"Uzun illər müharibədən əziyyət çəkən və hələ də müharibə riski ilə üz-üzə olan dövlət kimi Azərbaycan da öz hərbi imkanlarını, müdaifə və zərbə potensialını daim yüksək hərbi hazırlıq səviyyəsində saxlamaq məcburiyyətindədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, ordunun müasirliyi kompleks bir anlayış olduğundan savadlı kadr hazırlığı ilə yanaşı üstün texnoloji silahların istifadəsi də əsas şərtlərdən biridir:
"Lakin hərbi texnologiyaların alımı kimi məsələlər daha çox tərəflər arasında olan siyasi münasibətlərdən aslı olduğu üçün bu proses uzunmüddətli tərafdaşlıq münasibətlərini qoruyub saxlamağı şərtləndirir. Öz növbəsində ölkə rəhbərliyimiz də hər zaman ordu quruculuğunu və müdafiə sənayesini prioritet məsələ kimi diqqətdə saxlayıb və qısa zaman kəsiyində hər iki istiqamətdə ciddi uğurlar qazanılıb. Lakin bu günün reallıqları ilə danışsaq Azərbaycanın hələ ki, tanklar və onun dəstək vasitələri ZTR-lər, Aviasiya vasitələri və onun komponentləri kimi çətin mühəndislik işi tələb edən sistemləri istehsal etmək imkanları yoxdur. Çünki elmi və texnoloji birikimimiz o səviyyədə deyil. Lakin həmin texnoloji üstünlüyü əldə etmək çətin olsa da mümkünsüz deyil".
AVP rəsmisi hesab edir ki, Müdafiə Sənayesi Nazirliyi Türkiyə, İsrail, Pakistan kimi ölkələrin aparacı silah istehsalı şirkətləri ilə istehsal etdikləri silahların bəzi hissələrininin ölkəmizdə istehsalını razılaşdırsa, çox müdrik addım olar:
"Nəticədə silah mühəndislərimiz yüksək keyfiyyətdə təcrübə qazanar, bundan sonra yerli istehsalın həcmi və çeşidində artım əldə etmək olar".
Prəviz Mirizadə onu da deyib ki, silah sənayesi çətin olduğu qədər yüksək maliyyə tələb edən bir sahədir:
"Böyük güclər hər nə qədər demokratiya, dünya üzərində sülh kimi prinsipləri tez-tez dilə gətirsələr də, paralel olaraq inkişaf etmiş və yenilikçi müdaifə sənayesi üçün iqtisadi və insan potensialını maksimum dərəcədə sərf edirlər".
Anar Əliyev