Prezidentin Qazaxıstana səfəri zamanı əldə olunan razılaşmalar iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töfhə verəcək”.
Bu sözləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri ilə əlaqədar danışarkən deyib. O bildirib ki, Orta Asiya dövlətləri ilə əlaqələrin inkişafı, Türk Dünyasının birlik və həmrəyliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir:
"Xüsusi ilə də tarixi zəfərimizdən sonra bu istiqamətdə fəaliyyət kifayət qədər intensivləşib. Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi istəyi qarşılıqlı səfərlər zamanı əməkdaşlığın gələcək inkişafı ilə bağlı təqdim edilən yol xəritələri, imzalanan sənədlər bunun bariz göstəricisidir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri də dostluq və qardaşlıq əlaqələrimizin inkişafına böyük təkan verəcək. Azərbaycanla Qazaxıstan arasında çoxəsrlik sarsılmaz dostluq əlaqələri mövcuddur və bu əlaqələrə söykənilərək səmərəli dövlətlərarası əməkdaşlıq formatı yaradılıb. Bu gün bu əməkdaşlıq əsl strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf edir. Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşıb. Ötən dövr ərzində iki ölkə arasında 134 sənəd imzalanıb. Keçən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi faktı özü də diplomatik münasibətlərimizin qurulduğu 30 ildə Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyinin göstəricisidir".
Yusif Bağırzadə xatırladıb ki, ötən ilin avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə də var idi ki, bu da xüsusi əhəmiyyət kəsb edir. Həmin sənəd bizim münasibətlərin gələcək xarakterini və formasını müəyyən etdi. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Prezident İlham Əliyevin aprelin 10-da Astanaya səfəri çərçivəsində imzalanan sənədlər isə qarşılıqlı əlaqələrimizin hüquqi bazasını əhəmiyyətli dərəcədə gücləndirəcək:
"Ümumiyyətlə qeyd edim ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşləri zamanı müzakirə olunan məsələlər, imzalanan çoxsaylı sənədlər, dövlət başçılarının mətbuata birgə bəyanatları, eyni zamanda, səfər çərçivəsində Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı və sair kimi mühüm məqamlar iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Dövlət başçılarının mətbuata bəyanatında Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir: “Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır”.
Politoloq daha sonra bunları qeyd edib:
"Göründüyü kimi hər iki tərəf qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Səfər çərçivəsində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”, “AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandum”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u kimi sənədlərin imzalanması da ölkələrimizin mövcud münasibətləri inkişaf etdirməkdə maraqlı olmasından irəli gəlir".
Yusif Bağırzadə onu da deyib ki. xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir:
"Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Belə ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxındır, lakin, əlbəttə ki, ticarət-iqtisadi tərəfdaşlığın potensialının artırılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan və Qazaxıstanın müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti iqtisadi əlaqələri keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Ölkələr arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunan məsələlər sırasındadır. Hazırda Qazaxıstan üçün enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi prioritetdir. Artıq Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilmişdir.
Eyni şəkildə humanitar sahədə əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günlərinin təşkil edilməsi ilə bağlı razılaşmalar xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Təbii ki, iki ölkə arasında əlaqələrin geniş təbliğində mətbu orqanların da üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan media sahəsində qarşılıqlı fəaliyyət qardaş xalqlarımızın daha da yaxınlaşmasına böyük töhfə verə bilər. Heç şübhə yoxdur ki, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”un imzalanması bu sahədə fəaliyyətin genişləndirilməsinə yol açacaq. Ümumiyyətlə Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfərinin iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töfhə verəcəyi şübhəsizdir”.
Anar