Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sadiq dost, etibarlı müttəfiqlər -VAQIF ABDULLAYEV YAZIR

Sadiq dost, etibarlı müttəfiqlər


İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri olduqca mühüm ictimai-siyasi hadisədir və tarixi səfər kimi qiymətləndirilə bilər. Bu səfər həm də regionda geosiyasi proseslərin inkişafında və sülh təşəbbüslərinin dinamikliyinin artırılmasında yeni imkanlar kimi səciyyələndirilə bilər.

Əslində çoxəsrlik dostluq münasibətlərinə malik olan Azərbaycan-İsrail əlaqələri mart ayının sonlarında Təl-Əvivdə Azərbaycan Səfirliyinin fəaliyyətə başlaması ilə tamamilə yeni mərhələnin əsasını qoymuş, regionda geosiyasi yeni reallıqların yaranmasını şərtləndirmişdir.

Eyni zamanda, Binyamin Netanyahunun yenidən baş nazir seçilməsi Azərbaycanla xüsusi isti münasibətləri də dinamikasına xüsusi töhfə vermişdir.

Prezident İlham Əliyev və Netanyahu arasında çox səmimi dost münasibətlərinin olması Azərbaycan və İsrail arasında siyasi-diplomatik müstəvidə yeni siyasi xəttin cızılmasına, ictimai-siyasi və hərbi əməkdaşlıqda yeni səhifə açılmasına səbəb olmaqdadır.

İsxak Hersonun Azərbaycana səfəri və iki ölkə arasında imzalanmış sənədlər isə ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki sahələrdə yeni əməkdaşlıq üçün də perspektivlər açır, Azərbaycan-İsrail strateji müttəfiqliyinə dərin zəmin yaradır.

Cənab Hersoqun Bakıda verdiyi mesajlar da təsdiq edir ki, ölkələrimiz arasında ikitərəfli gündəliyin səhifələri çox genişdir və xüsusilə də regional məsələlərlə bağlı mövcud isti təmasların hərarəti daha da artırılacaq. Onun vurğuladığı kimi tərəflər arasında intensiv xarakter alan birgə açıq dialoq və möhtəşəm işlər sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstərəcəkdir.

Cənab Prezident İlham Əliyevin isə bəyan etdiyi kimi İsrailın dövlət başçısının bu səfəri təmaslarda geniş diapazonlu məsələləri – xüsusilə də ticarət, enerji, təhlükəsizlik sahələrində görülmüş çoxlu işlərin inkişafına təkan verəcəkdir.

Hesab edirəm ki, strateji müttəfiqliyə yüksələn Azərbaycan-İsrail münasibətləri fonunda Quba şəhərində İsrailin Konsulluğunun açılması da tarixi zərurət kimi reallığa çevrilməlidir. Çünki 30 min yəhudinin yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsi ilə sıx təmasların artırlması, bu bölgədə yaşayan icma ilə birgə ictimai-humanitar tədbirlər və layihələrin daha da genişləndiriməsi də belə tarixi reallığı meydana çıxarır.

Əsrlər boyu ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan yəhudilər cəmiyyətimizə böyük töhfələr verir, milli rəngarəngliyimizi zənginləşdirir, regionda birgəyaşayış mədəniyyətinin nümunəsini nümayiş etdirirlər. Ona görə də, İsrail və Azərbaycan arasında mədəni-humanitar Mərkəzlərin, Birgə elmi-tədqiqatat müəssisələrinin yaradılması intensivləşməlidir. Bir müddət əvvəl Bakıda fəaliyyətə başlayan Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasında bu ölkənin rolu xüsusi dəyərləndirilə bilər.

Həmçinin, əminəm ki, uzun müddətdir ki, nəzərdə tutulan ideyalardan biri kimi İsrail-Azərbaycan Ali Hərbi Məktəbinin də yaradılması reallaşacaq. Necə ki, Sovet İttifaqı dövründə Yəhudi Soçnut məktəbi 1982-ci ildə məhz Bakıda açılıb. İndiki şəraitdə də İsrailin ən nüfuzlu Hərbi Tədris Mərkəzi Azərbaycanda qurulması da tarixi zərurətdir.

Eləcə də 2016-cı ilin dekabrında hava sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası müqaviləsi imzalanıb ki, bu plana uyğun olaraq Birgə Hərbi Aviasiya və Hava Hücumindan Müdafiə Sistemlərinin qurulmasının da reallaşaçağı şübhə doğurmur.

Sonda onu da vurğulamağı vacib hesab edirəm ki, İsrail və Azərbaycan qardaşlığı həm də Türkiyə ilə birgə proqramların da dinamikasına müsbət təsir göstərəcək. Azərbaycan-Türkiyə-İsrail birgə əməkdaşlığında da yeni səhifə açılacaqdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş