"Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanı buxovlandığı konfliktlərdən çıxardaraq Qərbə istiqamətləndirmək siyasi xəttini tutdu. Buraya qonşu ölkələrlə münasibətləri normallaşdırmaq və Qarabağ problemi ətrafında razılaşma əldə edilməsi daxil idi. Paşinyanın planlarının əksinə olaraq Qarabağ məsələsi Azərbaycanın hərbi üstünlüyü ilə həllini tapdı. Bununla da qonşu ölkələrlə münasibətlərin nizamlanması prosesinə start verildi. Ermənistanın hazırda KTMT-yə soyuq münasibəti, əslində təqdim edildiyi kimi, Qarabağ müharibəsində Rusiyanın Ermənistanı müdafiə etməməsi ilə bağlı deyil. Bu Ermənistan rəhbərliyinin məqsədyönlü siyasətidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli Ermənistanın KTMT-dən çıxması barədə Paşinyan hakimiyyəti tərəfindən ortaya qoyulan mövqeyə münasibət bildirərkən səsləndirib. Politoloqun sözlərinə görə, amma nəzərə almaq lazımdır ki, Ermənistan çoxsaylı sahələrdə - hərbi, təhlükəsizlik, iqtisadi və s. Rusiyaya bağlıdır:
"Ona görə də Ermənistanın Rusiyadan qopması tez və asan başa gəlməyəcək. Həm də, üstəlik, Rusiyanın da bu cür cəhdləri bəyənmədiyini nəzərə alsaq, Ermənistan rəhbərliyinin mövcud dəst-xətti onlara baha başa gələ bilər. Bu məsələyə münasibətdə bir nüansı da unutmamağımız lazımdır. Ermənistan hər zaman kənar güclərin əlində regional alət rolunu oynayıb. İndi də Qərbin əlində Rusiya və digər region dövlətlərinə müdaxilə üçün plastarma çevrilməkdədir".
Mütəllim Rəhimli deyib ki, ABŞ və Qərb ölkələrinin səfirliklərində "diplomat" adı altında fəaliyyət göstərən çoxsaylı personal Ermənistan üçün Rusiyaya qarşı təhrikedici qüvvə rolunu oynamaqdadır:
"Belə çıxır ki, Ermənistanın KTMT-dən çıxması üçün alternativləri bağlanır və o buna sürüklənir. Bu isə onu göstərir ki, getdikcə münaqişələrin artığı indiki zamanda Cənubi Qafqazda da yeni aktiv qarşıdurma başlaya bilər. Azərbaycan tərəfi regional münasibətlərə yanaşmasında bütün bunları nəzərdən qaçırmamalıdır".
Anar Əliyev