İnsanların qorxulu yuxusuna çevirilən gizli səsyazmalar cəmiyyətdə böyük faciələrə səbəb olur. Bu metoda əl atanlar özlərini müdafiə etdiklərini düşünsələr də, qanun tam əksini söyləyir. İnsanlar bir-birilərinin səsini yazaraq, təhdid, şantaj üsullarına əl atırlar. Bu cür hallar cəmiyyətdə ciddi psixoloji sarsıntı yaradır.
Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən, səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. Bəzən məhkəmələr zamanı insanlar bu cür vasitələrdən sübut kimi istifadə etməyə çalışırlar. Lakin qanun buna imkan vermir. Qanuna əsasən, insanlar yalnız öz səslərini yaza bilərlər. Bunun üçün onlara heç bir məhdudiyyət qoyulmur. Hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində göstərilən hallardan başqa, şəxsi həyata qarışmaq qadağandır. Qanuna əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsi həyatla bağlı maddə var. Belə ki, Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, həmçinin qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə isə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə — 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda məhkəməyə təqdim olunan səsyazmalar dəlil hesab olunmamaqla, məhkəməyə qarşı tərəfin razılığı olmadan yazılan səslərin sübut kimi gətirilmə faktları olsada, belə səsyazmalar material kimi qəbul olunmur və məhkəmə işi zamanı onlara baxılmır. Bu, qanuna ziddir.
Əli İbrahimov-hüquqşünas