Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı olan qüvvələr kimlərdir?

Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı olan qüvvələr kimlərdir?


Türkiyədəki seçkilərin nəticələri barədə proqnoz vermək üçün istər geosiyasi, istərsə də Türkiyə daxili proseslərin mahiyyətindən xəbərdar olmaq lazımdır. İlk öncə onu qeyd edim ki, R.T.Ərdoğanın yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçiləcəyi şübhəsizdir və olmuş məsələdir. Bunda kimsənin şübhəsi olmasın. Seçki gecəsi hər kəs buna şahid olacaq. Əminliyin səbəblərini qeyd edəcəm. Bu, sadəcə 20 il ərzində R.T.Ərdoğan rəhbərliyində Türkiyənin əldə etdiyi hamının gördüyü və bildiyi uğurlar deyil. Onların hamısı nəticədir, səbəb isə ayrıdır.

İstanbul bələdiyyə başkanı olarkən bir şer səbəbindən həbsə düşdükdə, artıq R.T.Ərdoğanın bundan sonra "məhəllə muxtarı belə ola bilməz"-demələrinə, AK partiya hakimiyyətə gələrkən həbs yatdığı üçün "Baş Bakan ola bilməz"-demələrinə, 2016 "feto" dövlət çevrilişinə cəhd zamanı "artıq Ərdoğan bitdi"-demələrinə, 2018 Prezident seçkilərinin indikindən daha fəal keçməsinə rəğmən R.T.Ərdoğanın qələbəsi ilə ilk turda başa çatması Türkiyənin güc mərkəzi olması yolundakı addımların mərhələli ardıcıllığı idi. Növbəti beş ilə R.T.Ərdoğanın seçilməsi də bu prosesin son mərhələsidir.

Hələ 2020-ci ildə Qarabağ məsələsi 2025-ci ildə bitəcək deyəndə, Azərbaycan nə 44 günlük müharibəyə başlamışdı, nə də Rusiya ordusu 2025-ci ildə Qarabağdan çıxmaq şərti ilə sülhməramlı kimi Qarabağa gəlmişdi. İranın Zəngəzur dəhlizinə görə Azərbaycanla müharibə belə edə biləcəyini deyəndə isə İran, bizə görə, dost ölkə idi, hələ ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoymamışdı. Bunları proqnoz etmək üçün də münəccimlik və ya öncəgörənlik lazım deyildi. Sadəcə son illərdə gedən proseslərin mahiyyətini anlamaq kifayət idi. Məsələ onda idi ki, 2020-25ci illər dünya geosoyasətinin ən pik nöqtəsi olan illərdir və bu illər arasında dünya siyasəti özünün bir çox həll edilməmiş problemlərini həll etməlidir. Bu, hardan gəldi, havadan götürülən tarixlər deyil. Dünyanın yeni düzənə keçməsini Ərdoğan: "Dünya beşdən böyükdür!" mesajı ilə verəndə hər şey məlum idi. Geoiqtisadi layihələrin dəhlizlər şəklində meydana çıxması bu geosiyasi proseslərin başlamasının, yəni yeni dünya düzəni prosesinin formalaşmasının işarəsi idi. Rusiyanın Ukraynaya hücumu belə yeni dünya düzəninin yaranması fonunda Rusiyanın öz təsir dairəsini artırmaq, yeni torpaqlar ələ keçirmək cəhdi idi.

Ən həlledici il isə 2023 dür. Hər kəsin yadındadır ki, Ərdoğan tez-tez 2023 hədəflərimiz və 2053, 2071 vizyonundan danışırdı. 2023 hədəflərinin bir çoxunu son həftələr görürük. Hərbi və mülki sənaye məhsullarının nümayişi, iqtisadi proyektlərin açılışı (Akkuyu nüvə reaktorunun, neft-qaz yataqlarının elan edilməsi və istismara başlanılması), kosmik sənaye addımları və s.

Türkiyənin Suriya ərazilərində özünə neytral zona yaratması, amma faktiki olaraq həmin əraziləri hərbi yolla ələ keçirməsinin özü belə dünyanın yenidən bölüşdürülməsi proyektində Türkiyənin ən yaxın hədəflərinə çatmasıdır ki, gerçəkdə bu ərazilərin Osmanlı imperiyasının tərkibində Türkiyə əraziləri olmasının təsiri ilə beynəlxalq güclərin də buna razılığı olduğu aydın görünürdü. Türkiyənin hərbi əməliyyatları zamanı bütün əksər böyük ölkələrin bunu sərhəddən 25-30 km ərazidə qəbul etdiyi və razılaşdırıldığı sirr deyildi.

Bəzi ərazilər vardır ki, onların da Türkiyə ərazisi olması ehtimalı çoxdur. Kərkük, Musul, Ərbil, Süleymaniyyə, Membiç kimi. Bunlar Ərdoğanın bu beş illik hakimiyyəti dövründə olmalıdır. Kürdüstan dövlətinin elan olunması da böyük ehtimaldır və hətta labüddür.

Niyə yeni dünya düzəni yaranmasına ehtiyac duyuldu ki, bu proseslərə təkan verildi? Kimlər buna təkan verdi?

Proses 2008ci ildə Rusiyanın Gürcüstana hücumu ilə başladı, 2014-cü il Krımın ilhaqı ilə daha da sürətləndi. 2016-cı il "Feto" çevrilişinin qarşısının alınması ilə daha aktiv fazaya keçdi, eyni zamanda, məqsədlər dəyişdi. Türkiyə hücum olunan ölkə durumundan hücum edən ölkə durumuna keçdi. Şərtləri Türkiyə qoymağa başladı. Bu aktivlik fonunda Azərbaycan Qarabağda işğala son verdi və yeni geosiyasi durum yaranması fonunda həm öz sözünü dedi, həm də geoiqtisadi layihələrin marşrutları üzərində olan mübahisələri konkretləşdirməyə şərait yaratdı. Dəhlizlərin keçid güzərgahları bəlli oldu. Bütün bunlar yeni dünya düzənində Türkiyə və Azərbaycanın oynadığı rolu gözlər önünə sərdi. Amerika dövlətinin on illər Azərbaycan-Ermənistan münaqişəsinə fikir vermədiyi bir durumda artıq böyük ölçüdə bu problemin həlli ilə bilavasitə dövlət rəhbərliyi səviyyəsində məşğul olmağa başlamasını, bura Avropa İttifaqının da aktiv qoşulmasını yaranan yeni geosiyasi durumda həm Türkiyə və Azərbaycanın artan rolunun qəbul edilməsi, həm də buna razı olunması demək olduğu anlamına gəlir. Görünən odur ki, yeni dünya düzəninin yaranmasına ehtiyac duyulması Rusiyanın işğal hərəkətləri oldusa, bu prosesin hərəkətverici qüvvəsi Türkiyə və Azərbaycan oldu.

Bütün deyilənləri nəzərə alaraq deyə bilərik ki, Türkiyədə keçiriləcək seçkilərin nəticəsi öncədən bəllidir. Bundan kənaraçıxmalar dünya düzəninin formalaşmasında gedən proseslərin yenidən pozulması və başa qayıdılması olar. Hal-hazırda Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı olan qüvvələr yeni dünya düzənindən narazı olanlardır.

Azər Qasımov-BAXCP sədrinin müşaviri, politoloq
Xəbəri paylaş