Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) təşkilatçılığı, Koreya Respublikasının hakim Xalqın Gücü Partiyasının və müxalif “Minjoo” (Demokratik) Partiyasının birgə evsahibliyi ilə 2023-cü il 30 aprel – 3 may tarixlərində Koreya Respublikasının Busan şəhərində ICAPP Daimi Komitəsinin 39-cu iclası və İCAPP Biznes Şurasının 1-ci iclası keçirilib.
Newscenter.az-a Yeni Azərbaycan Partiyasından bildirilib ki, mayın 1-də təşkilatın hazırkı fəaliyyətinə və gələcək planlarına dair müzakirələrin aparıldığı Daimi Komitənin 39-cu iclasında ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq ötən il noyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və evsahibliyi ilə Bakıda "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda ICAPP-ın xüsusi konfransının uğurlu təşkilinə görə bir daha təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən konfrans iştirakçılarına məktubun ünvanlamasını tədbirin əhəmiyyətinə verilən yüksək qiymətin bariz göstəricisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli sözügedən konfransın Bakıda keçirilməsi ilə bağlı YAP-ın təşəbbüsünə göstərdiyi dəstəyə görə ICAPP rəhbərliyinə və Daimi Komitənin üzvlərinə minnətdarlıq edərək qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən bəhs edib.
Mayın 2-də “İqlim böhranı dövründə Asiya biznesinin imkanları və çətinlikləri” mövzusunda keçirilmiş ICAPP Biznes Şurasının 1-ci iclasında Azərbaycanı “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru Ruslan Quliyev və “Bakı Tikiş Evi ASC”nin sədr müavini Elnur Rəhimov təmsil ediblər. İclasın “Daha yaxşı gələcək üçün dünyamızı dəyişmək: siyasi partiyaların biznesdə rolu” mövzusunda keçirilən birinci sessiyasında çıxış edən R.Quliyev, eləcə də “İqlim dəyişikliyi və Asiyanın enerji müstəqilliyi məqsədi ilə karbon neytrallaşdırılması” adlı ikinci sessiyada müzakirələrdə iştirak edən E.Rəhimov tədbir iştirakçılarına Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, qeyri-neft sektorunun inkişafı ilə bağlı görülmüş işlər, bərpa olunan enerji mənbələri və “yaşıl enerji” sektorunun inkişafına dövlət tərəfindən göstərilən diqqət, işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkədə xarici dövlətlər və şirkətlərlə birgə su, külək və günəş enerjisindən istifadə sahəsində həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizənin, habelə təmiz və bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin əhəmiyyətinin vurğulandığı Busan Bəyanatı qəbul edilib.
Mayın 3-də tədbir iştirakçıları “Busan World Expo 2030” sərgisi ilə bağlı brifinqdə iştirak ediblər.
Nümayəndə heyətinin səfəri mayın 3-də başa çatıb.
Mehman