"Rusiya Belarusa taktiki nüvə raketləri yerləşdirməklə NATO-nu təhdid etdi. Və görünən odur ki, Moskva bu addımı atmaqdan ötrü Minskə ciddi təzyiq edib. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Kreml rəhbərliyi Belarusun da müharibəyə qatılması üçün çox səy göstərdi. Lakin Lukaşenko hakimiyyəti Rusiyaya siyasi dəstək verməklə yekunlaşdı və ikinci bir cəbhənin Belarus üzərindən açılmasına icazə vermədi".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Şimal Atlantika Alyansının buna cavabı isə Finlandiyanın təşkilata üzv qəbul olunması oldu. Finlandiyanın NATO üzvlüyü Rusiyanın strateji məğlubiyyətidir:
"Çünki məlum ölkənin Rusiya ilə 1300 kilometr sərhəddi var və Moskva artıq əvvəlki dövrlərdə olduğu kimi bu ölkəni təhdid edə bilməyəcək. Əvəzində isə NATO bir addım daha Rusiyanın sərhəddinə yaxınlaşdı.
Müharibənin Avropa iqtisadiyyatına mənfi təsirləri olsa da, digər tərəfdən ittifaq ölkələri Rusiya təhdidi fonunda öz hərbi arxitekturasına yenidən baxmalı oldu və fikir ayrılıqlarına baxmayaraq bir çətr altında birləşməyi bacardılar. Rusiya ilk məğlubiyyətini məhz burada almış oldu".
AVP rəsmisinin sözlərinə görə, artıq Avropada elə bir dövlət yoxdur ki, hərbi xərclərini və silah alımını artırmasın:
"Xüsusilə Polşa hökuməti ABŞ və Cənubi Koreya kimi dövlətlərdən dəyəri 10 milyard dollardan çox hərbi məhsullar sifariş verib. Bütün bu proseslər isə Rusiyanın əleyhinədir. Çünki Rusiya hərbi cəhətdən zəifləyir, paralel olaraq Avropa isə güclənir".
Anar