Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədəki siyasi qütbləşmə sürpriz olmamalıdır

Türkiyədəki siyasi qütbləşmə sürpriz olmamalıdır


14 may tarixdə keçiriləcək Türkiyə seçkiləri dünyanın diqqət mərkəzində olmaya bilməz və bunun da təbii səbəbləri var. Hər şeydən əvvəl dünya düzəninin yenidən formalaşdığı bir dönəmdə həmin prosesdə az və ya çox yer alan istənilən ölkədə seçkilər təkcə daxili və hətta regional əhəmiyyət daşımır, Türkiyə isə Şimali Atlantika blokunun ikinci hərbi gücü kimi bu mənada çox önəmlidir.

İkinci, geosiyasi mübarizənin mərkəzində olan Yaxın Şərq bölgəsinə kimin və necə təsir edəcəyi əhəmiyyətli dərəcədə Türkiyənin və onun rəhbərliyinin mövqeyindən asılı olacaq. Üçüncü, Türkiyə Cumhuriyyəti avtoritarizmlə sivil hüquqi münasibətlər modeli arasında ləngər vuran dövlət kimi gələcək dünya sistemində bölgə ölkələrinin bir çoxu üçün örnək ola bilər.

Nəhayət, Türkiyədə daxili sabitliyin durumu bütövlükdə Yaxın Şərqə təsir edən və edə biləcək amildir. Son olaraq, digər müsəlman ölkələri ilə müqayisədə demokratik hüquqi idarəçilikdə xeyli irəlidə olan Türkiyə sivilizasiyaların qovuşması (inteqrasiyası) və ya toqquşması yolunda körpü rolunu oynaya biləcək ölkədir.
Türkiyəni əhəmiyyətli edən çoxsaylı başqa səbəblər də var. Sadalanan bütün bu, amillər dünyanın gələcək düzəninin formalaşmasında rol oynayacaq təməl məsələlərdir. Elə sadalanan və bir sıra qeyd olunmayan səbəblər də Türkiyə seçkilərinin və həm də dövlət olaraq Türkiyənin müasir qlobal siyasətin formalaşmasında nə qədər önəmli rol oynadığını göstərir.

Amma bütün bunlar daha çox Türkiyə Cumhuriyyətinin regional və qlobal siyasətə təsirinə aiddir ki, onların da müəyyənləşdirilməsi ölkənin daxili siyasətindən keçir. Başqa sözlə, Türkiyənin gələcək xarici siyasət vektorunun taleyini seçici həll edəcək ki, onu da daha çox ilgiləndirən daxili sosial, iqtisadi, hüquqi və siyasi durumdur.
Sıradan Türkiyə seçicisi də seçki prosesinə əsasən həmin bucaqdan baxır, çünki sadalanan amillər birbaşa onun gündəlik həyatına təsir edir və gələcəyini müəyyənləşdirir. Görünür, elə həmin səbəbdən də (amma tək o, səbəbdən yox) 2002-ci ildən fasiləsiz hakimiyyətdə olan AKP iqtidarına münasibətdə Türkiyə elektoratı dərindən parçalanmış, ifrat dərəcədə qütbləşmiş və son dərəcə radikallaşmış kimi görünür.
Vəziyyəti bir qədər də ağırlaşdıran xarici təsirlərdir ki, onların da Türkiyə seçkilərində öz maraqları var. Türkiyənin müttəfiqləri Ankaranı öz sıralarında, amma daha çox idarə olunan tərəfdaş kimi görmək istəyirlər, rəqibləri isə onun daxili çəkişmələrə və qeyri-sabitliyə sürüklənməsində maraqlıdırlar.


İlk baxışdan bir-birinə zidd olan bu, iki istək son nəticədə Türkiyə Cümhuriyyətinə münasibətdə bir məsələdə tam üst-üstə düşür: güclü Türkiyə tərəflərdən heç birinin istək və maraqlarına cavab vermir. Rəqiblərinin özü üçün təhlükə kimi qəbul etdiyi belə Türkiyə müttəfiqləri üçün idarəolunmaz kimi dəyərləndirilir.
Görünür, Türkiyə seçkilərinə aşırı maraq həm də bundan qaynaqlanır. Amma burda da vəziyyət sadə və birmənalı deyil. Belə ki, müttəfiqləri üçün idarəolunan duruma düşən Türkiyə eyni zamanda rəqibləri (həm də onun müttəfiqlərinin rəqibləri) üçün zəif regional oyunçuya çevrilir ki, bu da qarşıdan gələn geosiyasi vəzifələrin həllində onun rolunu xeyli dərəcədə azalda bilər.

Görünür, elə həmin səbəbdən də Qərb ölkələri Türkiyə seçkilərinə təmkinli münasibət göstərməyə çalışırlar. Ən azı zahiri görüntü bunu deməyə əsas verir. Başqa sözlərlə desək, xarici siyasətində bir çox istiqamətlərdə müstəqil mövqe sərgiləyən (Türkiyə maraqlarını üstün tutan), iddialı şəkildə təkcə ordusunu deyil, həm də hərbi sənayesini gücləndirməyə çalışan Türkiyə eyni dərəcədə həm rəqibləri, həm də müttəfiqləri üçün başağrısına çevrilib.
Amma bu, heç də hər iki tərəfin Ankaraya münasibətdə vahid mövqedən çıxış edə biləcəyi anlamına gəlmir. Xüsusilə də Yaxın Şərqə təsirini artırmağa (daha doğrusu, bərpa etməyə) çalışan ABŞ, Rusiya və Çin kimi supergüclər üçün. Görünən daha çox onların hər birinin Türkiyəni öz tərəfinə çəkmək cəhdləridir.

Metodları fərqli olsa da, amma bu, belədir. Ona görə ki, Türkiyəsiz ziddiyyətlərlə dolu Yaxın Şərqə təsir mümkünsüzdür. Eyni zamanda da Ankara uğrunda belə rəqabət təkcə onun önəmini deyil, həm də onun üçün riskləri artırır. Amma hər kəs bu sadə həqiqəti qəbul edir ki, Türkiyəsiz Yaxın Şərq siyasəti mümkün deyil, yoxdur.
Bəzi iddialara görə, AKP iqtidarının son iki onillikdə qurduğu yarımavtoritar (!?) model Türkiyəyə təkcə Qərbin deyil, həm də avoritar Çinin və Rusiyanın da təsirini zəiflətmişdir. Belə iddiaların nə dərəcədə haqlı olduğu mübahisəli görünsə də, bir həqiqət mövcuddur ki, mərkəzləşmiş avtoritar dövlət idarəçiliyi istənilən halda xarici təsirlərin qarşısını əhəmiyyətli dərəcədə alır.

Digər tərəfdən də belə model müxtəlif səbəblərdən iqtisadi inkişafın qarşısında da ciddi manelər yaradır, çünki avtoritarizm həm də korrupsiya, qeyri-azad rəqabət şəraiti, iqtisadiyyata dövlət təsirinin artması və s. deməkdir. Bütün bunları müasir Türkiyənin nümunəsində də görmək olar.

Başqa bir ziddiyyətli məqam isə ölkənin iqtisadi (ilk növbədə də onun sənayesinin) inkişafına mane olmağa çalışan xarici amillər müstəqil siyasət yürüdən avtoritar dövlət şəraitində təsir vasitələrini xeyli dərəcədə itirmiş olurlar. İstər Qərbin "yumşaq gücü", istərsə də Rusiya və Çin kimi avtoritar superdövlətlərin "sərt gücü" belə şəraitdə tam çalışmır.
Amma nəticə etibarilə heç nə dəyişmir, çünki məqsədli xarici təsirlərin rolunu daxili siyasi konyunktura istəmədən öz üzərinə götürmüş olur. Türkiyədəki sosial-iqtisadi problemlərin əksəriyyəti də elə bundan qaynaqlanır. Bütün avtoritar rejimlərdə olduğu kimi.

Amma mənbəyindən, səbəblərindən və niyyətlərindən asılı olmayaraq iqtisadi tənəzzül sosial təbəqələşməyə, siyasi qütbləşməyə və sonda da daxili destabilizasiyaya yol açır. Siyasi institutları hələ ayaqda qalmaqda davam edən Türkiyədə bütün bunlarn nəticəsi özünü ən əyani şəkildə seçkilərdə göstərir.
Bu mənada da Türkiyədəki siyasi qütbləşmə sürpriz olmamalıdır və deyil də. İdeoloji amilin təsirini də bura əlavə etdikdə vəziyyət daha da mürəkkəbləşir. Əsasən AKP ətrafında birləşmiş inanclı kəsimlə CHP-ni öz dayağı kimi görən dünyəvilər arasında ziddiyyətlər daha da dərinləşərək uçurum yaradır.
Toplumda müxtəlif kəsimlər arasında uçurumun yaranması isə həm də ona görə təhlükəlidir ki, onun dərinliyi dövlətin özünün düşə biləcəyi həddə çata bilər.

Qlobal siyasi bucaqdan baxdıqda bir amili də nəzərdən qaçırmaq yanlış olardı.
Bu, sivilizasiyalararası münasibətlərdir. Həmin məsələyə də baxışlar müxtəlifdir, amma burda da qlobal güclərin maraqlarında ciddi təzadlarla yanaşı, oxşarlıqlar da az deyil. Sivilizasiyalar və dəyərlərə münasibət məsələsində Türkiyə bütün qlobal güclər üçün "yaddır".

Qərb və Çin üçün o, İslam dəyərlərinin daşıyıcısı, Rusiya üçün isə onun iddia etdiyi Bizans irsinin varisidir. Amma həmin münasibətlərdəki ziddiyyətlər təkcə sadalanan dövlətlərlə bitmir.
Türkiyənin sərhədlərinə yaxın və onun maraq dairəsinə düşən coğrafiyada "şiə oxu" strategiyasını həyata keçirən İranla, bölgədə sələfiliyi geniş yaymaq niyyətlərini gizlətməyən Səudiyyə Ərəbistanı da Ankaranı özlərinə potensial rəqib kimi görürlər.

Bütün bunlar heç də sadalanan dövlətlərin hamısının Türkiyəyə düşmənçi münasibət sərgiləməsi anlamına gəlmədiyi kimi, dost olduqlarını da deməyə əsas vermir. Bunun adı siyasi maraqlar uğrunda mübarizədir.

Odur ki, sabahkı Türkiyə seçkilərini "Erdoğanmı ya Kılıçdaroğlumu?" formatı ətrafında müzakirə etmək çox səthi yanaşma olardı. Sual belə olmalıdır ki, hakimiyyətin dəyişəcəyi halda Türkiyənin daxili və xarici siyasətində hansı kardinal dəyişikliklər ola bilər və onlar ümumiyyətlə ola bilərmi, olacaqmı?

Şübhəsiz ki, bu halda həm daxili, həm də xarici siyasətdə dəyişikliklər ola bilər, amma ilk baxışdan onların konseptual xarakterli ola biləcəyi inandırıcı görünmür. Ona görə ki, buna nə daxili, nə də xarici amillər imkan verməyəcək.
Ona görə ki, Türkiyə istənilən halda həm daxili, həm də xarici təhdidləri nəzərə almalı olacaq. Ona görə ki, özünü daxili konfliktlərdən qorumaq üçün Ankara bugünkü xarici siyasət kursunu davam etdirməyə məcbur olacaq.
Kiçik korrektələr isə hər zaman mümkündür, olur və olacaq da. Hətta hakimiyyətdə AKP qalsa belə olacaq, çünki real siyasət real duruma söykənən, onun dəyişməsi ilə ayaqlaşa bilən siyasətdir. Qalan bütün hallarda isə o, uğursuz siyasətdir və ya ümumiyyətlə heç siyasət deyil.

Son olaraq, yeni dünya düzəni həm də yeni (daxili və xarici) siyasi münasibətlər modelinin tətbiq olunmasını özündə ehtiva edir. Birinci Dünya Müharibəsindən sonra başlayan və İkinci Dünya Müharibəsinin sonunda yekunlaşan mərhələ kimi.

Bu gün dünya 3-cü savaşa daxil olub və yeni elmi-texnoloji inqilab, insan amilinin rolunun artması, bəşəriyyətin inkişaf fəlsəfəsi özü yeni konseptual yanaşmalar, siyasi və iqtisadi münasibətlər tələb edir. Bu isə artıq dialektikadır. Elə qlobal savaşları yaradan da həmin dilaektik inkişafdır.

Bu gün dünya hüquq müstəvisinə əvvəlki mərhələlərdə olduğundan daha çox ehtiyac duyur və həmin ehtiyacın təmin olunacağı da qaçılmazdır. Türkiyə seçkilərində kimin qalib, kimin məğlub olacağı kiçik məsələdir, çünki kimin qalib çıxmasından asılı olmayaraq, qlobal dəyişikliklərin pioneri Türkiyə və onun seçiciləri ola bilər.

Türkiyə isə istənilən halda dəyişəcək, çünki onun bugünkü modeli artıq tarixdir. Yuxarıda deyildiyi kimi, kiçik korrektələrlə, addım-addım, yavaş-yavaş, çünki onun indiki modeli tarixdir. Tarix isə artıq yaşanmış, arxada qalmış, keçilmiş mərhələdir.

Türkiyənin həm özü, həm də ətrafı üçün böyük təlatümlər yaratmadan mərhələli dəyişməsi isə həm labüddür, həm də zəruri. Həm də ölkənin bunun üçün lazım olan bütün resursları mövcuddur: gücü də, tarixi təcrübəsi də, dövlətçilik ənənələri də, tarixinin kritik dönəmlərində iradəsini ortaya qoya bilən xalqı da.

Ərəstun Oruclu-politoloq
Xəbəri paylaş