"Türk əsgərinin qəhrəmanlığı heç vaxt unudulmayacaq". Newscenter.az xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Bakının bolşevik-daşnak işğalından azad edilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 105 il ötür:
"Məlumdur ki, 1918-ci ildə öz müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Belə ki, Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin çoxu, o cümlədən də Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş qüvvələrin işğalı altında idi. Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr hələ formalaşmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətdən sonra Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Nuru paşa ordunun komandanı təyin edildi.
Məlumat üçün bildirim ki, 1918-ci il avqustun 5-də Qafqaz İslam Ordusu qüvvələri tərəfindən Bakı şəhərinin təmizlənməsi üçün başlanılan ilk irimiqyaslı hücum gözlənilən nəticəni vermədi. Qafqaz İslam Ordusunun qüvvələri Qurd qapısı istiqamətindən başlanan hücumda bu yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirsələr də, döyüşün inkişaf etdirilməsi üçün yaranan təchizat çətinlikləri üzündən sonradan əvvəlki mövqelərinə geri çəkilmək məcburiyyətində qaldılar. Lakin bu hal Qafqaz İslam Ordusu komandanlığının iradəsini qıra bilmədi. Dərhal Bakı üzərinə növbəti uğurlu hücumun təşkil edilməsi üçün zəruri hazırlıq tədbirlərinin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə başlandı. Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyasının göndərilməsi haqqında məsələ qaldırıldı. Bu məsələ ilə bağlı Türkiyə Hərbi Nazirliyinə müraciət edildi. Bakı şəhərinin ən qısa zamanda azad olunmasını arzulayan Ənvər paşa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyasının Bakı ətrafına göndərilməsi haqqında sərəncam verdi".
Politoloq deyib ki, eyni zamanda Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə səfərbər edilməsi üçün lazımi tədbirlər görüldü:
"Bakı ətrafındakı milli qüvvələrə kömək məqsədilə Ağdaş alayının bölmələri bura gətirildi, Qazax və Gəncə ətrafında toplanmış milli qüvvələrin Bakı ətrafına göndərilməsinə göstəriş verildi.
Sentyabrın 6-da Türkiyədən əlavə olaraq göndərilən 15-ci piyada diviziyası Azərbaycan gəldikdən sonra sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Azərbaycan Korpusunun komandanı Əlağa Şıxlinski Bakı ətrafına gəldilər və beləliklə sentyabr ayının 13-də Nuru paşa Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzaladı. Nəticədə 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri işğaldan azad etdi. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulmuş oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Sözsüz ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı və bundan sonra nə qədər illər keçməsindən asılı olmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq".
Mehman Mehdiyev