Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya kritik qərarını elan etdi – Tarixi həmlənin Xankəndi tərəfi

Rusiya kritik qərarını elan etdi – Tarixi həmlənin Xankəndi tərəfi


Rusiya Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) konsulluq açacaq. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Moskvanın bu barədə müraciət ediyini açıqlayıb.

Rusiyanın Kipr səfirliyindən bir səlahiyyətli isə tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlarını, işlərin müntəzəm həyata keçiriləcəyini vurğulayıb.

ŞKTC-nin müstəqilliyi tanınır?

Moskva faktiki olaraq Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmağa qərar verdiyini bəyan edib. Bu qərar başda Prezident Ersin Tatar olmaqla, ŞKTC rəsmiləri tərəfindən müsbət qarşılanıb.

Bu qərar ŞKTC-nin tanınması istiqamətində atılan ilk addım kimi şərh edilir.
Rusiya isə bu addımının siyasi məzmun daşımadığını, sadəcə, həmin bölgədə yaşayan ruslar üçün vacibliyi baxımdan belə bir qərarın verildiyini deyir.

Prinsip etibarilə Moskvanın ŞKTC-də konsulluq açması müstəqilliyini tanımaq mənasına gəlmir. Bunu anlamaq üçün ilk növbədə konsulluğun nə olduğunu başa düşmək lazımdır. Konsulluq mahiyyət etibarilə səfirliyin kiçik formasıdır. Konsulluq təmsil olunan ölkə vətəndaşlarının pasportları və konsulluğun ölkəsinə səyahət etmək istəyən xarici vətəndaşların vizaları ilə əlaqəli məsələlərlə məşğul olur. Həm də vətənə aid olan vətəndaşların doğum, nikah, boşanma və ölüm qeydlərini aparır.

Rusiya ilk ölkə deyil ki, ŞKTC-də konsulluq açır. Bu gün ABŞ, İngiltərə, Almaniya, İtaliya ve Fransanın da ŞKTC-də konsulluğu var. Lakin bu o demək deyil ki, həmin ölkələr ŞKTC-nin müstəqilliyini tanıyır.

Lefkoşadan sonra sıra Xankəndidədir?

Əslində, Moskvanın Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmaq qərarı başda Azərbaycan olmaqla bütün türk respublikalarını sevindirəcək bir addım olmalıdır. Lakin burada bizi narahat edən məqamlar da var.

Kreml ŞKTC-də konsulluq açmasının Türkiyə və digər türk cümhuriyyətləri tərəfindən müsbət qarşılanacağını bilir. Nəticə etibarilə ŞKTC yekdilliklə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi də seçilib.

Rusiyanın konsulluq açmaq arqumenti diqqət çəkir: həmin bölgədə yaşayan ruslar üçün vaciblik baxımdan belə bir qərar verilib. Bu gün ŞKTC-də 50 minə yaxın Rusiya vətəndaşının yaşadığı deyilir. Yəni konsulluq onlar üçün açılıb.
Narahatlıq yaradan məqam Rusiyanın bənzər arqumenti əsas gətirərək Xankəndidə də konsulluq açmaq ehtimalıdır.

Düzdür, indiyə qədər Kremlin belə təşəbbüsü olmasa da, bu, heç olmayacağı mənasına da gəlmir.
Birincisi, bu gün Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin əksəriyyəti ya Ermənistan, ya da Rusiya pasportu daşıyır. Çox az qismi qondarma qurumun verdiyi “pasportu” daşıyır. Bunu Laçın buraxılış məntəqəsi ilə gedib-gələn ermənilərin siyahısından da görmək olar.

İkincisi, 10 noyabr bəyanatının müvafiq bəndinə görə, Xankəndi və ətraf ərazilərdə 1960 sülhməramlı fəaliyyət göstərir. Biz bu sayın süni şəkildə artdığını və hazırda qeyd olunan rəqəmdən çox olduğunu bilirik. Paralel olaraq sülhməramlıların bir çoxunun ailə üzvünü də Xankəndi və ətraf ərazilərdə yerləşdiyi bəllidir. Bu o mənaya gəlir ki, Qarabağda düşünüləndən çox Rusiya vətəndaşı yaşayır.

Rusiya təkcə bu iki arqumenti əsas gərtirib Xankəndidə konsulluq aça bilər. Rəsmi Bakı buna etiraz etdiyi halda Xankəndinin Azərbaycan ərazisi olduğu və konsulluğun Azərbaycanda açılacağını deyə bilərlər.
Nəticə etibarilə bunlar ehtimal olsa da, qabaqlayıcı addımların atılmasında fayda var.

Turan Rzayev-politoloq
Xəbəri paylaş