Nəhayət ki, uzun müddətdən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir araya gəldi. Bu dəfə tərəflər Vaşinqtonda, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə görüşdü. Görüşdə əsas müzakirə mövzusu Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması olub.
Newscenter.az-ın xəbərinə görə, Vaşinqton görüşü barədə fikirlərini ifadə edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, reallıqlardan çıxış edərək Amerikanın təkbaşına və ya Brüssellə bir yerdə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmasına çalışması və Rusiyanı gözardı etməsi prosesin əvvəlcədən uğursuz olacağına dəlalət edir. Onun sözlərinə görə, Rusiyanın qeyri-konstruktiv rolunun bu prosesdə neytrallaşdırılmasının tək yolu onu fakt qarşısında qoymaqdır:
"Amma prosesin mərkəzində saxlamaq şərti ilə. Azərbaycan və Ermənistan XİN rəhbəri Vaşinqtonda sülh müqaviləsinin şərtlərini təsdiq edən sənədi imzalayıb, sonra hər iki dövlətin başçıları Rusiyanın qarşısına bu sənədlə çıxmalı və Rusiyanın da iştirakı ilə Moskvada sülh müqaviləsi imzalamalıdırlar. Rusiyanın əlavələr etməyə şansı olmamalıdır. Sülh müqaviləsində Rusiyanın imzası mütləq olmalıdır. Brüssel və ya Vaşinqtonun imzasının olması ikinci dərəcəlidir, amma vacibdir".
Politoloq deyib ki, bunlar nəzəri cəhətdən mümkün kimi görünsə də, praktiki olaraq mümkün olmasını əngəlləyən bir çox səbəblər var:
"Türkiyədəki seçkilərin nəticəsindən, Ukraynanın gözlənilən əks-hücum əməliyyatından tutmuş, Rusiyanın təxribatlarına kimi, hansıki bu təxribatların siyahısı uzundur. Ən yaxşı halda buna yaxın bir ayda qərar vermək olacaq. Ermənistanın bu sülhdə nə qədər səmimi maraqlı olması isə ayrı mövzudur".
Mehman