Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Laçında bir sıra tədbirlərdə iştirak edib -ÖZƏL

Prezident Laçında bir sıra tədbirlərdə iştirak edib


Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

Newscenter.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Qeyd olundu ki, Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Qeyd edək ki, bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırladır. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.

Hazırda bütün yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.

Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.

Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.

XXX


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyasının açılışında iştirak edib.

Dövlətimizin başçısına yarımstansiya barədə məlumat verildi.

Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən 110/35/10 kV-luq “Laçın” şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

İşğaldan azad edilən ərazilərdə indiyədək “AzərEnerji” ASC tərəfindən 11 yerdə tikilən 110 kV-luq yarımstansiyalardan “Laçın” şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunan ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, yeni istifadəyə verilən 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağından və Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq 110 kV-luq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq “Laçın” şəhər yarımstansiyasına birləşdirilib.

Digər istiqamətdən “Daşkəsən”, “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına, o cümlədən “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikidövrəli xətlər də gələcəkdə “Laçın” qovşaq yarımstansiyası ilə əlaqələndiriləcək. Bununla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xəttə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Məlumat verildi ki, strateji əhəmiyyətli “Laçın” şəhər yarımstansiyasında ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu və rəqəmsal idarəetmə mərkəzi tikilib. 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş İdarəetmə Mərkəzində yaradılan SCADA dispetçer idarəetmə sistemi rəqəmsal qaydada enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Bunun üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik şəbəkə yaradılıb. Eyni zamanda, yarımstansiyada yanğın və partlayışa qarşı SERJİ sistemi qurulub.

Yarımstansiya ərazisində əməkdaşlar üçün xüsusi yataqxana korpusu tikilib.

Qeyd edək ki, dövlətimizin başçısının Böyük Qayıdış strategiyasına uyğun olaraq işğaldan azad edilən ərazilərdə “AzərEnerji” tərəfindən tikilən bütün stansiya və yarımstansiyalarda əməkdaşlar yerli kadrlardan seçilir, onların işlə təminatı və məskunlaşmaları üçün digər zəruri tədbirlər görülür.

Prezident İlham Əliyev yolüstü balıq istehsalı müəssisəsinə də baxdı.



Mayın 27-də Laçın rayonunun Qorçu qəsəbəsinin təməlqoyma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayın sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Qorçu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Diqqətə çatdırıldı ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur. Bir fərdi evinin həyətyanı sahəsi 700 kvadratmetr olacaq. Ərazinin kəskin relyefli olduğunu nəzərə alaraq, perspektivdə Qorçu qəsəbəsinin inkişaf dövrü üçün dördmərtəbəli 39 yaşayış binasından ibarət məhəllələrin salınması planlaşdırılıb.

Qeyd edildi ki, qəsəbənin mərkəzində birinci mərhələdə sosial və ictimai obyektlər olan inzibati bina, klub-icma mərkəzi, kitabxana və internet zalı, tibb məntəqəsi, mehmanxana, idman-sağlamlıq mərkəzi, restoran, xalq sənətkarlığı emalatxanaları, satış köşkləri və bazar kompleksinin tikintisi nəzərdə tutulur. Qəsəbədə təhsil ocaqlarına olan tələbatı ödəmək məqsədilə, ilk növbədə, 264 yerlik məktəb və 140 yerlik uşaq bağçası, perspektivdə isə 864 yerlik məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Bildirildi ki, həmçinin qəsəbədə yaşayacaq əhalinin məşğulluğunun təmin olunacağı idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri üçün şərait yaradılır. Yaşayış zonalarını əlaqələndirmək üçün Qorçu çayının üzərində körpülərin inşası da planlaşdırılır.

Anar TAGIYEB
Xəbəri paylaş