrimcə, döyüşlər Rusiya, yaxud Ukraynada siyasi hakimiyyət dəyişənə və ya ölkələrdən biri parçalananadək davam edəcək. Bu isə yaxın perspektiv üçün real görünmür.
Kənan Novruzov-siyasi ekspert