Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Səni taleyimin nuru bilirdim..." - Bayram Məmmədov yazır

"Səni taleyimin nuru bilirdim..." - Bayram Məmmədov yazır


Vətən təkcə sərhədlərlə əhatələnmiş ərazi deyil. Vətən min illərdən bu yana müqəddəsliklə yaşadılan məkandı, elə bir məkan ki, qəlbitəmizlər onu varlığın başlanğıcı bilir. Bəzən siyasi çalxantılar bürüsə də, Vətənə "Sən varsan, biz varıq!" deyənlər onu bu çalxantıların girdabından xilas edir, "Səni taleyimin nuru bilirəm..." deyir.

Azərbaycan belə bir tale yaşamışdı. Azərbaycana "Səni taleyimin nuru bilirəm..." deyənlərdən biri də Vəli Əli oğlu Quliyev idi; Zəngilanı sevirdi, Azərbaycanı sevirdi, "Sizi taleyimin nuru bilirəm..." deyirdi. Vəli Əli oğlu həm ruhunda, həm də Tanrı verən ömürdə taleyinə nur bildiyi Zəngilanı da, Azərbaycanı da yaşadırdı. Əzizlərinə nəsihətləri sırasında "Sevin Vətəni..." nəsihəti də olardı...

Hansı ictimai-siyasi qurumun tərkibində olsa da, tarix yaşadılır, unudulmur. Azərbaycan SSRİ-nin tərkibində olanda da azərbaycançılıq məfkurəsi yaşadılırdı, dövlət müstəqilliyi bərpa edildikdən sonra da yaşadılır. O vaxtlar SSRİ-yə atılan güllələri müttəfiq respublikalar özlərinin sərhədlərində hiss edirdi, milli-xəlqi ruh respubliknın sərhədlərini də aşırdı. O illərdə siyasi rejimin tələbi ilə Vətən məfhumunun dərki başqa idi. Gizlin-aşkar mübarizələr bu başqa dərki öz məcrasına qaytarmalıydı. Ancaq hələ zaman o zaman deyildi...

Başqalaşmış dərk azərbaycanlıların Azərbaycan sevgisinin üstündə zərrəcə yel əsdirə bilməmişdi. Gənclər belə böyüyürdü, belə formalaşırdı. Duyumlular üçün SSRİ Azərbaycanın mənəvi ucalığında dayanmırdı...

Belə düşünənlərdən, belə yaşayanlardan biri də Vəli Əli oğlu Quliyev olub...

Vəli Əli oğlu Quliyev 1916-cı il iyunun 14-də Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olmuşdu. Zəngilan orta məktəbində təhsil almışdı, 1934-cü ildə Bakı Dəmiryol Texnikumunu mühasib ixtisası üzrə bitirmişdi. Təhsilini dövrün siyasi rejiminin istəyi səviyyəsində geniş dünyagörüş tamamlayırdı. 40-cı illərin əvvəllərində belə kadrlar diqqətdə saxlanılırdı. Vəli Quliyevi biliyinə, siyasi fəallığına görə Bakı şəhəri Lenin rayon komsomol komitəsinin təşkilat şöbəsində işə təyin etdilər. Gənclərlə iş sovet ideologiyasının vacib tərkib hissələrindən biri idi və belə bir mühüm işə ancaq bacarıqlı gəncləri cəlb edirdilər.

Rayonun gəncləri onun siyasi səbatlığından, dünyagörüşündən, milli-mənəvi dəyərlərimizə sədaqətindən və sevgisindən çox şey öyrənirdi. Bu proses rayon miqyasında mərhələlərlə inkişaf etdirilirdi...

İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. 1941-ci ilin noyabrında Qaryagin (indiki Füzuli) rayonunun hərbi komissarlığı 25 yaşlı Vəli Quliyevə də döyüşlərə göndərilməsi üçün çağırış vərəqi göndərdi. O anlarda nələr düşünüb Vəli Əli oğlu? - indi demək mümkün deyil. Qətiyyətlə deyə bilərik ki, müəyyən təhsilə, geniş duyuma, əhatəli dünyagörüşə malik olan gənc döyüşlərə ruhun çağırışı kimi gedirdi. Gedirdi ki, SSRİ-nin timsalında Azərbaycanının müdafiəçilərindən biri olsun...

Vəli Quliyev Buynak Piyada Məktəbinə göndərildi. Hərbi təhsil aldı. 1942-ci ilin mart ayında 849 saylı qərb atıcı alayında taqım (vzvod) komandiri vəzifəsinə təyin edildi. Bu, gənc azərbaycanlının İkinci Dünya müharibəsində iştirakının başlanğıcı idi. Alay, alayın tərkibində taqım mərdliklə döyüşürdü. Komandanlıq döyüşlərdə fərqləndiyinə görə taqımın komandirinə - Vəli Əli oğlu Quliyevə təşəkkür elan etmişdi. Döyüşlər ara verəndə Vəli Əli oğlu döyüşçülərə deyərmiş: "Bu təşəkkürü sizə elan edilən təşəkkür bilirəm. Biz təşəkkür üçün döyüşmürük. Biz müharibənin qələbə ilə başa çatması üçün döyüşürük".

İkinci Qarabağ müharibəsində döyüşlərində əslən zəngilanlı olan zabit Surxay Noçiyev də döyüşdən əvvəl döyüşçülərə deyib: "Biz qəhrəmanlıq üçün deyil, qəhrəmanlar kimi döyüşəcəyik". Döyüşdülər. Surxay şəhid oldu, Vətən müharibəsi Qəhrəmanı adına layiq görüldü. Bu ruh 78 il əvvəl Vəli Quliyevin döyüş ruhunun davamının ruhu olub, şübhəsiz, İkinci Dünya müharibəsində döyüşən zəngilanlıların döyüş ruhu Vətən müharibəsində belə yaşadılıb...

Komandanlıq Vəli Quliyevin komandirlik qabiliyyətini yüksək dəyərləndirirdi. Onun taqım miqyasında döyüşü idarəetmə qabiliyyətini də bəyənirdi. 1942-ci ilin iyul ayında Vəli Quliyev 599-cu atıcı alayının avtomatçılar taqımının komandiri təyin edildi. Bu, müdafiədən hücuma keçid dövrü idi. Bu, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə hərbi əməliyyat şəraitində dönüşün başlanğıcı idi. Vəli Quliyevin komandiri olduğu taqım döyüşlərə bu ruhla başlayırdı. Başladı...

Sovet qoşunları döyüşə-döyüşə qələbəyə sarı irəliləyirdi. Belə irəliləmələr ağır döyüşlərdən keçirdi, ölümlərdən keçirdi. Belə irəliləmələr qarşıya çıxan maneələrin aradan qaldırılması idi, düşmənin quraşdırdığı müdafiə sədlərinin dağıdılması idi, bəzən təbii manelərin açılması idi...

Qoşunların yolunu Qərbi Dvina çayı kəsmişdi. Bu çayın o tərəfində qələbə olacaqdı. Ancaq çayı keçdikdən sonra. Çayın sahili düşmən qüvvələrinin müdafiə zolağı idi. Bu zolaq aradan qaldırılmalı idi. Çətinlik həm də təbii çətinlik idi: düşmənin həmin müdafiə zolağı qoşunlarımızın hücuma keçəcəyi mövqedən yüksəklikdə yerləşirdi. Qoşun hissələrimizin hər bir hərəkəti, tərpənişi düşmənin müşahidəsindəydi. Mövqelərimizi kəşfiyyat məlumatlarına ehtiyac hiss etməyən düşmən artilleriya ilə vururdu. İri çaplı pulemyotlardan döyüşçülərimizin irəliləməsinə "çəpər çəkilirdi".

Komandanlıq qərara almışdı ki, düşmənin nəzarətindən sızmaqla çay qruplarla keçilməlidir. Əmrin icrası komandiri Vəli Quliyev olan taqıma tapşırıldı.

Çayı kiçik sallarla keçməyi qərara almışdılar. Hardan keçilməsini, nə vaxt keçilməsini də Vəli Quliyevin özü müəyyənləşdirmişdi; komandir ona belə bir səlahiyyət vermişdi. Bu səlahiyyət döyüşçülərin döyüş əzmini də yüksəltmişdi, qələbə ruhunu da.

Düşmən çaykeçməni müşahidə edə bilməsə də, orda mövqelənmələri duyubmuş. Çayın o biri sahilində təzəcə mövqelənibmişlər ki, düşmən atışa başlayıb. Taqım döyüşüb, döyüşüb kitabor (batalyon) çayı keçənə kimi düşmənin diqqətini öz üzərlərində saxlasın. Döyüş xeyli çəkib. Tabor sahili keçənə kimi davam edən döyüşdə Vəli Quliyev ayağından yaralanır. Bu əməliyyat sonrakı dö-yüşlərin gedişində olduqca əhəmiy-yətli olmuşdu. Taqım komandiri Vəli Quliyev 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilmişdi. Bu təltif taqımın şəxsi heyətinin döyüş ruhunu kükrətmişdi...

Müharibə davam edirdi...

Zəngilandan çox-çox uzaqlarda Vəli Quliyev də döyüşürdü...

Vəlinin komandir olduğu taqım Litvanın Şaulyay şəhəri uğrunda gedəcək döyüşlərə cəlb olunmuşdu. Döyüşlərdə bəzən bu və ya digər hərbi bölümün gücünün çatıb-çatmayacağı nəzərə alınmır. Avtomatçılar taqımına düşmənin müdafiə səddini yarmaq əmr edilmişdi. İlkin kəşfiyyat məlumatları əsasında müdafiənin hansı istiqamətdən yarılmasının mümkünlüyünü götür-qoy etdilər. Vəli Quliyevin komandirliyi ilə düşmənin gözləmədiyi məqamda hücuma keçdilər. Belə döyüşlərdə cəsarət də əhəmiyyətli olur, taktiki manevrlər də. Taktiki manevrləri komandir kimi Vəli Quliyev müəyyənləşdirdi, cəsarət hər döyüşçünün özünün silahı idi. Gərgin döyüşdən sonra əmr yerinə yetirildi.

Vəli Quliyev 2-ci dərəcəli "Şöhrət" ordeni ilə təltif edildi...

Litvanın Lubava şəhəri yaxınlığında 106, 9 yüksəkliyi döyüşlərin sonrakı gedişini qələbəyə yaxınlaşdırmağa, nəticə etibarilə qələbə qazanmağa imkan vermirdi. Strateji əhəmiyyətli bu yüksəkliyin alınmasını komandir təxirəsalınmaz bilirdi. Neçə dəfə yüksəkliyə hücum təşkil edilmişdi, hücum hər dəfə uğursuzluqla nəticələnmişdi, xeyli döyüşçümüz həlak olmuşdu. Əmr isə hələ ki, yerinə yetirilməmişdi. Komandir əmrin icrasını avtomatçılar bölüyünə tapşırdı.

Bölük komandiri Vəli Quliyevin tətbiq etdiyi taktika düşməni çaşdırdı, əsas qüvvəsini sol cinaha cəmləşdirmişdi. Vəli Quliyev buna məhəl qoymadan bölüyü dörd qrupa ayırdı ki, məqamında bütün istiqamətlərdən eyni vaxtda hücuma keçsinlər. Düşmənin müdafiə səddi Vəlinin özünün rəhbərlik etdiyi ön tərəfdən yarılacaqdı. Döyüşçülər avtomatlarını çiyinlərinə elə keçirmişdilər ki, uzaqdan müşahidə olunmurdu, Vəlinin göstərişi ilə ciblərində xeyli əl qumbarası yerləşdirmişdilər. "Almanlar elə zənn edərlər ki, biz təslim olmaq istəyirik. Və bizi çox yaxına buraxarlar. Və onda mənim işarəmlə bütün qrup birdən qranatları tullayar və bununla da iş bitərdi. Mənim planım belə idi", - Vəli Quliyev həmin döyüş haqqında sonralar belı yazmışdı. Bu, İkinci Dünya müharibəsinin tarixi idi. Belə də olmuşdu. Bölüyün qrupları müəyyən edilmiş vaxtda irəliləməyə başlamışdı. Almanlar onları yaxına buraxmışdılar ki, hamısını əsir götürsünlər. Birdən-birə döyüşsüz-filansız bu qədər əsir! Əlbəttə, alman komandanlığı bundan xeyli məmnun olardı...

Avtomatçılar bölüyü əmri yerinə yetirdi...

"Almanlar bizim qrupla çox maraqla

nırdılar. Onlar hətta necə mühasirəyə düşdüklərini də anlaya bilmirdilər. Biz bir nəfər də olsa itki vermədən yüksəkliyi aldıq", - bunu da sonralar Vəli Quliyev yazmışdı...

Bu əməliyyata görə Vəli Quliyevə birinci dərəcəli "Şöhrət" ordeni verilmişdi...

"Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş yeganə zəngilanlı Vəli Əli oğlu Quliyev olub...

İkinci dünya müharibəsi başa çatdı. Digərləri kimi, Vəli Əli oğlu da döyüşən ordu sıralarından tərxis edildi. Müharibə veteranı, həm də bu qədər qürurverici səviyyədə döyüşmüş bir azərbaycanlı ilə təkcə zəngilanlılar deyil, Azərbaycan fəxr edirdi...

Zəngilana qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirdi. Əsl döyüşçü təmkini ilə, əsl azərbaycanlı sevgisi ilə, əsl insan münasibəti ilə...

Vəli Quliyev Zəngilan rayon İstehlak Cəmiyyəti İdarə heyətinin sədri işlədi, Kino Birliyində, Kommunal Müəssisələr Birliyində və Məişət Xidməti Kombinatında baş mühasib işlədi. Həmişə də ehtiramlarla əhatələndi. Həmişə gənclərin milli-mənəvi dəyərlərimizlə formalaşmasına çalışırdı, məsləhətlər verirdi, öyüd-nəsihət verirdi, döyüşlərlə döyüşlərdən sonrakı dövrlər arasında analogiyalar gətiridi, İkinci Dünya müharibəsinin döyüşlərindən, döyüşlərdə həlak olanlardan danışardı. Bu söhbətlərin mahiyyəti Vətənə, bu baxımdan Azərbaycana sevgi olardı.

Qəhrəmanlar da ölmür, qəhrəmanlıqlar da. Vəli Quliyev qəhrəmanlar kimi döyüşmüşdü. "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq görülmüş Vəli Quliyev 1967-ci il avqustun 23-də vəfat etdi. Adi ömür yaşamayan igid zəngilanlının adı Zəngilanda əbədiləşdirilmişdi. Zəngilan kənd orta məktəbinə, Zəngilan şəhərində küçələrdən birinə Vəli Quliyevin adı verilmişdi.

1993-cü ilin oktyabrında Vəli Quliyevin də ruhu hönkürmüşdü, 2020-ci il oktyabrın 18-i onun da ruhuna gözaydınlığı günü oldu...

Vəli Əli oğlu Quliyevi tanıyanlar onu həmişə böyük ehtiramlarla xatırlayırlar. Səmimiliyinə görə, el-obasına sevgisinə görə, dostluğa sədaqətinə görə, xeyirxahlığına görə...

Övladları Ruslan, Əli, Emin el-obanın Vəli Əli oğluna ehtiramına ehtiram gətirdi. Bu ehtiram həm ata adına, həm də atanın nəsihətinə sevginin təzahürü idi. Onlar da Vətəni ataları kimi sevdilər...

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Xəbəri paylaş