2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il ötür. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-2018-ci illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etdi.
Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə möhkəmlənib. Ötən illərdə insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməsi ölkəmizdə bütün sahələrdə gedən inkişafın sübutu idi. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Ölkəmizin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Qalib dövlətimiz, beynəlxalq nüfuzumuz, təhsilli cəmiyyətimiz, böyük iqtisadi potensialımız və yüksələn rifah ölkəmizin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.
Qeyd etmək yerinə düşərdi ki, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. Bu dövrdə milli iqtisadiyyat 15% böyümüş, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artmışdır. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunmuşdur. Son 10 ildə iqtisadiyyatımız iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.
Ölkəmizdə həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir. Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli dərəcədə böyümüşdür. Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olmuş, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötmüşdür. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz özəl investisiyaları olmuşdur. 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatmışdır.
İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı da xeyli yüksəlmişdir. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir.
Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011‒2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artmışdır.
Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir.
Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir.
Bütün bu faktlar onu göstərir ki, ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atıb. Əminliklə deyə bilərik ki, bundan sonra bu uğurlar daha da artacaq, ölkəmizin və xalqımızın firavan həyatını davamlı edəcəkdir.
Jalə Əhmədova-Milli Məclisin deputatı