Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dil ömür yolumuza düşən işıqdı

Dil ömür yolumuza düşən işıqdı


Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana böyük xidmətləri indi tarix olsa da əbədiyyən yaşayacaq, yaşadılacaq. Azərbaycanın sabahlarını hələ sovetlər dönəmində də düşünən dahi şəxsiyyət sovet ideologiyası tərkibində azərbaycançılıq ideologiyasını bütün təhlükələrdən qoruya-qoruya yaşadırdı. Bu ideologiya dil amili ilə də bağlı idi.

O vaxtlarda SSRİ Konstitusiyası müttəfiq respublikaların Konstitusiyaları ilə paralel hazırlanırdı, paralel qəbul edilirdi. İlk olaraq respublikalarda, sonra mərkəzdə. Xalqını, zaman anlamında xalqının dünənlərini, sabahlarını düşünən böyük tarixi şəxsiyyət 70-ci illərin ortalarında belə bir mühüm sənədin qəbulunda dil amilinə məxsusi diqqət yetirmişdi. Bu diqqət Mərkəzin müəyyənləşdirdiyi vahid bir dilin – rus dilinin hegemonluğunun qarşısını almaqla Azərbaycanda Azərbaycan dilinin işləkliyini təmin etməyə yönəldilmişdi. Bu, Mərkəzə qarşı getmək idi və böyük cəsarət tələb edirdi. Digər müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda Azərbaycan dilinə siyasi havadarlıq edilirdi...

Ulu Öndər deyirdi: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Dil amili Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da qayğılarla əhatələnmişdi. Belə ki, Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edildi. Dövlətçilik baxımından olduqca gərəkli olan bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaratdı. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamladı.

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” deyən dahi Heydər Əliyev həm də deyirdi ki, “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”. Ulu Öndərin bu kəlamı “Mən azərbaycanlıyam” deyənlərin hamısının ömür yoluna düşən işıqdı…


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş