Bu gün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsinin 3-cü ildönümüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Bu, tarixi Qələbə günlərimizin əbədiləşdirilməsinə xidmət edən təqdirəlayiq bir təşəbbüsdür.
1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsindən ibarət olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra rayon talan edilərək, onun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, Ermənistan digər qətnamələr kimi onu da icra etmirdi. Nəhayət, digər qətnamələr kimi, bu qətnamənin də icrasını Azərbaycan öz gücünə təmin etdi.
44 günlük Vətən müharibəsində gedən döyüşlər zamanı Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Kəlbəcərin şimal hissəsindəki strateji yüksəkliklər bizim nəzarətimizə keşdikdən sonra erməni silahlı qüvvələri Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər.
Vətən müharibəsində əldə etdiyimiz Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının daim artdığını göstərir.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər rayonunda da sürətli bərpa-quruculuq işləri gedir, infrastruktur layihələri icra olunur.
Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb.
Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində ümumilikdə 487 ailənin, Zar kəndində isə ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.
Burada 3,26 hektar ərazidə ilk yaşayış məhəlləsi layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Görülən bütün bu nəhəng işlər Kəlbəcərin tezliklə doğma sakinlərinin ixtiyarına veriləcəyi günlərin yaxında olduğunu göstərir.
Jalə Əhmədova -Milli Məclisin deputatı