“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüş xüsusi önəm daşıyır. Bu görüşü danışıqlar prosesinin sürətləndirilməsinə təkan verəcək görüşlərdən biri kimi də dəyərləndirmək olar”.
Bu fikirləri Newscenter.az-a politoloq Samir Hümbətov səsləndirib. Politoloq diqqətə çatdırıb ki, XİN rəhbərlərinin Vaşinqton görüşündən əvvəl isə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutdu. Samir Hümbətovun sözlərinə görə, həm Blinkenlə Azərbaycan dövlət başçısı arasında baş tutan telefon danışığı, həm də okeanın o tayında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi onu deməyə əsas verir ki, Vaşinqton bu məsələdə xüsusi fəallıq göstərir:
“Amerikanın burada əsas istəyi Rusiyanın bölgədəki nüfuzunu zəiflətmək, mümkün qədər onu regiondan sıxışdırıb çıxartmaqdan ibarətdir. Ancaq onu da qeyd etmək lazımdır ki, indiki halda Azərbaycan və Ermənistan arasında keçirilən danışıqlar prosesinin sırf Amerikanın nəzarəti altına keçəcəyi də mümkün görünmür. Çünki Rusiya müəyyən vasitələrdən istifadə edərək regionda baş verən proseslərə təsir edə bilir. Nəzərə almaq lazımdır ki, Rusiya istər Qarabağdakı sülhməramlı kontingentinin imkanlarından istifadə edərək, istər Ermənistandakı 102-ci bazası, istərsə də Ermənistan daxilindəki müxtəlif yönümlü qüvvələrdən istifadə edərək proseslərə təsir edə bilir”.
Samir Hümbətov onu da deyib ki, bir çox hallarda bu kimi görüşlərdən sonra Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribatlar həyata keçirilir, atəşkəsin pozulması halları qeydə alınır:
“Bütün bunları nəzərə alaraq demək olar ki, prosesi idarə edib irəli aparmaq o qədər də asan məsələ deyil. Ancaq hər halda Vaşinqton cəhd göstərir ki, həm regionu, həm də bu məsələni Rusiyanın təsir imkanlarından çıxarsın”.
Politoloq onu da qeyd edib ki, danışıqlar prosesinin sürətlənməsi Birləşmiş Ştatların maraqlarına da cavab verir. Onun sözlərinə görə, danışıqlar prosesi müsbət sonluqla başa çatıb tərəflər arasında sülh müqaviləsi imzalancaqsa, o halda Amerika həm Azərbaycan, həm də Ermənistanda möhkəmlənmiş olacaq:
“Vaşinqton görüşünü bu baxımdan Amerikanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə təşəbbüsü ələ almaq cəhdi kimi qiymətləndirmək olar”.
Anar