Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan demokratiyaya QARA LƏKƏDİR-VAQİF ABDULLAYEV YAZIR

Ermənistan demokratiyaya QARA LƏKƏDİR-VAQİF ABDULLAYEV YAZIR


Bu gün ABŞ-ın təşkilatçılığı və həmsədrliyi ilə onlayn formatda keçirilən 2-ci “Demokratiya sammiti” işinə başlayıb. Ötən ilkinin təkrarı olan bu tədbirə yenə də Qərbin “şinelindən çıxan” ölkələr dəvət olunub. Əsas mövzusu insan hüquq və azadlıqlarının qorunması, demokratik islahatların aparılması ilə bağlı olan sammitə çağırılan ölkələrin siyahısına baxdıqda, həqiqətən də acı tablo qarşıya çıxır.

Demokratiyadan əsər-əlamət olmayan cəngəllik ölkələrinin, o cümlədən faşist və terrorçu ideologiya ilə idarə olunan Ermənistanın “Demokratiya sammiti”ndə yer alması dünyada demokratiya adına qara ləkədir. Ermənistan kimi qeyri-demokratik və demokratiya anlayışından çox uzaq, davamlı olaraq insan haqlarının pozulduğu ölkənin, Nikol Paşinyan kimi sülhə və rifaha təhlükə olan bir şəxsin ikinci dəfə sammitə dəvət edilməsi təmsil olunması ABŞ-ın özünün imicinə xələldir.

Nəzərə alsaq ki, tədbirin əsas təşkilatçısı USAİD və onun ermənipərəst rəhbəri Samanta Poverdir, artıq təəccüblənməyə ehtiyac qalmır. Təşkilatçılar arasında “rəngli inqilablar”ın, qarışıqlıq və təxribatların, müxtəlif qanlı toqquşmaların, habelə LGBT kimi cərəyanların müdafiəçisi və ssenaristlərindən olan NED təşkilatının adının hallanması, eləcə də Amerikalı milyarder Corc Sorosun xüsusi rol oynaması bu “sammitin” keçirilməsinin kökündə kimlərin dayanmasına şübhə yeri qoymur.

Ermənistan 200 mindən çox azərbaycanlını doğma torpağından qovub, Qərbi Azərbaycanda insanların hüquqlarını pozub, minillik tarixini, mədəniyyətini məhv edib, eləcə də 30 il Qarabağda genosid, soyqırım törədib.

Qərbi Azərbaycanlılar öz dədə-baba yurdlarına geri dönmək istəyir, Cənab Prezident bütün beynəlxaql təşkilatlar qarşısında onların pozulmuş hüquqlarının bərpasını tələb edir, Ermənistan buna mane olur. Belə bir anti-insani ölkənin insan hüquqları anlayışına ləkə olduğu halda Vaşinqtona dəvət olunması utancdır.

Gürcüstan Konstitusiya quruluşuna görə, parlament tipli respublikadır və ölkədə hökumətin başçısı Baş nazirdir, Prezidentin səlahiyyətləri daha aşağıdır. Sammitə Baş nazirin deyil, Prezidentin dəvət olunmasının özü də Vaşinqtonun öz yaxın ətrafını toplamasınının bir göstəricisidir.

Digər “siyasi liderlərin” də siyahısı sammitin demokratiyaya xidmət etmədiyini göstərir. ABŞ demokratiya adı altında bütün tarix boyu nüfuz etdiyi coğrafiyalarda, təsir altında saxladığı və siyasi oyuncağa çevirdiyi ölkələrdə “demokratiya” görüntüsü yaradıb, diqtə etdiyi şərtlərə oturub-duran “liderlər”dən ibarət öz ətrafını formalaşdırıb.
Sammitdə Avropanın siyasi təmayüllü mərkəzlərinin, konkret olaraq Fransanın sifarişi ilə təşkili də diqqətdən qaçmır. Ötən əsrin 70-ci illərinə qədər Fransanın müstəmləkəsi olmuş Qambiya, Kot-D’ivuar, Mozambik və Tanzaniya, Anqola, Namibiya, Zambiya və digər Afrika ölkələrinin dəvət olunması bu acı gerçəyi təsdiqləyir.

Sammitin anti-türk ritorikasını da açıq-aşkar hiss etmək olar. Türkiyə kimi nəhəng demokratik ənənələri olan dövlətin, Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın dəvətdən kənarda qalması ikili tendensiyanı meydana çıxarır.
Qərb regionun siyasi coğrafiyasında böyük nüfuza malik Türk dünyasının demokratik platformalarda təmsil olunmasından qısqanır, həmçinin, türk dövlətləri ilə dərin inteqrasiya edən dövlətləri özünün “həmfikiri” saymır. Bunu Macarıstan timsalında görə bilərik.

Eləcə də ABŞ sammitdə müstəqil siyasət yürüdən dövlətləri görmək istəmir. Regionda prinsipial və əzmkar müstəqil siyasət yürüdən, qətiyyətli mövqeyi olan dövlətlər və onların liderləri - Cənab Ərdoğan və İlham Əliyevi “demokratiya masası”nda yer alması Qərbin maraqlarına uyğun deyil.

Təəssüf doğurucu hal odur ki, ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizədə ən yaxın tərəfdaşlarından biri, Yaxın Şərqdə və Əfqanıstandakı anti-terror əməliyyatlarında öz sülhməramlı missiyası ilə iştirak edən Azərbaycana belə paltformada yer ayrılmır. Bu, Vaşinqtonun etibarlı tərəfdaş anlayışına qarşı sədaqətsizliyinin, riyakarlığının nümunəsidir.

Demokratiya hər hansı ölkənin, hər hansı güc və qütblərin şəxsi inhisarında olan mülkiyyət deyil, bütün dünya dövlətlərinin, bəşəriyyətin, cəmiyyətlərin ortaq dəyəridir. Bu baxımdan, “demokratiya sammiti”ndə hansı ölkənin iştirak edib-etməməsi onun demokratik imicini, demokratiya prinsiplərinə sadiqliyini ifadə etmir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş