Hər kəsə məlumdur ki, ABŞ kimi ölkələrdə seçki öncəsi müzakirələr yeni keçirilmiş Prezident seçkilərindən dərhal sonra başlayır. Demokrat Bayden ABŞ-ın 46-cı Prezidenti seçilən zaman dünyada onun hakimiyyətindən olan gözləntilər daha çox demokratlara xas olan tərzdə, yumşaq gücdən istifadə edərək dəyişikliklərə nail olmaq idi. Baydenin inaqurasiyası zamanı etdiyi çıxışdan ABŞ-ın daha fəal xarici siyasət yürüdəcəyini və bunun daha çox Avrasiya regionunu əhatə edəcəyini artıq ehtimal etmək olardı. Bu isə qarşıda ABŞ-Rusiya qarşıdurmasının ciddi olacağından xəbər verirdi. Lakin Baydenin demokratların xüsusiyyətinə xas olaraq mübarizəni daha çox yumşaq güc və siyasi mübarizə müstəvisinə aparacağı məlum idi. ABŞ-ın bu istiqamətdə ilk addımı Rusiya hakimiyyətinə qarşı mübarizə aparan Navalni və Saakaşvilli kimi fiqurları siyasi meydana gətirmək oldu. Lakin ABŞ-ın bu planı baş tutmadı və hər iki fiqur neytrallaşdırılaraq həbs olundu. Baydenin ikinci həmləsi 2022-ci ilin əvvəlində Rusiya üçün əhəmiyyətli olan Qazaxıstanda başlanan vətəndaş hərəkatı idi və Rusiya bu hərəkatın da genişlənməsinin qarşısını hərbi yolla almağa müvəffəq oldu.
Ukraynada başlanan hərbi əməliyyatları əslində Rusiyanın ABŞ-ın bütün bu həmlələrinə cavab kimi də qiymətləndirmək olar. Müharibənin ilk aylarında Ukraynanın müharibədə hazırlıqsız görünməsi ondan xəbər verirdi ki, Vaşinqton bu müharibənin başlanmasında maraqlı deyildi. Lakin bu qarşıdurma artıq hərbi müstəviyə keçdiyindən Birləşmiş Ştatların bu qarşıdurmada Ukraynaya dəstək verməkdən başqa çıxış yolu qalmamışdır. Müharibənin bu qədər uzanması və dünyanın digər nöqtələrində potensial yeni münaqişə ocaqlarının formalaşması əlbəttə ki, dünyada sülh gündəliyini təşviq edən Birləşmiş Ştatlar üçün yeni çağırışlar hesab oluna bilər. Rusiya-Ukrayna hərbi qarşıdurması fonunda potensial İsrail-İran hərbi qarşıdurması, Ermənistanla-Azərbaycan arasında gedən proseslər, Çin tərəfindən olan risklər dünyada hələ ki, yumşaq gücün müharibələrə uduzduğundan xəbər verir. Təbii ki, bütün bu baş verənlər ABŞ federal büdcəsinə də təsirsiz ötüşmür. Davamlı şəkildə Ukraynaya hərbi və maliyyə yardımının göstərilməsi, kollektiv Qərbin, xüsusən NATO üzvü olan aparıcı Avropa dövlətləri arasında bu məsələlərlə bağlı mövcud olan fikir ayrılıqları Amerika daxili siyasətinə də təsirsiz ötüşmür.
Demokrat Bayden hər nə qədər dünyadakı dəyişikliklərin yumşaq güc və sivil yolla aparılmasını təşviq etsə də, faktiki olaraq onun hakimiyyəti dövründə dünyada hərbi münaqişələrin və müharibələrin sayı artmaqdadır. Əfqanıstanda köklü dəyişiklikliyə nail olmayan ABŞ-ın oradan əsgərlərini geri çəkməsi Bayden administrasiyasının sülh gündəliyinin hələ ki, əsas uğuru kimi sayılsa da, faktiki bu ölkədə vəziyyət əvvəlkindən daha da geriləmiş və radikal Taliban qüvvələri hakimiyyəti ələ keçirmişlər.
Bu gün dünyada demokratiyanın vəziyyəti və insan haqları ilə bağlı vəziyyət əvvəlki dönəmlərlə müqayisədə bir o qədər qənaətbəxş görünmür, əvvəlki dövrlərlə müqayisədə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və qurumlara inam azalmış, sülh və demokratiya sahəsində fəaliyyət göstərən təşkilatlar münaqişələrin həllindəki fəaliyyəti bir o qədər təsirli görünmür, beynəlxalq təsisatların qətnamələri diplomatik yollarla deyil, hərb meydanında öz həllini tapır.
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi, dünyada qlobal çağırışların və təhdidlərin artdığı bir dönəmdə təbii ki, Demokrat Baydenin öz yolunu davam etdirmək üçün ABŞ vergi ödəyiciləri olan seçicilərdən yeni bir dönəm üçün səs istəməsi də bir o qədər sadə olmayacaq. Demokrat Bayden bu ahıl yaşında bütün bu çağırışları öz kürəyində növbəti mərhələyə daşıya biləcək və yaxud onları daha zərif çiyinlərə -Kamala Harisə ötürülməsinə qərar verəcəkmi?-bunu zaman göstərəcək...
Vüqar Əhmədov