İdarəçiliklə, xüsusilə də dövlət idarəçiliyi ilə bağlı söhbətlərdə deyərdim ki, tarix boyu sentralizasiya çeviklik və böhrana hazırlıqla, desentralizasiya isə gecikmələr və böhrana davamsızlıqla assosiasiya olunurdu. Son onilliklərdə isə idarəçiliyin qollarının mürəkkəbləşməsi, kommunikasiya texnologiyalarının irəliləməsi bu fikirləri kökündən dəyişib. Dünyanın bir çox yerlərində baş verən çoxlu örnəklər bu gerçəkliyi təsdiqləyir. Artıq desentralizasiya heç bir şübhə yeri olmadan effektivlik və çeviklik deməkdir.
Hər birimizin yaxından izlədiyi Türkiyə zəlzələsi və sonrasında baş verənlər də bu məqam üçün həm yaxşı, həm də hamımızın görə bildiyi bir nümunə oldu. Son konstitusiya dəyişikliklərindən sonra mərkəzləşmiş icraedici aparat hər xırda məsələ üçün saraydan təsdiq gözlədiyi və bəzi hallarda iflic olduğu halda, ölkə boyu onlarla böyük, yüzlərlə kiçik bələdiyyələr öz insiativləri ilə böhrana çevik, uğurlu və yaxşı mənada rəqabətli reaksiya verdilər. İstanbul və Ankara bələdiyyələrinin etdikləri meqa proyektlər isə ümumiyyətlə mərkəzi icraedici aparatla müqayisə edilir. Belə ki, bu iki bələdiyyə zəlzələ olan şəhərlərin xüsusi önəmli altyapı sistemlərini dərhal təmir etməkdən tumuş, işlədilməyən aeroportları logistika üçün təcili yenidən qurmağa qədər, yüz minlərlə insana qida və sığınacaq verməkdən tutmuş, xilasetmə işlərinə qədər hər sahədə çevik və effektiv işlər gördülər.
Kommunikasiya texnologiyalarının belə inkişaf etdiyi, dövlət idarəçiliyinin hər il yeni anlayışlarla mürəkkəbləşdiyi bir dövrdə bu dəyişikliklərlə ayaqlaşıb desentralizasiya prosesinə getməyən ölkələr nəinki öz vətəndaşlarına rifah verə bilməyəcək, həm də ekzistensial təhlükə ilə üz-üzə qalacaqlar.
Hörmətlə xatırladaq ki, Azərbaycan dünyanın ən mərkəzləşmiş şəkildə idarə olunan bir neçə ölkəsindən biridir və bu mərkəzləşmə daha da dərinləşdirilir.
Əmrah Cəfərov-politoloq