Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tezliklə Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq

Tezliklə Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq


Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bir hadisədir. Xatırlatmaq istərdim ki, Birinci Qarabağ savaşında Ağdam uğrunda 42 gün davam edən döyüşlər 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuş, rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Onu da qeyd etməliyəm ki, o zaman Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından ermənilərin Ağdamı işğal etməsi qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir. 1993-cü il 29 iyul tarixində həmçinin BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Lakin həm Ermənistan tərəfinin beynəlxalq qanunlara tabe olmaqdan yayınması, həm də Beynəlxalq təşkilatlar və ATƏT Minsk Qrupu həmsədr ölkələrinin işğalçıya təzyiq göstərməməsi nəticəsində qəbul olunmuş qətnamələr kağız üzərində qalmışdı.

Beynəlxalq birliyin susqunluğu isə rəsmi İrəvanın öz cinayətlərini davam etməsinə şərait yaratmış, Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdi. Bu vəhşiyin nəticəsidir ki, xarici və yerli jurnalistlər, eləcə də Ağdama səfər edən ayrı-ayrı ölkələrin təmsilçiləri Ağdamı Qafqazın Xirosiması adlandırıblar.

İndi Ağdam azaddır və işğaldan azad olunmuş digər rayonlarımız kimi, Ağdamda da bərpa quruculuq və yenidənqurma işləri həyata keçirilir. Xatırlayırsınızsa 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edərkən prezident “bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır” demişdi. Keçən dövr ərzində həyata keçirilmiş layihələrə, görülən işlərin miqyasına baxdıqda həqiqətən də tam əminliklə söyləmək olar ki, tezliklə Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq və Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir.

Yusif Bağırzadə-politoloq
Xəbəri paylaş