"Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ilin mart ayının 26-da Özbəkstanın paytaxtı Daşkənddə xüsusi Bəyannamənin qəbul edilməsi ilə yaradılmışdı. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Bu Proqramın qəbulunda əsas məqsəd region dövlətləri arasında əməkdaşlığı hərtərəfli inkişaf etdirmək və regionun iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyanı dəstəklənməkdir".
Bu fikirləri Newscenter-az-a "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən zirvə görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, bu gün dünyada qloballaşmanın sürətlə davam etdiyi bir dönəmdə, region ölkələrin qarşılıqlı əlaqələr şəraitində fəaliyyəti daha böyük səmərə gətirə bilir:
"Ölkələr regional layihələri birgə reallaşdırmaqla böyük iqtisadi və eyni zamanda siyasi dvidendlər qazanmaq imkanlarına sahiblənirlər.
SPECA Proqramə çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri şərqlə qərb arasında yükdaşımalar sahəsində daha optimal layihələri reallaşdırmaqdır. Hər kəs bilir ki, Çinin “bir kəmər bir yol” layihəsi böyük regionun onlarla ölkəsini əhatə edir. Bu layihənin Mərkəzi Asiya ölkələri üçün əhəmiyyəti xüsusilə böyükdür. Çünki Azərbaycan daxil, SPECA Proqramına üzv ölkələrin hamısı şərqlə qərbi birləşdirə biləcək yolların üzərində yerləşirlər. Bu baxımdan həmin yolların bu ölkələrin üzərindən keçməsi ən əlverişli variantdır. Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar və onların getdikcə sərtləşdirildiyi bir dönəmdə şərqlə qərb arasında yüklərin bu ölkədən kənar yollarla daşınması bir zərurətə çevrilir".
Fikrət Yusifov deyib ki, SPECA Proqramına üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün bir çox digər istiqamətlərdə, o cümlədən energetika sahəsində əməkdaşlıq da faydalı olardı:
"Orta Asiya ölkələrinin demək olar ki, hamısında yaşıl enerji resursları böyükdür. Bu sahədə əməkdaşlığın geniş perspektivləri var. Eyni zamanda bu ölkələrin neft-qaz resurslarının Qərb bazarlarına çıxarılmasını hədəfləyən Boru nəqliyyatı üzrə layihələrin də reallaşdırılması imkanları genişdir".
Anar Əliyev