Azərbaycanda hər bir sahənin inkişafında, günümüzdə uğurlar, nailiyyətlər əldə etməsində ümummilli lider Heydər Əliyevin öz imzası, öz dəstixətti var. Yəni, elə bir sahə yoxdur ki, həmin sahənin inkişafında Heydər Əliyevin xidmətləri olmasın. Hər bir sahə kimi iqtisadiyyatın da inkişafı, günümüzdə tərəqqiyə nail olmasında Ulu Öndər faktorunu qeyd etməmək mümkün deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatının hazırkı inkişaf zirvəsinin təməlində məhz Heydər Əliyevin uğurlu iqtisadi siyasət konsepsiyası dayanır. Hansı ki, həmin konsepsiya hələ Sovet Azərbaycanının zamanından işlənməyə başlanmış, müstəqil Azərbaycan Respublikasının zamanında konsepsiya daha da təkmilləşdirilmiş və günümüzdə həmin konsepsiyaya yeni yanaşmalar, dövlətimiz, xalqımız üçün səmərəli, Azərbaycanın yaxın gələcəkdə daha uğurlu inkişafı üçün tətbiqlər edilmişdi.
Qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyası hələ Sovet Azərbaycanının zamanından, Ulu Öndərin Azərbaycan KP MK-nın birinci katibi təyin edildiyi vaxtdan hazırlanmağa başlanıldı. Ümumiyyətlə, sanki Heydər Əliyevin taleyinə yazılmışdır ki, çox ağır, çətin vəziyyətlərdə Azərbaycana rəhbərlik etmək Ulu Öndərə tapşırılsın. Necə ki, 1970-ci illərdə Azərbaycan eyni vəziyyəti yaşayırdı. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi təyin edildiyi vaxt Azərbaycan iqtisadiyyatı durğunluq vəziyyətində idi. Azərbaycan demək olar ki, bütün parametrlər üzrə ittifaq respublikaları arasında sonuncu yeri bölüşdürürdü. Bura istər istehsalın artım sürəti, istərsə də keyfiyyət və səmərəlilik göstəriciləri aid idi. Paralel olaraq ölkədəki istehsal müəssisələrinin məhsullarında keyfiyyət göstəriciləri həddən artıq aşağı idi. Bu səbəbdən Azərbaycan istehsalı olan məhsullara ittifaq respublikalarında heç bir maraq, tələbat yox idi. Baxmayaraq ki, Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin 90 faizi İttifaq əhəmiyyətli idi. Beləliklə, Azərbaycanın istehsal etdiyi məhsullara tələbatın olmaması onları qiymətdən salır, müəssisələrin mənfəəti azalırdı. Bu isə öz növbəsində Azərbaycan iqtisadiyyatının səmərəliliyini, xüsusilə, o zaman dövlət büdcəsinin gəlirlərində əsas yer tutan mənfəət vergisinin miqdarını kəskin surətdə aşağı salırdı.
Beləliklə, birinci katib kimi Heydər Əliyev yaranmış sosial və iqtisadi durum hərtərəfli təhlil edərək geriliyin səbəblərini müəyyən etdi, problemləri aradan qaldırmaq və irəliyə doğru inkişafı təmin etməyin proqramını hazırladı. Həmin proqramda ölkədə yeni istehsal müəssisələrinin yaradılması, mal və məhsulların istehsalı nəzərdə tutulurdu. Nəticə etibarilə, 1970-1982-ci illərdə ölkə iqtisadiyyatında 581 adda yeni tipli maşın, avadanlıq, cihaz və aparat nümunələri yaradıldı, 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlandı, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi yaradıldı. Bunun da çox böyük bir hissəsi Abşerondan kənar iqtisadi rayonların, xüsusən də Gəncə, Naxçıvan, Mingəçevir, Xankəndi, Əli Bayramlı (indiki Şirvan) və digər şəhərlərin payına düşürdü.
Bütün bunlar respublikada istehsal olunan məhsulların, o cümlədən xırda və orta şəhərlərdə istehsal olunan sənaye məhsullarının keyfiyyətini əvvəlki dövrlərdə olduğuna nisbətən müqayisə olunmaz dərəcədə yüksəldirdi. Keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi 1969-cu ildə bir faizdən az, 1975-ci ildə 2,2 faiz olduğu halda bu göstərici 1980-cı ildə 30,3 faiz, 1985-ci ildə 46,9 faiz oldu.
Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ümumilikdə, ölkədə 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verildi ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda fəaliyyət göstərirdi. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilmişdi ki, paytaxtla yanaşı, regionların da inkişafına, bölgələrdə yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına, ən başlıcası ölkə iqtisadiyyatının inkişafına imkan yaradırdı. Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu 1969-82-ci illərdə Bakı Məişət Kondsionerləri Zavodu, Dərin Özüllər Zavodu, eləcə də onlarla bu kimi iri zavodların tikilib istifadəyə verilməsi də Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərdi. Artıq Azərbaycan keçmiş ittifaq respublikaları arasında sonuncu deyil, ilk yerləri bölüşdürürdü.
Tarix təkrar olunurdu. Necə ki, 70-80-ci illərdə Azərbaycan iqtisadiyyatı çox aşağı səviyyədə idi və ölkə iqtisadi baxımdan çətin dövr yaşayırdı, eyni ilə müstəqillik illərində də eyni mənfi tendensiya hökm sürürdü. İdarəçiliyin zəfi olmasından iqtisadiyyatda heç bir inkişaf templərinin müşahidə edilməməsi, artan sosial problemlər, xalqın güzaranının getdikcə pisləşməsi ölkədə etirazlara, hətta vətəndaş qarşıdurmasına gətirib çıxartdı. Belə bir ağır və çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin qarşısında bir çox vacib məsələlər dayanırdı. Ən əsas məsələ isə ölkədə siyasi sabitliyi bərpa edib Azərbaycanın iqtisadi inkişafına nail olmaq idi. Qısa müddətdə ölkədə siyasi sabitliyi bərqərar edən ümummilli lider paralel olaraq iqtisadiyyatın inkişafına diqqət ayırdı. Bu istiqamətdə Ulu Öndərin atmış olduğu və Azərbaycan iqtisadiyyatının inkişafına zəmin yaratdığı addım “Əsrin müqaviləsi”nin imzalanması oldu.
Beləliklə, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır. Bunun da 60 faizdən çoxu (6,1 milyard dolları) xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır.
“Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Beləliklə ilkin olaraq nağıl kimi görünən, “Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi ortaya qoyulmuş siyasi iradə və qətiyyət nəticəsində reallığa çevrilərək Azərbaycanın iqtisadi inkişafında əsas baza rolunu oynadı.
Tədricən neftdən gələn gəlirlər ölkədə qeyri-neft sekrorunun inkişafına da təkan verdi. Nəticədə, ölkədə yerli sahibkarlıq fəaliyyəti genişləndi və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzaladı. Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət etibarı ilə, ilk növbədə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi.
Heydər Əliyevin müvafiq fərmanı ilə Dövlət Neft Fondunun yaradılması isə həm iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının, həm də “neft xalqın malıdır” prinsipinin real həyatda əksini tapmasının təsdiqi idi. Beləliklə, neftdən gələn gəlirlər hesabına həm regionlarda müxtəlif sosial-iqtisadi layihələr həyata keçirildi, həm əhalinin sosial rifah halı yaxşılaşdırıldı, həm də ağır vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət kursu bu gün onun siyasi varisi Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz həyata keçirilən uğurlu siyasət və Heydər Əliyevin iqtisadi siyasət konsepsiyasının yüksək səviyyədə icrası günümüzdə Azərbaycanı iqtisadi baxımdan dünyanın qabaqcıl ölkələrindən birinə çevirib. İndi Azərbaycan təkcə neft sektoru, enerji resursları hesabına deyil, eyni zamanda qeyri-neft sektoru, nəqliyyat-tranzit imkanları, iştirakçısı və təşəbbüskarı olduğu qlobal və regional əhəmiyyətli layihələr hesabına durmadan inkişaf edir, dünyanın aparıcı ölkələrindən birinə çevrilir.
Ruhiyyə Mehdiyeva
Yazı "İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir"