Son vaxtlar orta ümumtəhsil müəssisələrində keçirilən tədbirlər, bayram mərasimləri, buraxılış gecələrində daha çox kriminal aləmdən, oğru dünyasından bəhs edən musiqilər ifa edilir. Şübhəsiz ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır. Az bir hissə bunu normal qəbul etsə də, ancaq əksəriyyətorta məktəblərdə bu kimi halların müşahidə edilməsini kəskin şəkildə qınayır. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Əli İbrahimov deyib ki, valideyin və hüquqşünas olaraq orta məktəblərdəki bu cür meyxana ilə şagirdlərimizin rəqs etmələrini və cinayət aləminə maraq göstərmələrini qəbul edilməz hesab sayır:
"Qanunvericiliyə uyğun biz yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işini təşkil edirik, ancaq bu gün biz islah tərbiyə işini orta məktəblərdən başlamalıyıq. Cinayət törətmiş şəxslərin gələcək adaptasiyasını fikirləşdiyimiz halda effektiv olar ki, törədilmiş cinayətin qarşısını hər bir şəxs üzərinə düşən vəzifəsini yerinə yetirməklə almağa calışsın. Valideyin valideyin kimi, müəllim müəllim kimi, ağsaqqal ağsaqqal kimi və sair".
Hüquqşünas deyib ki, məktəb yaşlı uşaq və yeniyetmələrin bu cür mənfi təsirlərə düşməsində sosial şəbəkələrin və informasiyanın rolu da az deyil:
"Biz uşaqlığımızda roman qəhrəmanlarına, kosmonavtlara, generallara, müəllimlərimizə, dastan qəhrəmanlarına bənzəmək arzusuyla böyüyürdük. İndiki nəsil "vurub-tutan", "asıb-kəsən", "söhbət həll edən" cayıllara bənzəmək istəyir. İnternetlə evimizə soxulan bu informasiyaların da uşaqların formalaşmasında rolu danılmazdır. Bütün bunların qarşısını almaq üçün övladlarımıza alternativlər təqdim etməli, onların təhsilə və faydalı işlərə yönəlməsinə çalışmalıyıq. Bu baxımdan məktəbin, müəllimlərin, ümumilikdə təhsil sistemimizin məsuliyyəti böyükdür. Məktəblərdə faydalı dərnəklər, klublar fəaliyyət göstərsə, yeniyetmələrimiz maraq dairələrini genişləndirə və təkmilləşdirə bilərlər".
Əli İbrahimov hesab edirəm ki, gənc nəslin təlim-tərbiyəsi, formalaşması üçün diqqətli valideynlərlə yanaşı, vicdanlı və məsuliyyətli müəllimlər olmalıdır:
"Təhsilin keyfiyyəti və səviyyəsinin getdikcə aşağı düşməsi, sosial şəbəkələrin populyarlaşması, dağılan ailələr, gərgin ailə münasibətləri övladlarımız üçün narahat olmağımıza əsas səbəblərdəndir. "Vorzakon"lara, avtoritetlərə nəğmələr qoşulan, meyxanalar yazılan bir cəmiyyətdə övladlarımızı qorumaq olduqca çətindir. Sosial şəbəkələrdə ziyanlı, əxlaq və tərbiyədən uzaq, təhlükəli dərəcədə qərəzli kontentlərin çoxalması və əlçatan olması ciddi təhlükədən xəbər verir. Bunların aradan qaldırılması üçün mütəmadi olaraq müəllim, məktəb və valideyn üçbucağında ciddi işlər görülməlidir".
Anar Əliyev