"2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat özündə təkcə hərbi əməliyyatların dayandırılmasını ehtiva etmirdi. Bu bəyanat həm də Ermənistanın hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək ağır məğlubiyyətini qəbul etməsinin, kaputilyasının təcəssümü idi. Bəyanatın imzalanması uzun illər davam edən işğala son qoydu və bununla da münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qaytarıldı".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Bəyanatın imzalanması həm də ümumxalq birliyinin təntənəsidir:
"Müharibənin gedişində bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Məhz bu səbəbdən əminliklə demək olar ki, xalq-dövlət, xalq-ordu birliyi qələbəmizin ideoloji təməlini təşkil etdi".
Yusif Bağırzadə deyib ki, bununla yanaşı üçtərəfli bəyanat həm də uzun illər ərzində mövcud olmuş status-kvonu da dəyişmiş oldu:
"Azərbaycan ordusunun Zəfər yürüşü nəticəsində imzalanan bu sənəd Azərbaycanın maraqlarına tam uyğundur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmaq üçün qrafik təqdim etməyə məcbur oldu. Nəhayət, Qarabağa heç bir status verilmədi və hazırda "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Artıq Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və bir sözlə bütün torpaqlarımızda müqəddəs bayrağımız dalğalanır".
Politoloqun qənaətincə, bəyanatı vacib edən digər bir mühüm məqam isə heç şübhəsiz ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılacağını ehtiva edir:
"Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması isə böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Ümumiyyətlə isə deyə bilərəm ki, regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.
Beləliklə demək olar ki, Bəyanat Rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoymuş oldu. Nəticədə Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bütün dünya gördü ki, Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası öz bəhrəsini verdi və Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mif 44 günə darmadağın oldu".
Anar Əliyev