Çinin Sian şəhərində Mərkəzi Asiya beşliyi ilə Çin arasında 5+1 formatında görüş baş tutub.
Şübhəsiz ki, bu görüş Türküstan regionu uğrunda gedən rəqabətin növbəti nişanəsidir. Buna qədər Rusiya və ABŞ tərəfinin də Mərkəzi Asiya beşliyi ilə görüşü baş tutmuşdur.
Bu region hazırda 4 böyük güc mərkəzi Aİ, ABŞ, Rusiya və Çin arasında əsas nüfuz mübarizəsinin getdiyi bölgədir. Ümumiyyətlə Rusiya və Çin regionun əsas iki qonşusu, ABŞ və Aİ isə Avrasiyada daimi maraqları olan və qlobal hegemonluq baxımından əhəmiyyətli hesab etdikləri bölgədə nüfuzlarını artırmağa maraqlıdırlar. Eyni zamanda biz İngilis-sakson siyasətinin "Heartland" strategiyasına əsasən deyə bilərik ki, ABŞ-ın Ukraynadan sonra əsas marağında olan bölgə məhz bu region olacaq.
ABŞ hesab edir ki, Rusiya və Çin arasında müttəfiqlik struktural olaraq mümkün deyil, çünki bu iki güc teluokratik(quru gücü)imperiyalardır və onlar üçün quruda genişlənmə strateji əhəmiyyətə malikdir, bu baxımdan ABŞ Rusiyanı Qara dəniz və Baltikdə şərqə doğru, Çini isə Cənubi Çin Dənizində Qərbə doğru sıxışdırmaqla bu iki gücün Mərkəzi Asiyada toqquşmasına səbəb olmağa çalışır. Çünki əgər Rusiya Qərbdə şərqə doğru sıxışdıralarsa, Çin isə Cənubi-Çin dənizində qərbə doğru sıxışdırılarsa hər iki ölkə Avropa, Orta Şərq və digər bölgələrə çıxmaq üçün Orta Asiyaya daha çox ehtiyac duyacaq. Xüsusilə Rusiya üçün burada Hind okeanına çıxış üçün Cənubi Qafqaz və Orta Asiyanın əhəmiyyəti daha çox artmış olur.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Orta dəhlizin əhəmiyyəti artıb. Lakin Orta dəhlizin hələlik infrastruktur problemləri, logistik çatışmazlıqları var, bu baxımdan burada görüləsi çox iş var. Bu sammitdə bu məsələlər müzakirə edilib.
Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Orta Asiyaya təsir gücü zəifləsə də, amma Rusiyanın bu regionda 200 illik imperial təsiri, hətta burada siyasi mühəndislik etməsi, rus etnosunun bölgədə kompaktlığı, Rusiyanın hərbi mövcudluğu və dərin iqtisadi əlaqələrə görə hələlik bu regionda Rusiyanı bitirmək çox tezdir. Amma Rusiya artıq bu regionda yeganə güc sahibi deyil. ABŞ və Aİ artıq Cənubi Qafqaza müdaxilələr həyata keçirir və deyə bilərik ki, bu bölgədə nüfuzunu genişləndirə bilib, böyük ehtimal növbəti hədəf Mərkəzi Asiya olacaq.
Çin üçün bu bölgənin təhlükəsizliyi əhəmiyyətlidir. Çünki bu həm Çinin "bir kəmər bir yol" qlobal nəqliyyat lahiyəsinin əsas halqasıdır, eyni zamanda Çinin Avropaya tədarükündə yeni önəmli istiqamətdir. Bu baxımdan Çin və Qərb bu bölgənin təhlükəsizliyinə maraqlıdır. Lakin eyni zamanda ABŞ bölgədə olan radikal qrupların Çin üçün baş ağrısı olmasını istəyir. ABŞ-ın Əfqanıstandan çıxışını həmdə bu cür oxumaq lazımdır.
Çin-Mərkəzi Asiya sammitində çıxış edən Çin sədri Si Cinpin deyib ki,
“Çin Mərkəzi Asiya ölkələrinə xarici müdaxilələrə və rəngli inqilablara müqavimət göstərməyə kömək edəcək"
Bu mesaj həm Qərbə, həmçinin Rusiyaya verilib. Çünki rəngli inqilabları ixrac etməyə çalışan Qərbin liberal intervensionist və neokon qanadıdır, xarici müdaxilə üçün isə əsas təhdid, bu regiona Rusiyanın imperial baxışı və onun imperial ambisiyalarıdır. Bu baxımdan Xi Türküstan coğrafiyasının təhlükəsizliyinin Çin üçün nə qədər əhəmiyyət kəsb etdiyini vurğulayıb. Buna qədər də, Çin rəhbərliyi Qazaxıstan və digər bölgə ölkələrinin ərazi bütövlüyünün Çin üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edib. Mərkəzi Asiya ölkələri məhz Çinin bu dəstəyi ilə vasitəsilə, Rusiyanı balanslaşdırmağa və onun imperial ambisiyalarını cilovlamağa çalışırlar. Unutmayaq ki, Qazaxıstan prezidenti Qasım Jomart çinşünasdır, həmçinin MGİMO tələbisidir. O həm Rusiya həmçinin Çin elitalarını və xarici siyasət xarakterlərini çox yaxşı analiz edə bilir.
Mərkəzi Asiya və Çin sammitində ilk dəfə olaraq "Transxəzər" lahiyəsinə də, toxunulub. Bu lahiyə Azərbaycanın da Çin və Qərb arasında rolunu artırır. Yeri gəlmişkən Rusiya prezidenti Putin də İran prezidenti Rəisi ilə Şimal-Cənub nəqliyyat dəhlizinin Astara-Rəşt hissəsinin inşasına dair protokolun imzası mərasimini təşkil edib. Bu lahiyəyə digər maraqlı olan tərəf isə Hindistandır. Hər iki lahiyədə Azərbaycanın iştirakı ölkəmiz üçün əlverişli olmaqla əlavə həmdə bizə qarşı təzyiqləri önləyir. Bakı Tbilisi Qarsın da inşası da bizə qarşı Qərbdən gələn təhdidləri önləyir. Lakin Transxəzərdə əsas problem vahid gömrük məkanın olmamasıdır.
Bundan əlavə Özbəkistan, Qazaxıstan və Türkmənistan Çinə qaz və neft ixrac edəcəklər. Çin bununla həm Rusiyadan aslı olmaq istəmir, həmçinin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarını dərindən özünə bağlayır. Eyni zamanda ABŞ-Çin rəqabətində Yaxın Şərq, Mərkəzi Asiya uğrunda artıq rəqabət başlayıb. Şübhəsiz Mərkəzi Asiya uğrunda gedəcək rəqabətdə, Cənubi Qafqazın da əhəmiyyəti artır. Rusiyanın Zəngəzur dəhlizinə bu qədər maraq göstərməsi və İranın buna qarşı gəlməsində digər önəmli səbəb məhz dəhlizlər uğrunda gedən bu dərin rəqabətdir. Hesab edirəm ki, Türküstan ölkələri Rusiya, Aİ, ABŞ və Çin arasında seçim etmədən öz maraqlarını maksimizə etməyə çalışacaqlar. TDT-də bu dörd güc mərkəzi arasında kvazi qütb yaradaraq yaranan yeni dünya nizamında daha güclü yerləşə bilər.
MAAM Türküstan Araşdırmalar Departamentinin eksperti Kamran Sultanli: