"SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramdır və bu Prqoram 1998-ci ildə yaradılıb. Bu dəfəki Zirvə görüşü SPECA-nın 25-ci ildönümünə həsr olunub və hal-hazırda sədrliyi Azərbaycan həyata keçirir. Məlumdur ki, proqramın üz dövlətləri qismində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan çıxış edir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, SPECA Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsidir:
"Son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq platforması yaradılıb. SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir".
Politoloq qeyd edib ki, zirvə görüşündə müzakirə olunacaq məsələlər təkcə bizim regionumuz üçün deyil, dünya ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir:
"Belə ki, görüşdə həm siyasi, həm ticarət-iqtisadi, həm də mədəni-humanitar məsələlər, o cümlədən “yaşıl enerji” layihəsi və Qara dənizin dibi ilə elektrik kabelin çəkilməsi məsələsi müzakirə olunacaq. Təbii ki, logistika məsələləri, nəqliyyat dəhlizi, bu istiqamətdə yeni layihələrin başlanması da diqqət mərkəzində olacaq. Vacib məsələlərdən biri də bu ilin sonuna tikintisinin və genişləndirilməsinin başa çatdırılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.
Təbii ki, regional əməkdaşlıq qlobal inkişafa təkan verir. Belə münasibət həm də təhlükəsizliyin təmin olunması üçün şərait yaradır ki, Azərbaycan da bu istiqamətdə aparıcı yerlərdən birini tutur. Əslində, Azərbaycanla Mərkəzi Asiya ölkələrini qədim tarixi mədəni, iqtisadi, etnik və başqa amillər bağlayır. Bu əlaqələr sovetlər dönəmində də davam edib. Müstəqillik dövründə isə Azərbaycan və Mərkəzi Asiya ölkələri bir sıra ortaq layihələrdə iştirak edirlər. Bunlardan biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi layihəsidir. SPECA-da iştirakçı ölkələrdə hazırda siyasi sabitliyin hökm sürməsi də regional əməkdaşlıq üçün münbit şərait yaradır. Bu isə onu başqa bölgələrdən müsbət mənada fərqləndirən başlıca cəhətlərdəndir. Sabitlik bu Proqramı başqa ölkələr üçün də cəlbedici edir".
Anar Əliyev