Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qayıdışdan Qurtuluşa, Qurtuluşdan Böyük Qayıdışa...

Qayıdışdan Qurtuluşa, Qurtuluşdan Böyük Qayıdışa...


Tarixi təcrübə hər bir xalqın siyasi taleyində dönüş nöqtələri hesab olunan müstəsna hadisələrin, mühüm - kritik və taleyüklü məqamların, anların olduğunu təsdiqləyir. Azərbaycan xalqı da bu baxımdan istisna deyil.

Müstəqillik dövrünün siyasi təqvimi bu reallığı əks etdirir. 32 ilə yaxın müddət özündə bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən çox mühüm tarixi təcrübələri, taleyüklü hadisə və prosesləri ehtiva edir. Bu dövrdə Cənubi Qafqazın lider dövlətinə çevrilməkdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış inkişafın milli modelini formalaşdırmağa qədər çox sayda mühüm uğurlara imza atılıb. Nəinki müstəqillik, hətta çoxəsrlik tariximizin zirvə nöqtəsi isə işğal altında olan torpaqların azad, ərazi bütövlüyünün və tarixi ədalətin isə bərpa olunmasıdır.

İnam və etimad ünvanı

Təbii ki, bütün bu nailiyyətlər asanlıqla əldə olunmayıb, yaxud olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən, qazanılıb. Elə içində olduğumuz iyun ayı nəinki müstəqillik, hətta dövlətçilik tariximizin dönüş nöqtəsi sayılan önəmli hadisələrə şahidlik edib. Söhbət xalqımızın milli qürur və ləyaqətini, dövlət qurmaq və yaşatmaq qabiliyyətini, milli ruhunu özünə qaytaran Böyük Qayıdışdan, Qurtuluşdan gedir. Bu, tənəzzül və böhran şəraitində, müstəqilliyi itirmək təhlükəsinin, iflasın astanasında olan Azərbaycan xalqının xilası - 1993-cü ilin iyun ayında Heydər Əliyevin Qayıdışı sayəsində dövlətimizin Qurtuluşudur.

1992-1993-cü illərin mənzərəsi aydın, reallıqlar bəllidir. Həmin vaxt ölkədə AXC-Müsavat cütlüyü idarəetmə sükanının arxasında olsa da, Azərbaycan idarəolunmaz vəziyyətdə idi. Bu situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı. Respublikanı idarə etmək, hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər həm hazırlıqlı, həm də yerində deyildilər. Ölkədə xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı. Ayrı-ayrı qruplar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdi. Özbaşınalıq, özfəaliyyət gündəlik ictimai-siyasi həyat tərzinə çevrilmişdi. Belə bir şəraitdə, hakimiyyət böhranının, qruplararası çəkişmənin ən yüksək həddə çatdığı vaxtda - 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi qrupla hökumət qüvvələri arasında toqquşma baş verdi. Bu, hakimiyyət daxilində iki fərqli qrupun toqquşması idi. Və Azərbaycan vətəndaş müharibəsinə sürüklənirdi.

Tarixi-siyasi məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı xilas edəcək, tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxaracaq lider - şəxsiyyət, inam və etimad ünvanı lazım idi. Bu isə zəngin dövlətçilik təcrübəsinə malik müdrik dövlət xadimi, vətənpərvər şəxsiyyət Heydər Əliyev idi.

Naxçıvandan Bakıya...

Sözügedən hadisələrin ertəsi günü - iyunun 5-də Heydər Əliyevin sədri olduğu Naxçıvan Ali Məclisi bəyanat verdi: “Əziz həmvətənlərimiz! Baş vermiş hadisə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını atan Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab edirik. Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını təcavüzkar Ermənistanın dəyirmanına su tökmək kimi qiymətləndiririk... Belə bir ağır şəraitdə biz, Naxçıvan Muxtar Respublikası xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı birliyə çağırırıq!”.

Azərbaycan xalqı çıxış yolunu müdrik dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasında görürdü. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya QAYITDI, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını öz üzərinə götürdü. İyunun 13-də Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün Gəncə şəhərinə gəldi. Bundan sonra parlamentin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi. Sonuncu dəfə 1991-ci ilin 29-30 avqust tarixlərində respublika Ali Sovetinin sessiyasında çıxış edən Heydər Əliyev təxminən 22 ay sonra yenidən Azərbaycan parlamentinin tribunasından xalqımıza səslənirdi. Tarixin daha bir mühüm anında - taleyüklü məqamında!

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, xalqın, dövlətin və dövlətçiliyin Milli Qurtuluş Günü idi. Həmin gün parlamentin iclasında çıxış edən Heydər Əliyev “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək” ,- deyə inamla və qətiyyətlə bildirmişdi. 24 iyun 1993-cü il tarixində isə parlamentin qərarı ilə Ali Sovetin Sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başladı. Bu, növbəti mühüm qərar - həlledici məqam idi.

Qurtuluş məfkurəsi xilaskarlıq salnaməsidir

Heç şübhəsiz, Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yeri və rolu var. Bu, ilk növbədə, xalq-lider birliyi nəticəsində Azərbaycan dövlətinin müstəqilliyini itirmək, dünyanın geosiyasi xəritəsindən silinmək təhlükəsindən, tənəzzüldən və böhrandan xilas olaraq tərəqqi və yüksəliş, rifah və intibah dövrünə qədəm qoymasıdır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş məfkurəsi, eyni zamanda, Azərbaycan xalqının xilaskarlıq salnaməsidir.

Məkrli planlar və mənfur niyyətlər puç oldu

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa zamanda ölkədə sabitliyin, milli həmrəyliyin və inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün ardıcıl, məqsədyönlü işlər həyata keçirməyə başladı. Xüsusilə də, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması həm sosial-iqtisadi inkişafın, həm də dünya iqtisadiyyatına inteqrasiyanın təmini baxımından mühüm əhəmiyyətə malik idi. Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləyirdi. Amma ölkə daxilində xaos yaratmaq, beynəlxalq aləmdə Azərbaycanı etimadsızlaşdırmaq üçün növbəti həmlələr edildi. Daha dəqiq desək, 1994-cü il oktyabrın 4-də xalqın iradəsinə, milli maraqlara zidd olaraq dövlət çevrilişinə cəhd göstərildi. Vətənpərvər şəxsiyyət, təcrübəli dövlət xadimi Heydər Əliyev çox müdrik bir addım atdı, oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Qısa müddətdə on minlərlə insan öz Liderinin ətrafına toplaşaraq güclü və qətiyyətli dəstək ifadə etdi. Bu, xalq-iqtidar birliyinin, milli həmrəyliyin əyani ifadəsi - bariz sübutu idi. Azərbaycan xalqı bir daha Heydər Əliyevə inam və dəstəyini, dövlətə, dövlətçiliyə sədaqətini nümayiş etdirdi. Beləliklə, xalq-Lider birliyi Azərbaycanın tərəqqiyə və Zəfərə aparan yolunun qarşısını almaq istəyənlərin növbəti mənfur niyyətlərini puç etdi. Ulu Öndər sonrakı vaxtlarda da sabitlik və təhlükəsizliyin qorunmasına, inkişafın təmin olunmasına nail olmaqla güclü və firavan Azərbaycan məqsədini gerçəkləşdirdi.

Sabitlik və inkişaf dövrü

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşüb. Ümumiləşdirsək, qeyd edə bilərik ki, Ümummilli Lider xalqımıza üç böyük miras qoyub:

- Dövlət müstəqilliyi: 1991-ci ildən adı formal müstəqil dövlətlər sırasında yer alan Azərbaycan milli suverenliyini - əsl müstəqilliyini məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra əldə etdi. Azərbaycan dövləti öz resurslarının sahibinə çevrildi, respublikamız beynəlxalq münasibətlər sistemində öz milli-strateji maraqları əsasında təmsil olunmağa başladı. Azərbaycan adı müstəqil siyasət yürüdən dövlətlər sırasında layiqli yerini tutdu. Beləliklə, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin müstəqillik zirvəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik bir dövlətin mənəvi-siyasi ömrünü əks etdirən anlayışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpası 31 ilə yaxın zaman müddətini əhatə etsə də, qət edilən zəngin və şərəfli yola, qazanılan tarixi nailiyyətlərə nəzər saldıqda belə bir qənaətə gəlmək olur: Azərbaycan zaman etibarilə gənc, mahiyyət və keyfiyyətcə kamilliyə, müdrikliyə çatmış müstəqil dövlətdir. Bu, Heydər Əliyev ideyalarının reallaşdırılması sayəsində mümkün olub;

- Zəngin mənəvi-siyasi irs, yaxud Heydər Əliyev ideyaları: Heydər Əliyevin zəngin dövlətçilik irsi, heç şübhəsiz, milli sərvət və mütərəqqi dəyərdir. Heydər Əliyev ideyaları həm XX, həm də XXI əsrdə Azərbaycan dövlətçiliyinin mənəvi-siyasi əsaslarını təşkil edən dəyərlər sistemidir;

- Siyasi varislik: Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişafı, dayanıqlı sabitliyi təmin etmiş oldu. 31 dekabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah və tərəqqi ilə bağlı söz verən cənab İlham Əliyev xalqımıza vədlərini, ata vəsiyyətini yerinə yetirdi. O, inkişafın milli modelini yaratdı, daha güclü Azərbaycan quruculuğuna müvəffəq oldu.

Zəfər marşında...

Bu gün Ulu Öndərin ruhu şad, xalqımızın alnı açıqdır. Çünki Azərbaycan tərəqqi yolunda, Zəfər marşındadır. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə - möhtəşəm Qələbəyə imza atdı! İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. Milli Qurtuluş Günündə - 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə gedən yol da Qarabağın işğaldan azad edilməsindən, Zəfər təqvimindən keçir.

Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq. Başqa sözlə, tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir - Böyük Qayıdışa start verilib.

İki tarixi Qayıdış

Müstəqillik və bütövlükdə dövlətçilik tariximiz iki tarixi Qayıdışla əlamətdardır:

- 1993-cü ilin iyun ayında Heydər Əliyevin Qayıdışı - Azərbaycanın xilası və tərəqqi yoluna çıxması;

- Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə qazanılmış möhtəşəm Qələbə - tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə - hərbi-siyasi əsarətdən xilas edilmiş yurd-yerlərimizə Böyük Qayıdış.

Heydər Əliyev 1993-cü ildə Naxçıvandan Bakıya QAYIDARAQ Azərbaycanın Qurtuluşunu təmin etdi. İlham Əliyev isə QAYIDIŞDAN başlanan - Qurtuluş sayəsində təməli qoyulan Zəfər yolu ilə Azərbaycanı Şuşa zirvəsinə, Qarabağ məqamına yüksəltdi - xalqımızın Böyük QAYIDIŞ arzusunu reallaşdırdı!

Nurlan QƏLƏNDƏRLİ

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xəbəri paylaş