2008-ci ilin ortaları idi. Sürətlə yayılan bir xəbər insanlarımızı çox narahat etdi: Türkiyənin Xarici İşlər naziri Əli Babacan Nyu-Yorkda jurnalistlərə müsahibəsində Ermənistan hökuməti ilə dialoq qapısı açmaq niyyətindən danışmış, erməni həmkarına məktub göndərdiyini bildirmişdi. Təbii, o zamankı dövlət başçısı Abdullah Gülün siyasi iradəsini ifadə edən nazir 1915-ci il hadisələri daxil “Erməni məsələsi” ilə bağlı bütün problemlərin bu birtərəfli “humanizm” aksiyası ilə düzələcəyinə sadəlövhcəsinə inandığını demişdi.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, diplomatik və iqtisadi əlaqələrin qurulması Azərbaycan ictimaiyyətini, iqtidarlı-müxalifətli bütün vətəndaşları narahat etməyə bilməzdi. Xarici mediada üzə çıxan Ermənistan-Türkiyə əlaqələrinin bərpası istiqamətində xəlvəti danışıqların getməsi, Bakıda hakimiyyət dəhlizləri üçün yeni deyildi. Türkiyənin bəzi özəl iş adamları əvvəllər də Ermənistanla xırda alış-veriş aparırdı. Son vaxtlar isə dövlət səviyyəsində rəsmi münasibətlərin qurulacağı, sərhədlərin açılacağı barədə konfidensial məlumatlar gəlirdi.
Hələ üç il əvvəl Bakıya səfər edən Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri Bülənt Arıncı qəbul edən Azərbaycanın Baş naziri Artur Rasi-zadə delikat şəkildə: “Qarabağ məsələsi həll olunmayana qədər Ermənistanla Türkiyə sərhəddini açmaq olmaz! Bizim xalqın da, rəhbərliyin də qəti fikri belədir. Bu mümkün deyil”, – demişdi. Bülənt Arınc isə: “Təklif Avropa Birliyindən gəlmişdi, amma lazımi cavabları verildi”, - deyib mövzunu qapatmışdı.
Ancaq indi məlum olurdu ki, kimlərsə prosesi altdan-altdan süründürür...
Nəhayət, 2009-cu ilin əvvəlində həmin gizli projenin lokomotivi, gənc və enerjili Xarici İşlər naziri Əli Babacan tarixi missiya ilə Bakıya gəldi: “Artıq məsələlər həllini tapıb, sonda strateji partnyor kimi Azərbaycanı da məlumatlandırıb qapıları taybatay aça bilərik!”
Həmişəki kimi A.Rasi-zadənin sakit kabineti qarşısında ajiotajla çaxnaşan “basın mənsublarının” şaqqıldayan foto-video kameralarının əhatəsində gülərüzlü Əli Babacan iti addımlarla, xüsusi şövq və şəstlə kabinetə daxil oldu. Sağdan-soldan hay-küylə çəkiliş aparan kameraların önündə nikbin baxışlarla poz verib, obyektivə diplomatikcəsinə gülümsədi, Azərbaycanın Baş nazirinin əlini sıxıb gülə-gülə A.Gülün salamlarını yetirdi... Tarixi anın əbədiləşdirilməsi proseduru başa çatandan və çoxsaylı mətbuat nümayəndələri kabineti tərk edəndən sonra, səssiz şəraitdə danışıqların əsas hissəsi başlandı.
Uğursuz və perspektivsiz bir plan ətrafında uzun-uzadı danışan gənc diplomatın tarixi ekskursunu, dünyanın gərdişi, dəyişilməsi, qloballaşması, yeni reallıqların yaranması və s. barədə fəlsəfi-politoloji düşüncələrini dünya görmüş Baş nazir səbrlə dinlədi. Təbii ki, gəncin söhbəti hara yönəltdiyi təcrübəli Baş nazirə aydın idi.
Odur ki, qonağın nitqinə cavab olaraq, mövqeyinin preambulasında qardaş ölkə ilə əlaqələrimizin böyük Atatürkün dediyi kimi - “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” amalı üzərində qurulduğunu bir daha xatırlatdı. Türkiyə ilə əlaqələrin bizim üçün çox önəmli olduğunu, Türkiyənin uğurlarına xalqımızın öz uğuru kimi sevindiyini, ağrılı Qarabağ münaqişəsinin həllində qardaş Türkiyənin dəstəyinə arxalandığımızı xatırlatdı.
Gənc diplomat isə səmimi qarşılanma havasından daha da ruhlanaraq, fürsəti fotə vermədən əsas mətləbə keçdi: Ermənistanla sınırların açılmasının müsbət tərəflərini saymağa başladı. Bu əlahiddə plan reallaşdıqdan sonra Qarabağ münaqişəsinin dərhal həll olunacağını, Ermənistanın işğal etdiyi ərazilərdən könüllü geri çəkiləcəyini, qaçqın-köçkün soydaşlarımızın tezliklə öz evlərinə qayıdacağını, barış, əmin-amanlıq yaranacağını fərəhlə bəyan etdi.
Ancaq o, eyforiya içində danışdıqca, Baş nazirin sifətinin, baxışlarının, əhvalının necə dəyişildiyini hiss etmirdi.
Nəhayət, özünün diplomatik uğurundan ruhlanan Xarici İşlər naziri Əli Babacan sanki böyük muştuluq verirmiş kimi anons etdi: “Artıq hər şey hazırdır, tezliklə sərhəddə açılış törəni olacaq...”- dedi.
Və unutdu ki, o, bu xəbəri illərdir erməni təcavüzündən əziyyət çəkən bir ölkənin hökumət başçısına, Avropadan Amerikaya qədər, Asiyadan-Afrikaya qədər az qala bütün dünya ilə bu mövzuda danışıqlar aparıb ən müxtəlif təklifləri müzakirə edən, ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən məsələnin heç cür həll olunmadığını bilən, bu mürəkkəb problemə illərini həsr edən bir ağsaqqala deyirdi...
Baş nazir daxilən nə qədər gərgin olsa da, qarşı tərəfdə dost, qardaş Türkiyə nümayəndələrinin əyləşdiyini nəzərə alıb emosiyalarını cilovlayaraq səbrlə cavab verdi. Əslində qiymətli vaxtını alan bu əhəmiyyətsiz söhbətdən darıxdığını bildirmək istəmirdi. Əli Babacanın öz aləmində çox "kreativ" saydığı projesini maksimum nəzakətlə, beynəlxalq münasibətlər etiketinə uyğun taktla cavablandıran A.Rasi-zadə sərrast cümlələrlə özündən 32 yaş kiçik olan gülümsər gənc diplomata sanki yenidən diplomatiya dərsi keçirdi:
“...Sən hələ cavansan, bala, erməniləri yaxşı tanımırsan. Ancaq mən yaşlı adamam, ömrüm boyu müxtəlif vəzifələrdə işləyəndə onların necə məxluq olduqlarını görmüşəm, xislətlərinə yaxşı bələdəm. Nə özünü aldat, nə də bizi. Sərhəd açmaqla, dialoq aparmaqla, söhbət eləməklə erməni nə Qarabağdan əl çəkəndir, nə də Araratdan... Bu addımınız heç bir problemi həll etməyəcək. Əksinə, ermənilərlə sərhəddi açıb münasibət qurmağınız, gediş-gəlişə, alış-verişə başlamağınız onsuz da arxasında iri dövlətlər dayanan düşmənə əlavə güc verəcək... Amma onu da bilin ki, belə addım atsanız, Azərbaycan xalqı müvafiq nəticələr çıxartmağa məcbur olacaq. Əminəm ki, o zaman Türk xalqı da Azərbaycanın yanında olacaq... Bunları nəzərə alın... Sizin bu oyunun axırı yaxşı heç nə vəd etmir... Bu qədər! Əgər başqa sözün yoxdursa, dur get, mənim işim çoxdur!”
Sözünü açıq deyib, fikrini konkret bildirən Artur Rasi-zadə həmişəki kimi danışıqların bitdiyinə işarə olaraq, sağ əlinin dörd barmağını yüngülcə stolun kənarına vurub ayağa qalxdı.
Pərtliyindən yanaqları daha da qızarmış gənc Xarici İşlər naziri isə danışıq öncəsi mövqeyini tutarlı dəlillərlə masaya yatırmaq üçün qarşısına tökdüyü kağızları yığa-yığa bir müddət oturduğu yerdə qaldı...
Bakıda Əli Babacanın yaşadığı həmin “A.Rasi-zadə şoku” barədə xəbər ildırım sürətilə əvvəl rəsmi dairələrdə yayıldı, sonra mətbuata da sızdı. Rəsmilər məsələni çox açıb-ağartmasa da, media “şok açıqlamaları” saxlaya bilmədi. “Hürriyyet” (Türkiyə), “Günaz.tv”, “Azadlıq” Radiosu və başqa KİV-lər bu barədə materiallar yaydılar...
“Hürriyet” qəzetinin köşə yazarı Metehan Dəmir yazmışdı ki, bu günə qədər Türkiyə-Azərbaycan münasibətlərində ən ciddi böhran Xarici İşlər naziri Əli Babacanın Azərbaycana səfəri zamanı yaşandı.
P.S. Ermənistanın başa düşdüyü dildə “danışaraq”, Qarabağın azad ediləcəyi və üçrəngli bayrağımızın Şuşada ucaldılacağı tarixi Qələbə gününə qədər isə hələ qarşıda 11 il vardı.
Akif ƏLİ,
Fəlsəfə doktoru
Əməkdar jurnalist,
yazıçı-publisist