Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə, gözlənildiyi kimi sülh müqaviləsinin imzalanması istiqamətində ciddi irəliləyiş olmadı. Ancaq, görüşün müsbət şəraitdə keçdiyini, tərəflərin mövqelərinin açıq şəkildə bəyan etdiklərini qeyd edə bilərik.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, əsas diqqət çəkən məqamlardan biri, Paşinyanın təkrar-təkrar Laçın yolunun blokadaya alındığını, kommunikasiyaların açılmasında fərqli yanaşmaların mövcudluğunu bildirməsi, siyasi terminologiyadan bixəbər olduğunu büruzə verməsi idi:
"Hiss olunurdu ki, Paşinyan əsas məsuliyyəti Rusiyanın üzərinə atır, konkret ittiham edir. Bəllidir ki, tarixən ermənilər öz problemlərini başqalarının əli ilə həll etmişlər. Artıq keçmir. Prezident İlham Əliyevin əsl qrossmeyster məntiqi ilə arqumentləşdirilmiş cavabları, erməni baş naziri mat vəziyyətinə saldı".
Deputat qeyd edib ki, görüşün digər iştirakçıları tərəfindən də dəstək görməyən Paşinyanın yeni reallıqları etiraf etməkdən başqa çarəsi qalmadı:
"Digər məqam, Putinin dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dəstək verməsidir. Rusiyanın Qafqaz siyasətində ciddi dəyişikliklər baş verməmişdir. Bununla bərabər, Putin mövcud vəziyyətdə Azərbaycanın, ölkəsi üçün son dərəcə vacib dövlət olduğunu, gücünü dərk edir. Ona görə də məsuliyyətlə deyə bilərik ki, Laçın rayonu ərazisində, iki dövlətin sərhəddində nəzarət-buraxılış-məntəqəsinin fəaliyyəti məsələsi bir dəfəlik qapandı".
Nəsib Məhəməliyev deyib ki, bütövlükdə, Moskva görüşünü Ermənistanla sülhün əldə olunmasında növbəti müsbət addım kimi qiymətləndirir:
"Hesab edirəm ki, Avrasiya İqtisadi Birliyinə daxil olan digər ölkələrlə münasibətlərdə isə, yeni imkanlar açılacaq və ölkələrimiz iqtisadi dividentlər əldə edəcəklər".
Anar Əliyev