"Əgər diqqət etsək görərik ki, Ermənistan tərəfindən bu cür təxribatlar, diversiyalar bir qayda olaraq əsasən sülh danışıqları intensivləşəndə, hansısa müqavilənin imzalanmasına yaxınlaşıldığına dair açıqlamalar veriləndə baş verir. Bu onu göstərir ki, Ermənistandakı revanşist qüvvələr, həmçinin Qarabağdakı separatçılar xarici təsir dairələrinin sövqetməsi ilə sülh danışıqlarını pozmağa çalışırlar".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə son günlər şərti sərhəd boyunca baş verən erməni təxribatlarına münasibət bildirərkən səsləndirib. Yusif Bağırzadə daha sonra deyib:
"Necə ki, 2022-ci ilin avqustunda artıq sülh müqaviləsinin imzalanacağına dair açıqlamalar gəldiyi bir vaxtda Ermənistanın sərhəd boyunca atəşkəs rejimini pozması və sentyabr döyüşlərinin başlaması ilə sülh prosesi pozuldu, indi də buna oxşar ssenarini həyata keçirmək üçün cəhdlər edilir. Çünki Ermənistan hələ də müstəqil ölkə ola bilmədiyi üçün müstəqil siyasət həyata keçirə bilmir və nəticədə ayrı-ayrı ölkələrin təzyiqləri ilə hərəkət etmək məcburiyyətində qalır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və ümumiyyətlə, regionda sülh olmasını istəməyən qüvvələrin sayı isə kifayət qədərdir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə hər iki ölkəyə təzyiq imkanlarını itirəcəyini dərk edən Rusiya, bunu həm də Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi kimi qiymətləndirir. Çünki sülh varsa, o zaman nə sülhməramlı kontingentə, nə də Ermənistandakı hərbi bazaya ehtiyac qalmır. Rusiyanın regiondan sıxışdırılması və Cənubi Qafqazda bu və ya digər şəkildə təmsil olunmaq istəyən digər beynəlxalq güclər isə münaqişənin uzanmasına öz maraqlarının təmin etmək imkanı kimi baxırlar. Eyni şəkildə İran da Azərbaycanla Ermənistan arasında sülhü özü öçün təhdid olaraq görür. Odur ki, müxtəlif dairələr bir tərəfdən Ermənistandakı revanşist qüvvələri hərəkətə keçirməklə Paşinyana təzyiq edir, digər tərəfdən isə atəşkəsin pozulmasını stimullaşdırmaqla sülh prosesini uzatmağa cəhdlər edirlər. Yəni qısası həm ABŞ, həm Rusiya, həm İran, həm də Avropa İttifaqının ayrı-ayrı təmsilçiləri, xüsusilə də, Fransa Azərbaycanla Ermənistanın münasibətlərinə yalnız öz maraqları prizmasından yanaşırlar".
Anar Əliyev