
"20 sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günü ölkəmizin ərazi bütövlüyünün rəmzidir. Azərbaycan xalqı əsrlər boyu qarşılaşdığı iqtisadi, siyasi və hərbi çətinliklərə baxmayaraq, daim mübarizə aparmış və müstəqil, tam süveren dövlətini qurmağa nail olmuşdur.
Bu gün artıq Azərbaycan tam bərpa olunmuş ərazi bütövlüyünə sahibdir".
Newscenter.az xəbər verir ki, bunları "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. O deyib ki, 30 ildən çox Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Ermənistan torpaqlarımızı işğal etdi, Qərbi Azərbaycanda soydaşlarımızı öz doğma torpaqlarından didərgin saldı, etnik təmizləmə həyata keçirdi, şəhər və kəndlərimizi darmadağın edərək, tarixi və mədəni irsimizi məhv etdi, Xocalı soyqırımını törətdi:
*2020-ci ildə 44 gün davam edən müharibədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, qəhrəman hərbçilərimizin, xalqımızın rəşadəti, şücaəti ilə, şəhidlərimizin qanı bahasına işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi. Azərbaycan tarixi ədaləti bərpa etdi.
Daha sonra 2023-cü ilin sentyabr ayında Qarabağda genişmiqyaslı təxribatların qarşısının alınması üçün antiterror əməliyyatı keçirildi. Əməliyyat nəticəsində qondarma Dağlıq Qarabağ rejimi öz fəaliyyətini dayandırdı və Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi".
İctimai birlik sədri deyib ki, bu hadisələrdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi qeyd olunur:
"Eyni zamanda, Prezidentin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi.
Bu gün Azərbaycan tam suveren dövlət kimi daxili sabitliyi, ərazi bütövlüyü və toxunulmaz sərhədləri ilə dünya miqyasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Dövlət suverenliyimiz və müstəqilliyimiz əbədidir!
Dövlət Suverenliyi Günümüz mübarək!".
Süleyman