“Prezident hər kəsə başa saldı ki, “Qarabağ Azərbaycandır” demək yeganə düzgün yoldur və bunun alternativi yoxdur”
Bu sözləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərlərini və səfər zamanı prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki:
“Azərbaycanda 2004-cü ildən başlayaraq ardıcıl olaraq Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları həyata keçirilir. Bu proqramlar nəticəsində bütün bölgələrimiz inkişaf edir, müasirləşir, infrastrukturu yenilənir, yeni müəssisə və obyektlər tikilərək istifadəyə verilir. Prezident İlham Əliyev Dövlət Proqramlarının icra vəziyyəti ilə şəxsən tanış olmaq üçün müntəzəm olaraq Azərbaycanın regionlarında ənənəvi səfərlərdə olur, görülən işlərlə, inkişaf prosesləri ilə yerində şəxsən tanış olur, tövsiyə və tapşırıqlarını verir. Bu da təbiidir, çünki, ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi nəinki paytaxtımızda, eləcə də bütün bölgələrdə yaşayan insanların sosial rifah halının yaxşılaşdırılmasıdır.
Elə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına son səfərləri də bölgələrə verilən diqqətin göstəricisi hesab oluna bilər. Məlumdur ki, səfər çərçivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evi və Uşaq Poliklinikasının, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və Salyanda “ASAN xidmət” mərkəzinin açılışı oldu.
Səfərin önəmli məqamlarından biri də Prezident İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsi oldu. Müsahibədə bir çox məsələlərə toxunan ölkə başçısı, olduqca mühüm mesajlar verdi. Dövlətimizin başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi. Təbii ki, əsas hədəflər sırasında regionda sülhün təmin olunması, işğaldan azad edilmiş ərazilərimizin bərpası xüsusi yer tutur. Prezident işğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri həyata keçirilməsi nəticəsində həmin ərazilərdə artıq böyük dirçəliş dövrünün başlandığını və bu işlərin də plan üzrə getdiyini söylədi".
Yusif Bağırzadənin sözlərinə görə, Prezident artıq bu ilin yay aylarında keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qaytarılacağının müjdəsini də verdi:
"Birinci mərhələdə Laçın şəhərində təqribən 400 evin inşasının nəzərdə tutulduğunu, lakin son planlara əsasən fərdi evlərin sayının artıq 570 olacağını bildirdi. 140-dan çox mənzilin də hazır olacağını deyən dövlət başçısı bununla artıq 700-dən çox ailənin Laçın şəhərində yerləşdiriləcəyini dedi. Prezident onu da bildirdi ki, Zabux və Sus kəndlərində də işlər gedir və ilin sonuna qədər həmin kəndlərə də keçmiş köçkünlərin qaytarılacağı təmin ediləcək. Prezidentimiz bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksinin uğurla inşa edildiyini, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşasını, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə hazırlıq işləri görüldüyünü diqqətə çatdırdı. Cənab Prezident müsahibədə Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladaraq Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslərin əsas amil olduğunu vurğuladı. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Prerzident qəti şəkildə bəyan etdi ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər. Odur ki, 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Prezidenti həmçinin Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrə də mesaj verdi və bildirdi ki, Qarabağ bizim tarixi torpağımızdır və bu ərazidə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Əgər kimsə bununla razılaşmırsa, yol açıqdır, istədikləri yerə gedə bilərlər. Başqa sözlə ifadə etsək Prezident açıq şəkildə bəyan etdi ki, orada olan ermənilərin iki yolu var. Ya silahı yerə qoyub Azərbaycana təslim olmaq, ya da ərazilərimizi dərhal tərk etməkdir. Kim Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda qalmaq istəyirsə, o bizim vətəndaşımızdır və onlar Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan bütün hüquq və imtiyazlardan istifadə edə bilərlər. Kimlər ki, Azərbaycan vətəndaşlığını qəbul etmirsə, nə qədər o əraziləri tez tərk etsələr, bir o qədər onlar üçün yaxşı olar. Cənab Prezidentin də dediyi kimi, əslində Qarabağın dinc erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar. Amma onlar separatçıların girovuna çevrilib. Əgər belə davam edərlərsə, təbii ki, separatçılar dəmir yumruğun gücünü yenə də hiss edəcəklər.
Prezident müsahibədə ordumuzun gücünə toxunaraq bugünkü Azərbaycan Ordusunun 2020-ci ildə zəfər çalmış ordumuzdan qat-qat güclü olduğunu da diqqətə çatdırdı. Prezident ordunun güclənməsinə əlavə vəsaitlər ayrılacağını da qeyd edərək yenidən revanşizm xəyallarına dalanlara Azərbaycanın hərbi potensialını nəzərdən keçirməyi tövsiyyə etdi və haqlı olaraq bəyan etdi ki, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ordusu ilə qarşı-qarşıya gəlməyə heç vaxt nə gücü çatar, nə də cəsarəti".
Yusif Bağırzadənin qənaətincə, Prezidentin səfər zamanı müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan tərəfi Qarabağ məsələsini kimsə ilə müzakirə etmək niyyətində deyil və qarşısına qoyduğu hədəflərə çatmaqda qətiyyətlidir.
Anar