Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nurlu ömrün salnaməsi -VAQIF ABDULLAYEV YAZIR

Nurlu ömrün salnaməsi


Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir.

Ötən əsrin 50-ci illərində respublikamızın səhiyyə sistemini qayğılandıran, narahat edən problemlərdən biri traxoma xəstəliyi idi. Zərifə xanım həmin dövrdə bu xəstəlikdən əziyyət çəkən insanlara kömək etmək üçün bütün gücünü, əməyini sərf etdi. Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirdi, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırdı. Onun sanballı elmi kəşfləri sayəsində traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yarandı, xəstəliyin yayılmasının qarşısı alındı, tədricən ölkə əhalisi üçün təhlükə törədən bu ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxardı.

Zərifə Əliyeva göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə keçmiş sovetlər birliyində yeni elmi yol açdı. 1979-cu ildə respublikanın ən iri sənaye müəssisələrindən birində - Bakı məişət kondisionerləri zavodunda görmə orqanlarının peşəkar patalogiyasını öyrənən göz laboratoriyasının yaradılmasının təşəbbüskarı, təşkilatçısı və rəhbəri olmuşdur. Onun yaratdığı laboratoriyanın xidmətindən yalnız zavodun deyil, rayonun ərazisindəki bütün sənaye müəssisələrinin işçiləri də yararlanıbdır. Moskva, Kiyev, Minsk və digər iri şəhərlərin elmi-tədqiqat institutları laboratoriyanın işindən faydalanıbdır.

1981-ci ildə keçmiş ittifaq respublikalarının elmi həyatında, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisənin - Zərifə Əliyevanın SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülməsi böyük hadisə kimi qarşılandı. Zərifə xanımın bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın elm tarixinə qızıl hərflərlə yazıldı.

Görkəmli oftalmoloq, akademik A.Nesterov deyirdi ki, Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. “Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü”.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. M.İ.Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.

Zərifə xanım haqqında bütün ittifaq respublikalarının vətəndaşlarının xoş xatirələri bitməz-tükənməzdir. Milli Məclisin deputatı kimi Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri olarkən Zərifə xanımın Ukraynadada böyük ehtiramla yad olunduğunun şahidiyəm. Ukraynanın İrpen şəhərində Zərifə xanımın adına istirahət parkın və ucaldılmış büstün acllışında ukraynalıların Onu necə məhəbbətlə, dərin hörmətlə xatırladıqlarının şahidi olmuşam.
Zərifə xanımın adını daşıyan xüusi ixtisaslaşmış məktəbin müəllimlərinin Onun nəsib əməllərindən bəhs etməsi, traxoma xəstəsi olan neçə-neçə insanın bu nurlu əllərdən şəfa tapmasını minnətdarlıqa, ehtiramla qeyd etməsi Ona verilən səmimiyyətin, ali dəyərin ifadəsidir.

Zərifə xanımı Ulu öndər Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. Müstəqil dövlət quruculuğu və milli-mənəvi dəyərlərin qorunmasında ömrünü şam kimi əridən Ulu öndər Heydər Əliyevə arxa-dayaq olan Zərifə xanım xalqının, millətinə xidmət etmək üçün öz şəfasını əsirgəmək bilmirdi.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin anasıdır. Onun ən böyük xidmətlərindən biri Ailə qarşısındakı xidmətləridir. Övladlarına olan münasibəti və məhəbbəti ilə Analığın zirvəsində qərar tutmasıdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş