Ermənilərə məxsus "Haytarak" qruplaşmasının emblemləri ilə Bakıda çəkiliş aparan şəxslər müəyyən olunub.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) feysbuk səhifəsində paylaşım edib.
Belə ki, teleqram kanallarında yayılan videolarla “Xaytarak” radikal qruplaşması Azərbaycanda sanki nümayəndələrinin olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib. Şəhidlər xiyabanında ermənilərə məxsus “Xaytarak” və “Erməni Ari dövləti” radikal qruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb. Görüntülərdən aydın görünür ki, çəkiliş edən şəxs qadındır. Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Bu zaman hər bir detal diqqətlə yoxlanılıb.
Əvvəlcə xüsusi əməliyyatla həmin videoları çəkən Rusiya əsilli, İtaliya vətəndaşı olan Yana Gutselyuk saxlanıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən teleqramda turizmyönümlü səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb: “Mən teleqramda “Salam Baku”, “Form Baku”, “Ruslar Bakıda”, “One Baku”, və s kimi müxtəlif qruplarda qeydiyyatdan keçmişəm. Belə qruplar əslində çoxdur. Mənə də sonra məlum oldu. Bu qrupların minlərlə auditoriyası var ki, orada əsasən rus dilində danışan gəlmə insanlar var. Amma sonra məlum oldu ki, bu qrupda həmçinin dələduzlar və ədəbsiz insanlar da var. Mənə heç də xoş olmayan bir hadisə ilə üzləşdim. Mən orada hər kəsi xəbərdar etmək istəyirdim, həmçinin o kəsləri kim ki, bunlardan şübhələnmir. Orada tanımadıqları kimlərləsə əlaqə yaratmamaqları barədə xəbərdarlıq etmək istəyirdim. Deməli başıma nə gəldi. Özünü qrup üzvlərindən biri kimi təqdim edən biri mənə yazdı. O, bu şəhərdə mənim necə yaşadığımı soruşdu. Onda mən həmin adamdan soruşdum ki, bu maraq nə üçündür? Heç söhbəti uzatmaq niyyətində deyildim. O, əvvəlcə özünü mənə Bakıda restoran sahibi və hazırda Bakıdan köçmüş biri kimi təqdim etdi”.
Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib ki, Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər xiyabanından foto və video çəkib göndərsin. Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib: “Bir neçə vaxt bundan əvvəl bir nəfər mənə yazdı. Məndə kömək istədi. Moskvada “Gəncə” kafesinin olduğunu və Ramazan ayında Şəhidlər üçün süfrə təşkil etmək istədiyini bildirdi. Onlar Bakıya gələ bilmədiklərini, amma yaxşı iş görmək istədiklərini vurğulayıb, şəkil çəkib atmağımı istədilər, əvəzində isə pul verəcəklərini bildirdilər. Mən dedim ki, şəhidlər üçün pul götürmərəm. Şəkilləri isə çəkə bilərəm, bu mənim üçün çətin deyil. O mənə bir şəkil göndərərək bir telefon ilə şəkil göstərib digəri ilə çəkməyimi dedilər. Şəklin birində “Gəncə” kafesi yazılmışdı. Mən buna təəccüblənmədim. Amma digərində erməni dilində nəsə yazılmışdı. Mən ondan soruşdum ki, erməni dilində yazılan nədir. Mən təxribat xarakterli bir işdə iştirak etmək istəmirəm. O dedi ki, burada problemli bir şey yoxdur”
Sonra həmin adam Elena Lariontsevaya bildirib ki, “mən azərbaycanlıyam və mənə inan”.
“Ona ən çox niyə inandığımı bilirsiniz? Rus dilində səlis yazırdı. Ermənilər heç vaxt belə yaza bilmirlər”, - deyə qadın bildirib.
Elena Lariontseva ilə Şəhidlər xiyabanında “Xaytarak” radikal quruplaşmasının embleminin fonunda şəkil və video çəkən əslən azərbaycanlı və Rusiyada yaşayan Lalə Bəhrəmova da saxlanılaraq ifadəsi alınıb. Lalə bildirib ki, atası azərbaycanlı, anası isə rus olub. 1995-ci ildə valideynləri ayrılarkən Lalə anası ilə Rusiyaya köçüb və orada yaşayıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalarla “Xaytarak” radikal qruplaşmasının “Telegram” kanalının təsisçi və inzibatçıları da müəyyən edilib. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan, Sarkis Arutyunan, İqor Akopcanyan və Artur Martirosyandır.
DTX əhali arasında təşviş yaratmaq, vahimə salmaq kimi hallara qarşı bundan sonra da qətiyyətli mübarizəsini davam etdirəcək. İnsanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək.