Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan düşmənçiliyi Qlobal Qərb mediasında patoloji xəstəliyə çevrilib -ÖZƏL

Ərdoğan düşmənçiliyi Qlobal Qərb mediasında patoloji xəstəliyə çevrilib


Türkiyədə seçkilərə sayılı günlər qala siyasi gərginlik getdikcə artır. İndi həm daxildəki bəzi qüvvələr, həm də xaricdəki antiTürkiyə dairələr Ərdoğanın seçkidə qələbə qazana bilməməsi üçün bütün güclərini səfərbər ediblər. Elə AMEA-nın əməkdaşı Elvusal Məmmədov da hesab edir ki, seçkilərə heç bir həftə qalmamış Qərb media maşını Ərdoğana hücum kampaniyasını genişləndirib.

Newscenter.az-ın xəbərinə görə, Elvusal Məmmədov deyib ki, bu kampaniya Avropa və ABŞ siyasi dairələrinin düşdüyü təşviş və qapıldıqları isterikanın göstəricisidir:

"Təsəvvür edirsinizmi, son bir ay ərzində yüzlərlə məqalədə, hesabatlarda, məşhur qəzet və jurnalların üz qabığındakı sərlövhələrdə Türkiyə lideri ən iyrənc formada hədəf seçilir, söhbətin bəşəriyyət üçün təhlükədən getdiyini bildirən başlıqlar hazırlanır, Türkiyə vətəndaşlarına Qərbə loyal münasibət bəsləyən müxalifət liderinə səs vermək çağırışı edilir... Bəzi başlıqlara nəzər salaq:

İngiltərənin “Ekonomist” (The Economist) jurnalının bu həftəlik buraxılışının üz qabığında “Ərdoğanın getməli olduğu”ndan danışılır, “demokratiyanın qorunması” çağırışı edilir, Türkiyədəki seçki “2023-cü ilin ən mühüm seçkisi” adlandırılır. Bax: qoşma-şəkillər

Almaniyanın “Şpigel” (Der Spiegel) jurnalının üz qabığı da Ərdoğana ayrılıb. Arxa qırmızı fon Türkiyəni simvolizə edir. Üz qabığındakı yazılar (“Məğlub edilməsi mümkün; dirçəlmə, yaxud xaos” və təsvirlər (dağılıb tökülməkdə olan taxt; parçalanan hilal) Qərb mediasının hikkə və isterikasının dərəcəsini əks etdirir. Bax: qoşma-şəkillər"

Elvusal Məmmədovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Qərb təfəkkürü irqçi və qərəzli təfəkkürdür, odur ki Ərdoğan düşmənçiliyi Qlobal Qərb mediasında patoloji xəstəliyə çevrilib:

"İrqçilik və qərəzlilikdən əziyyət çəkən bu təfəkkür demokratiyanın özünə belə ikili yanaşır: bir tərəfdən, dünyada demokratiyanın yayılmasının mühümlüyünə çağırış edilir, xalqların öz liderlərini seçmək hüququna hörmətlə yanaşılmasının zəruriliyindən danışılır, digər tərəfdən isə şəffaf seçki ilə iyirmi ildir hakimiyyətini qoruyan Ərdoğan diktator adlandırılır, deməli, Ərdoğanın seçilməsi – demokratik seçimin nəticəsi qeyri-məqbul hesab olunur. Bəli, qərəzli və hikkəli Qərb mediası və siyasi dairələri Türkiyə xalqının seçiminə hörmət etməyi bacarmır. Əslində Qərbin demokratiya maskası çoxdan – 2005-ci ildə Fələstində seçkilərdə qalib gəlmiş HƏMAS-a qərəzli münasibət bəslədikləri gündə cırılmışdı. Faydalı təkrar üçün deyirik: Ərdoğanın seçilməsindən narahatlıq – demokratik seçkinin nəticələri ilə barışmamaq mənasına gəlir. Bu isə göstərir ki, Qərbdə siyasi dairələr və dominant medianı Şərqdə demokratiya maraqlandırmır. Onların Şərq üçün öz maraqları və planları vardır.

Əksinə düşünək: Görəsən, Qərbin hakim dairələri bu gün Türkiyəyə münasibətdə etdikləri şeyin eynisini müsəlman dövlətlərinin, Rusiya və Çinin özlərinə qarşı etmələrinə razı olardılarmı? Bu dairələr öz liderlərini seçmiş Avropa və Amerika xalqlarının digər dövlətlərin mediasında “cahil”, “şüursuz” adlandırılmasına hansı reaksiyanı verərdilər?!
Nə üçün Ərdoğan Qərbdə “person non-qrata” hesab olunur?

Səbəb demokratiyadırmı? Xeyr, ərz etdik ki, Qərb siyasi dairələrinə Şərqdə demokratiya lazım deyil; demokratiya Şərqə, elə Türkiyəyə müdaxilə üçün bəhanədir. Əgər Qərb demokratiya “məcnun”u olsaydı, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Tunis təcrübəsinə bu gün Türkiyəyə göstərdiyi münasibətin eynisini göstərərdi".

Elvusal Məmmədovun qənaətincə, Qərb Ərdoğanı ona görə sevmir ki, sözəbaxan, üzüyola, itaətkar sol Türkiyəsini etiraz edən, müqavimət göstərən, öz sözünü deyən, sözünü yeridən, regionda və beynəlxalq münasibətlərdə nüfuzunu genişləndirib qəbul etdirən sağ Türkiyəsinə çevirib:

"Bəli, Türkiyənin inkişafı, boyunduruqdan çıxması Qərbi narahat etməyə bilməz. Birinci dünya müharibəsində darmadağın edilməsindən heç bir əsr keçməyib, amma bu gün Türkiyə özünə gəlmiş, qüdrətli dövlət olaraq beynəlxalq sistemdə yerini almışdır. Əlbəttə ki, bu hal Şərqin idarə edilməsində istədikləri kimi davranan, başqa oyunçular görməyə vərdiş etməyən Qərb siyasi və militarist dairələrini qane etmir.

Düzdür, Ərdoğan xilafətdən danışmır, daxili və xarici siyasətdə islam qanunvericiliyinə müraciət etmir, amma Qərbdə yaxşı başa düşürlər ki, Türkiyənin gücü Müsəlman dünyasının gücüdür, Türkiyənin beynəlxalq oyunçuya çevrilməsi islam dünyasının sahəyə geri qayıtmasıdır".

AMEA əməkdaşı daha sonra bunları qeyd edib:

"Qərbdə onu da yaxşı başa düşürlər ki, təxminən bir əsrdir Türkiyədə müdafiə etdikləri qüvvələr geri qayıtmadıqca bu ölkəni “sözəbaxan vassal” halına geri qaytarmaq mümkün deyildir. Ərdoğan Qərbin “70 illik zəhmətini hədər edən” rəqibdir, “yetmiş il ərzində dəstək verdikləri, investisiya yatırdıqları fiqurları yerindən etmiş “vəzir”dir.
Mürəkkəb və qəliz siyasi mübarizə meydanında balansı pozan, Türkiyəni pay sahibi edən Ərdoğan Qərbə sərf eləmir...
Düşmənləri ilə artıq ölkə xaricində mübarizə aparan, qısqac siyasəti yürüdən, silah ixrac edən Türkiyənin qurucusu Ərdoğan Qərb üçün arzuedilməzdir... Belə Türkiyə onlara lazım deyildir.
Bizə gəlincə, Azərbaycan gözü ilə baxa bilsək, Ərdoğan bizə çox lazımdır... Qarabağdakı işlərimizi tamamlamaq, Zəngəzur layihəmizi həyata keçirmək üçün Ərdoğana ehtiyacımız vardır".

Anar Əliyev
Xəbəri paylaş