Azərbaycan sərhədlərinin tam nəzarətə götürülməsi üçün həm beynəlxalq səviyyədə, eləcə də yerli səviyyədə davamlı və effektiv iş aparıldı. Bu strategiyanın müəllifi, Azərbaycan Prezidenti İlham Əliyevin bütün addımları beynəlxalq hüquq və humanizm prinsipləri əsasında həyata keçirildi.
Təbii ki, Vətən müharibəsində olduğu kimi, bu məsələdə də dövlətlə-vətəndaş cəmiyyəti arasında böyük həmrəylik nümayiş etdirildi. Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin başlatdığı aksiya ilə dünya birliyi bir daha şahidi oldu ki, Azərbaycanda dövlət və cəmiyyət olaraq bizim məqsədimiz heç də ermənilərin təqdim etdiyi kimi Qarabağda hansısa etnik təmizləmə aparmaq deyil, tam əksinə öz ərazimizdə gələcəkdə yarana biləcək yeni lokal qarşıdurmaların qarşısını almaqdır.
Məhz bu məqsədlə ilkin olaraq Xankəndi-Laçın yolunu QHT nümayəndələri və gənclər nəzarətə götürdülər, bu həm erməni icmasına və dünya ictimaiyyətinə bir mesaj idi ki, Azərbaycan ermənilərlə məsələləri sivil müstəvidə, dialoq və reinteqrasiya prosesi vasitəsi ilə həll etməyi nəzərdə tutur. Məhz Xankəndi-Laçın yolunda davam edən aksiya zamanı Qarabağda yaşayan erməni əsilli sakinlərlə görüş keçirildi və onlar Bakıya dəvət olundu.
Bütün bunlar tədrici bir proses idi və bununla paralel baxmayaraq ki, həyata keçirilən tədbirlər ölkənin öz daxili məsələsi idi, Azərbaycan beynəlxalq səviyyədə də bu məsələni gündəmə gətirərək Ermənistan baş naziri tərəfindən ərazilərimizin bütövlüyü məsələsinin etirafını aldı. Bunun üçün yerli və beynəlxalq səviyyədə zəmin hazırlandı və artıq Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu hissəsində nəzarət buraxılış məntəqəsinin qurulması an məsələsi idi. Təbii ki, ekofəalların aksiyanı müvəqqəti dayandırması ümumilikdə vətəndaş cəmiyyətinin bu prosesdə iştirakının dayandırılması anlamına gələ bilməz. Əksinə mən belə düşünürəm ki, bu proses davamlı hal alacaq və aksiyanın davamı olaraq istisna deyil ki, vətəndaş cəmiyyəti fəalları və ekofəallar gələcəkdə Qarabağ iqtisadi zonasında qayıdış və yenidənqurma işlərində, reinteqrasiya proseslərində fəal iştirak edərək bu proseslərə öz töhfəsini verməyə çalışacaqlar.
Vüqar Əhmədov