Ölkəmiz müstəqillik qazandıqdan sonra yeni mərhələyə qədəm qoyan hüquq islahatları, eyni zamanda cəza siyasəti daha mütərəqqi amal və niyyətlərə söykənməyə başladı. Belə ki, cəza sisteminin müasir dövrün tələblərinə və ictimai inkişaf tempinə uyğun olaraq qurulması ilə cinayətkarlığa təsir edən yeni cəza sistemi formalaşdı. Cəza təyinetmə zamanı cinayətin ağırlıq dərəcəsi və bir çox səbəblər nəzərə alınır ki, cəza öz sosial mahiyyətinə nail olsun. Eyni zamanda cəzanın çəkilməsi ilə yanaşı, ondan azad olmanın şərtləri müvafiq qanunvericiliklərlə tənzimlənir. Cəzadan azad etməyə əfvetmə və amnistiya aktları, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar daxildir. Əfvetmə və amnistiya institutları hüquqa və qanunvericilik sisteminə yad olmasa da, onların geniş tətbiqinə müstəqillik illərində başlanılmışdır. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür və fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Qeyd edim ki, “Əfvetmə haqqında Əsasnamə” 2001-ci ildə təsdiq edilib və həmin Əsasnamə ilə konkret cəza növləri üzrə əfvetmə barədə müraciətin müddətləri müəyyənləşdirilmişdir. İslah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs barədə hökm qanuni qüvvəyə mindikdən sonra müraciət oluna bilər. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş şəxslər isə törədilən cinayətlərin təsnifatına görə, az ağır cinayət törətməyə görə cəza müddətinin ən azı üçdəbir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə cəza müddətinin ən azı yarısını çəkdikdən sonra, ömürlük azadlıqdan məhrum edilən şəxslər isə cəza müddətinin on ili keçdikdən sonra əfv üçün müraciət edə bilərlər. Bu zaman məhkumun cəzası azaldıla, yaxud ölkə Prezidentinin qərarı ilə tamamilə ləğv edilə bilər.
Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Cəza çəkməkdən azad etmənin əsaslarından biri də amnistiya aktıdır. Amnistiya fərdi qaydada müəyyən edilməyən aktdır, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir və müəyyən sayda cinayət işləri üzrə tətbiq olunur. Amnistiya aktı ilə şəxslər cinayət məsuliyyətindən, məhkum olunmuş şəxslər cəzadan azad, yaxud cəza müddəti azaldıla və ya çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Verilən bir amnistiya aktında yuxarıda sadalanan məsələlərin hamısı həll edilməyə də bilər. Amnistiyanın tətbiqi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir. Qeyd edim ki, 1994-cü ildə “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanunla 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.
Cəzaların humanistləşdirilməsi istiqamətində əfvetmə və amnistiya aktlarının geniş tətbiqi hələ görkəmli dövlət xadimi Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründən başlanılmışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzası Azərbaycanda ləğv edilmişdir. 1995-2003-cü illərdə Ulu Öndər tərəfindən 32 əfv Sərəncamı imzalanmışdır. Ölkə Prezidentinin məhkum olunmuş şəxslərin əfv olunması barədə Sərəncamı ilə cəza siyasətində artıq ənənə halını almış humanizmin məntiqi davamını bir daha görmüş olduq. Qeyd edim ki, ölkəmizdə hüquqi islahatların davamı olaraq “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Həmin Sərəncam cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinə əlverişli imkan yaratmışdır. Sərəncamın mahiyyətinə uyğun olaraq qanunvericilik aktlarına bir sıra müvafiq əlavə və dəyişikliklər edilmişdir. Cinayət Məcəlləsinə, ümumilikdə, 300-ə yaxın dəyişiklik olunmuş, bütövlükdə, 15 cinayət məcəllədən çıxarılmışdır. Bunlar daha çox mülkiyyət və iqtisadi fəaliyyət sahəsində olan, habelə ehtiyatsızlıqdan törədilən cinayətlərdir. Həmçinin Cəzaların İcrası Məcəlləsinə “Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri” və “Probasiya nəzarəti” ilə bağlı edilən yeni maddələr şərti məhkumetmə institutunun daha geniş tətbiq edilməsini nəzərdə tutur.
Müasir elektron nəzarət vasitələrindən istifadə yeni üsullardan biridir. Onlardan ən geniş yayılanı “elektron qolbaq” qurğusudur. Qeyd edilməlidir ki, ötən müddət ərzində ölkə ərazisində “elektron qolbaq” qurğusunun tətbiqi üçün Ədliyyə Nazirliyində zəruri maddi-texniki baza yaradılmış və tətbiq edilməkdədir. Bu vasitələrin köməyi ilə şəxsin yerdəyişmələri izlənərək, yaşayış yerini və ya ərazini tərk etməsi dərhal qeydə alınır. Probasiya nəzarəti azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilən şəxslərə (azadlığın məhdudlaşdırılması, cərimə, ictimai işlər, islah işləri və sair) və ya şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, yaxud cəza çəkməsi təxirə salınmış şəxslər və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər barəsində tətbiq edilir. Cəza siyasətinin humanizm dəyərləri əsasında məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatı onların maddi-məişət şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bir necə müasir, beynəlxalq təcrübə əsasında və Avropa standartlarına cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi inşa olunmuş və istifadəyə verilmişdir. Sözsüz ki, humanist tədbirlərin tətbiqi məhkumların özləri və onların yaxınlarının həyatında mühüm əhəmiyyət kəsb edir, digər məhkumların da islahına stimul yaradır.
Əli İbrahimov-hüquqşünas