Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atasızlıqda atalı günlərin anıları

Atasızlıqda atalı günlərin anıları


Rayona çatar-çatmaz yenə də həmişəki qaydada avtovağzalda avtobusdan enərək taksiyə əyləşirik. Ata ocağına getmək üçün. Axşama doğrudur. Günəş də artıq öz "ocağına" çəkilib. Göy üzündə qalan isə yalnız onun işıltısıdır.

Şəhər daxilində hərəkət edən taksi küçələrdə adda-budda rast gəlinən elektrik dirəklərindən süzülən zəif işıq selinin ətrafda yaratdığı aydınlığın fonunda mənzil başına yaxınlaşır. Yol boyu düşüncələr, xəyallar böyüyüb boya-başa çatdığım küçəyə, evə yaxınlaşdıqca bir-birinə qarışır, bir tərəfdən xəyallarım bir ümid yaradır, digər tərəfdən o ümidi yerə vurur, param-parça, çilik-çilik edir. Beynimdə qaranlıq suallar dolaşır. Həm də cavabı olmayan. Əslində həmin suallara avqustun 22-də birdəfəlik, ömürlük cavab verilmişdi.

***

Əyləşdiyim taksi küçəyə girər-girməz yenə öz-özümə deyinirəm. Bax, yenə bu soyuqda qapıda gözləyirlər. Axı, nə ehtiyac var? Nə üçün özünüzə zülm edirsiniz? Ancaq 22 avqust tarixi yadıma düşüncə bütün xəyallarım alt-üst olur. Bəlkə də bir yuxudur, bəlkə də həqiqət deyil deyə, zənn edərək taksidən gözlərimi qapımıza zilləyirəm. Axı, atamla-anam qapıda gözləməli idilər. Bu mümkün deyildi ki, bizim Bakıdan gəldiyimizi bilib səbrsizliklə qapıda gözləməsinlər. Çünki bu onlar üçün həyatda var olduqları müddətdə dəyişilməsi mümkün olmayan bir hal, aksioma idi. İstər yağış yağsın, istər qar, istər günəş olsun, istərsə də külək, mütləq bizləri qapıda oturub qarşılayardılar. Taksidən düşərkən onların gözlərində yaranan sevinci, fərəhi görməmək mümkün deyildi. Övlad sevgisini bilənlər bunu yaxşı anlarlar.

Bəlkə də həyətə keçiblər, indi çıxarlar, deyə düşünürəm. Gözlərim hey qapıdadır. Taksi isə asta-asta qapıya yaxınlaşır. Tam sakitlik, sükut hökm sürür. Hər zaman bizi qapıda oturub qarşılamağa adət etmiş atam yoxdur artıq. Atasızlığı, yetimliyi ilk hiss etdirən bu mənzərədir mənə.

Əslində atasız, yetim qaldığımı elə avqustun 22-də, Onu öz əllərimlə qara torpağa qoyanda nə qədər acı da olsa, qəbul etdim. Ona qədər ümidim çox idi. Bəlkə klinik ölümdür, bəlkə ürəyi tam dayanmayıb. Hətta yuyucunun yanından da sona qədər tərpənmədim, bəlkə isti su dəyəndə ayılar deyə. Ancaq Onu əllərimlə torpağa qoyanda bütün ümid və arzularım puç oldu. Mənim üçün yetimlik, atasızlıq məhz həmin andan başladı.

***

Arzulardan söz düşmüşkən, arzuları çox idi. Halal zəhmətiylə bir tikə çörək qazanıb bizi böyütmək üçün illərlə alnında yaranmış tər, ağır, çətin işlərdən sonra meydana gəlmiş əllərindəki qabar, vaxtından əvvəl ağarmış ağ saçlar qədər çox. Ancaq hamısı da Onun həyat fəlsəfəsinə uyğun olaraq hallalığa söykənərək, halal zəhmətlə baş tuta biləcək arzular idi. "Məhəmməd istədiyi universitetə girsin həyətdə geniş bir stol açarıq qohum-əqrəba ilə" deyirdi. Nəvəsi istədiyi universitetə, Türkiyənin Hacəttəpə Universitetinə qəbul olundu. Hətta həyətdə stollar da açıldı, məclis də quruldu. Qohum-əqrəba da gəldi. Ancaq təəssüflər olsun ki, həmin məclisdə O cismən yox idin. Başqalarını bilmirəm, ancaq mən Onu həmin məclisdə görürdüm. O, ruhən oradaydı. Üzü gülürdü, ruhu şad idi. Bütün halda həyətdə stol açıb qohum-əqrəbanı başına toplaya bilmişdi. Özü də hər zaman deyirdi ki, xeyirlə şər qardaşdır.

"Bircə Füzulini prokuror geyimində görsəm dərdim olmazdı" deyirdi. Ömür qismət etmədi. Babası nəinki Füzulini prokuror geyimində görə bildi, hətta Türkiyədən gəlib Onun hüzüründə, yas mərasimində iştirak edə, Onunla vidalaşa bilmədi nəvəsi. Bilirəm ki, buna görə ya məni, ya da nəvəsi Füzulini qınamayacaqdı. Çünki O gözəl bilirdi ki, mən belə məsələlərdən ötrü kiməsə ağız açan deyiləm. Həmin ərəfədə maddi durumum isə nəvəsini Onunla viladalaşmaq üçün Türkiyədən Azərbaycana gətirməyə imkan vermirdi.

Ancaq heç şübhəm yoxdur ki, O, nəvəsini prokuror geyimində görə biləcək. Arzuladığı geyimdə nəvəsi gəlib Onun məzarını ziyarət edərkən O da rahatlıq tapacaq, mən də, elə nəvəsi də.

Etiraf edim ki, reallığı qəbul etməklə yanaşı, hələ də ümidlərlə yaşayıram. Hələ də qapını açıb evə daxil olanda ənənəvi olaraq masanın baş tərəfində Onun əyləşdiyi stul diqqətimi çəkir. Bəlkə yenə də orada əyləşib deyə. Ancaq yanılıram, indi stul da mənim kimi yetim qalıb. Heç kim də Onun yerində oturmağa cürət etmir. Mən özüm də. Xəstə olduğu günlərdə əyləşdiyi kresloya yaxınlaşıram, anılarını yada salmaq, Onunla söhbətləşmək, nəyə ehtiyacı olduğunu, ağrayıb-ağramadığını soruşmaq üçün. Ancaq bacarmıram. Tez də kənara çəkilirəm. Bəlkə də, O məcbur edir, uzaqlaşdırır məni özündən. Son nəfəsində yanında olmadığım üçün. Bəlkə də nəsə deyəcəkdi, nəyisə vəsiyyət edəcəkdi. Kaş son nəfəsində əllərindən tutub Onun gözlərinə baxa bilsəydim. Bilirəm gözləri bizi necə axtarıb həmin anlar, dəqiqələr. Hər dəfə otağa qohum-əqrəba daxil olanda bilirəm nələr çəkib. Əvvəl uşaqlar gəldi deyə düşünüb, hansı sevinc hissini keçirib, sonra necə məyus olub. Bəlkə də buna görədir ki, yuxularıma da gəlmir və məni atasızlıqda atalı günlərimin anıları ilə baş-başa buraxır. Çox istəyirəm ki, yuxularıma gəlsin və olub keçənlərdən danışaq, dərdləşək ONUNLA!

Süleyman İsmayılbəyli
Xəbəri paylaş